Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Haqqın haqq oğlunu itirdi Vətən!

82 Baxış

Son günlər gündəmi zəbt edən mövzulardan biri Hacı Şahinin qəfil dünyasını dəyişməsidir. Bu ağır itki ürəyində Hacı Şahin sevgisi gəzdirən milyonlarla insanı dərin kədərlə üz-üzə qoyub.

İtgi hər zaman və hər yaşda ağırdır. Saf, təmiz, yüksək mə’nəviyyatlı Hacı Şahin kimi insanların itgisi lap ağır.

Bu sətirləri yazıram. Və poeziya aləmində öz dəsti-xətti , xüsusi yeri olan mərhum şairimiz Cabir Novruzun dillər əzbəri olan misralarını xatırlayıram: ” Sağlığında qiymət verin insanlara”!!!

Vəfatından iki aya yaxın vaxt keçmiş bu yüksək mənəviyyatlı, ilahiyyatçı, əsl ziyalı insanın qəfil ölümünə dərin təəssüf hissi keçirsək də, çox-çox heyf ki, Hacı Şahin siqlətinin böyüklüyünü bəlkə də, çoxumuz tam dərk etməmişik.

İslam dini xəzinə, dinlərin ən pakıdır. Bu dəryaya baş vurmaq, onun hikmətindən, kəlamlarından baş açmaq üçün Hacı Şahin kimi islam dini xiridarlarının mouzələrinə, söhbətlərinə, müdrik yanaşmalarına həmişə ciddi ehtiyac var.

İslam fəlsəfəsindən baş açmaq, onu qarşındakılarına özünə məxsus şirin bir ləhcə, son dərəcə aydın diksiya və əsl həqiqətdə olduğu kimi, çatdırmaq Hacı Şahin fəlsəfəsinin əsas məqamlarındandır. Bəlkə elə buna görə də, Hacının şirin söhbətlərindən doymaq olmurdu. Saatlarla yorulmadan, vaxt itgisinə heyfsilənmədən, bu söhbətlərin sehrinə düşərək dinləmək-dinləmək istəyirdin. Bu söhbətlərdən sonra insan nə qədər saflaşır, zənginləşir, dünyaya baxışlarında müsbət mənada böyük dəyişikliklər baş verirdi. Heyf, min heyf ki, bundan sonra Hacı Şahinlə belə anları canlı ” yaşamaq” onun pərəstişkarları üçün əlçatmaz olacaq…

Bu günlərdə saytlardan birində Hacı Şahinin ” Məşədi Dadaş” məscidində moizələrindən birini izlədim. Dinləyicilərinin böyük əksəriyyəti gənc nəslin nümayəndəsi idi. Hacı yenə də auditoriyanı ofsunlamışdı.

Pərəstişkarları nəfəs dərmədən Hacı Şahinin dilindən İslam dəyərlərini dinləməkdən necə də, məmnun idilər. Hər moizə sahibinə öz auditoriyasını belə “ələ almaq” qismət olmur.

Hacı Şahinin “İrşad” nəşriyyatı tərəfindən bir neçə il əvvəl nəşr olunmuş ” Haradan başlamalı” kitabını sonsuz maraqla oxudum. Hacı bu kitabına sanballı epiqraf da seçib: ” Müjdə ver, ikrah oyatma. Asanlaşdır, çətinləşdirmə.”

Hacının həmin kitabında müdrik kəlamlar çoxdur. Oxuduqca, oxumaq istəyirsən. ” Həyat seçimdir, hər seçim isə iki yolu olur; qazancın şirinliyini dadmaq üçün itginin acısını hiss etmək gərəkdir; “Başımıza gələn hadisələr bizə əziyyət verməsin deyə, öz daxilimizə varmalıyıq. Daxili mübarizənin çətinliyinə can atmalıyıq ki, xarici amillər qarşısında zəif olmayaq…”

Yaş həddindən asılı olmayaraq mənəvi mövzuların praktik həyatla canlı qalması üçün dərin təhlillərlə dolu bu kitabı oxumağı tövsiyyə edirəm…

Hacı Şahin kimi zəngin mənəviyyat sahiblərinin yeri həmişə görünəcək. Allah ona qəni-qəni rəhmət eləsin!!! Amin!!!.

Və bu qeydlərimi Hacı Şahin itgisi ilə əlaqədar yazdığım elegiya -poema ilə bitirəcəm…

Qondu qara duman yolumuz üstə,

Sanki dağ basdılar belimiz üstə.

Getdi son mənzilə qolumuz üstə,

Haqqın haqq oğlunu itirdi Vətən!

 

Cavanları çəkdi ən doğru yola,

Dedi, fikir verin həm sağa, sola.

Gəlməz bu insandan bir daha elə,

Haqqın haqq oğlunu itirdi Vətən!

 

Məzarı kəbəmiz, ziyarətgahımız,

Yerin behişt etsin qoy Allahımız.

Zəhər, zəqqum oldu bayram aşımız,

Haqqın haqq oğlunu itirdi Vətən!

 

Sahib Əl Zamanın, İmamın oğlu,

O dünyada azdır bilirəm, sorğun.

Çox cavan ömrünü yaşadı dolğun,

Haqqın haqq oğlunu itirdi Vətən!

 

Allaha bağlıydı qəlbi, zəmiri,

Elə bilirdim ki, o seyid, miri.

Fuadam, deyildir sıravi biri,

Haqqın haqq oğlunu itirdi Vətən!

Fuad Biləsuvarli,

AYB və AJB üzvü, Prezident mükafatçısı


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678