Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2022-ci ildə itirdiklərimiz, bitirdiklərimiz və qazandıqlarımız – Surə Seyid yazır

66 Baxış

Bir ilin də sonuna gəldik… Nələr yaşamadıq bu 365 gündə?! Müharibə xəbəri ilə başlayan 2022-ci il tarixin ən ağır ili kimi yadda qaldı… Bir ildə yüz minlərlə insanın müharibələrdə və iğtişaşlarda ölüm xəbərini aldıq, böyük dövlətlərin böyük siyasətinin şahidi olduq, böyük bizneslərin bir gündə yox oluşunu, yoxların bir gündə var oluşunu izlədik.

Şərqdə inqilablar, Qərbdə siyasi-ictimai mühitdə çalxalanmalar, göydə yeni peyklər, şəhərsalma planları, Marsa səyahət xəbərləri eşitdik. Bu xəbərlər fonunda yerin-göyün “sahibi” olub, böyük dünyamızı idarə etmək istəyən Bill Qeyts, İlon Mask, Mark Zukerberq və digər superinsanların yeniliklərini öyrəndik, onları yenidən kəşf etdik.

İlə damğa vuran hadisə isə Rusiya-Ukrayna müharibəsi və bu müharibənin gedişatının dünyanın siyasi fikir arenasını iki yerə bölməsi idi. Dünyamız 3-cü dünya müharibəsini qəbul etməsə də, bu hadisə dünya miqyasında müharibələr tarixinin ən qanlı səhifəsi oldu.

İlin ən mühüm hadisələrindən biri İngiltərə Kraliçasının vəfatı və oğlu Çarlzın uzun illərdən sonra arzusunda olduğu hakimiyyətə gəlməsi, baş nazir Boris Consonun istefası, yerinə qadın namizəd – Liz Trassın seçilməsi, onun qısa müddətdə istefası və İngiltərə tarixində ilk dəfə hind əsilli baş nazirin seçilməsi idi.

İlin ən qalmaqallı hadisəsi İlon Maskın “Twitter”i satın alması ilə bağlı il ərzində verdiyi qərarlar, onun ətrafında baş verən maraqlı hadisələr və fantastik qiymətə onu satın alması ilə bağlı oldu. Bu hadisələrin sosial şəbəkələrin aktivləşməsi və rəqabətə girməsində də xüsusi payını qeyd etmək yerinə düşər.

İlin ən kədərli hadisəsi İranda Qadın azadlığl ilə bağlı baş verən iğtişaşlar və bu iğtişaşların qurbanı olan yüzlərlə gəncin faciəli həyatıdır. İranda qadın inqilabı ilə başlayıb, azadlıq idealları ilə davam edən hadisələr hələ də səngimək bilmir və görünən odur ki, İran tarixinin ən mühüm və gələcək müqəddəratını həll edəcək dövrünü yaşayır.

İlin ən çox müzakirə olunan siyasi xadimləri Vladimir Putin, Volodimir Zelenski, Co Bayden, Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Emmanuel Makron oldu. Putin aqressivliyi, Zelenski səmimiliyi, Bayden qeyri-adi davranışları, Ərdoğan sülh çağırışları, Əliyev siyasi gedişləri, Makron isə gülüş doğuran davranışları və addımları ilə gündəm oldu.

İlin ən gözəl xəbəri futbolla bağlıdır. Dünya kuboku uğrunda mübarizədə dünyaşöhrətli futbolçu Messinin möhtəşəm oyun nümayiş etdirməsi və qızıl kubokun Messiyə xüsusi təmrətəraqla təqdim olunması futbolsevərləri, hətta futbol sevməyənləri belə sevindirdi. Çünki haqlı olan, haqqı olan qalib gəldi. Xüsusən də ərəb ölkəsinin bu ədalətli yarışmaya evsahibliyi etməsi Şərq və Qərbin yaxınlaşması baxmından xüsusi əhəmiyyət kəsb etdi.

Azərbaycana gəldikdə isə 2022-ci ili ölkəmiz üçün yenidən həyata qayıdış ili də adlandlrmaq olar. Azərbaycanda siyasi gündəm ölkə başçısının sərt çıxışları, məmurlarla bağlı gördüyü tədbirlər, siyasi idarəetmədə yeniliklər, ən əsası Qarabağın və xüsusən Şuşanın yenidən qurulması ilə bağlı idi. Bu dəyişiklərin ən böyüyü isə müstəqillik illərində ilk dəfə olaraq Naxçıvanda hakimiyyətin dəyişdirilməsi və yeni idarəetmə mexanizminin tətbiqidir.

Beləcə, ötənləri, olanları ümumiləşdirib yığcam bir şərh verdik. 2022-ci ildə itirdiklərimiz də oldu, bitirdiklərimiz də, qazandıqlarımız da.

Əsas odur ki, 2023-cü ildə dünyamız üçün həyat yenidən başlayacaq , dünyanın mizan-tərəzisi dəyişəcək, dəyərlər, yaşam tərzi fərqlənəcək. Və biz buna hazır olmalıyıq…

Yeni il Yeni Dünyamızda, Yeni düşüncəylə qədəm qoyanların ili olsun…Yeni iliniz, yeniliklər iliniz mübarək!!!

Surə Seyid,

Tədqiqatçı-jurnalist


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678