Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beş nazirin məsul olduğu müsabiqənin saytı niyə çökdü? – Osman Gündüzdən AÇIQLAMA

48 Baxış

Bu gün “Yüksəliş” müsabiqəsinin onlayn sınaq imtahanı keçirilməliydi. Lakin müsabiqənin rəsmi saytı çökdüyündən sınaq imtahanında iştirak etmək mümkün olmayıb. Müsabiqə təşkilatçıları tərəfindən idarə olunan bu resurs cəmi 10-15 min onlayn iştirakçının müraciətlərinə tab gətirməyib, yüklənmə olub və resursun fəaliyyəti dayandırılıb”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Xatırladıram ki, bu nüfuzlu müsabiqə Prezidentin 2019-cu ildə imzaladığı sərəncam əsasında keçirilir. Müsabiqə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Hər il müsabiqənin təşkili üçün 1 milyon manat dövlət vəsaiti ayrılır. Müsabiqənin Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, “Yüksəliş” İşçi Qrupunun rəhbəri isə gənclər və idman nazirinin müavini Fərhad Hacıyevdir. Prezident sərəncamı ilə formalaşdırılan Təşkilat Komitəsində 5 nazir təmsil olunur”, – Osman Gündüz qeyd edib.

Onun sözlərinə görə, bu cür nüfuzlu və cəmiyyətin diqqət mərkəzində olan, Prezident sərəncamı ilə gerçəkləşdirilən müsabiqənin yüksək səviyyədə təşkili üçün atılan addımlar yetərli olmayıb:

“Yetərincə vəsait ayrılmasına baxmayaraq, görünür ki təşkilatçılar hazırlıq prosesini düzgün qura bilməyiblər. Düşünürəm ki, təşkilatçılar müsabiqənin onlayn resursunun dayanıqlığı və təhlükəsizliyi ilə bağlı öncədən İT təhlükəsizlik sahəsində səlahiyyətli qurumlara, peşəkar şirkətlərə müraciət etməliydi. Ciddi testlər olmalıydı. Maraq dairəsində olan bir müsabiqə olduğundan saytı kiberhücumlardan qorumaq üçün də zəruri addımlar atılmalıydı. Baş verənlər isə onu göstərir ki, müsabiqənin əsas platforması olan saytın təhlükəsizliyinə yetərli diqqət göstərilməyib, öncədən testlər keçirilməyib və audit olunmayıb. Bununla da dövlət əhəmiyyətli bir layihəni reallaşdırmaqda problemlər yaşanıb”.

Osman Gündüz bildirib ki, səlahiyyətli qurumlar kiberhücumla bağlı məsələni da araşdırmalıdırlar:

“Ümid edirəm təşkilatçılar məsul şəxslərdən hesabat tələb edəcəklər, məsələ araşdırılacaq və təqsirkarlar barədə tədbir görüləcək”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678