Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ağlım kəsəndən bəri…” – Ərdoğanın rəqibinin 35 il əvvəl Bakıya göndərdiyi MƏKTUB

52 Baxış

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident və parlament seçkilərinə 2 həftəyə yaxın vaxt qalıb. Məlum olduğu kimi, prezident seçkilərində 4 namizəd mübarizə aparır. Onlardan biri əslən azərbaycanlı olan siyasətçi Sinan Oğandır.

O, bu yaxınlarda qatıldığı bir verilişdə Azərbaycanla bağlı xatirələrini bölüşüb. Sinan Oğan bildirib ki, 1988-ci ildə Bakıya göndərdiyi məktub “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Həmin məktubda o, soydaşlarımızdan kitablar, jurnallar istəyib. Daha sonra Sinan Oğanın evinə çoxlu məktublar, kitablar göndərilib, hətta buna görə polis onun evinə gələrək SSRİ ölkəsindən bu qədər məktubun göndərilməsinin səbəbi ilə maraqlanıb.

Turanmedia.az xəbər verir ki, Modern.az Sinan Oğanın haqqında bəhs etdiyi məktubun mətnini əldə edib:

“Türkiyədən məktub

“Azərbaycan gəncləri” qəzetinin əməkdaşları!

Bu məktubumla sizləri rahatsız etdiyim üçün bəri başdan üzr diləyib, əfvinizə və ürəyinizin böyüklüyünə sığınıram. Məktubuma başlamazdan əvvəl sizlərə, Azərbaycana, Azərbaycan xalqına salamlarımı yetirmək istəyirəm.

Əvvəlcə özümü təqdim edim: İsmim Sinan Oğan, 1962-ci ildə Qars vilayətinin İğdır rayonunda doğulmuşam. İlk və orta təhsilimi İğdırda tamamladıqdan sonra yüksək təhsil əldə etmək üçün İstanbula gəlmişəm. Hazırda İstanbulda Mərmərə universiteti iqtisadi elmlər fakültəsinin işlətmə (ekonomi) bölməsində oxuyuram.

Qarsda və bizim yaşadığımız İğdırda əhalinin əksəriyyəti azərbaycanlılardır. Mən də azərbaycanlı ailəsində doğulub tərbiyə almışam. Bir neçə il əvvəl Azərbaycan şairi Məmməd Aslanın dəvəti ilə Bakıya gələn zaman qəzetinizin redaksiya heyətini ziyarət edən və özünün “Azərbaycan diyarından” adlı gözəl məramlı kitabı ilə tanıdığınız vəkil İbrahim Bozyelin qapı bir qonşusu və şagirdiyəm. Bunu yazmaqda sizinlə bir az da yaxından tanış olmaq istəyirəm.

Ağlım kəsəndən bəri Azərbaycanı görmək, bu torpağın övladları ilə yaxından tanış olmaq, Azərbaycan mədəniyyəti, onun folklorunu dərindən öyrənə bilmək fürsəti gözləmişəm. Elə buna görə də oxucu kütləsinin böyüklüyünü nəzərə alaraq “Azərbaycan gəncləri” qəzetinin köməyinə arxalanmaq yolu tutdum. İnanıram ki, məktubum qəzetinizdə dərc olunacaq, həmcinsim olan gənc oğlan və qızlarla səmimi dostluq bünövrəsi qoya bilərəm, onların göndərəcəyi kitab və jurnallar karıma gələr. Azərbaycanlı cavanların istirahətlərini necə keçirdiklərini, nələri sevdiklərini, adət-ənənələrə bağlılıqlarını, zövqlərini, daha nələr-nələr barədə duyğu və düşüncələrini, kaş biləsiniz, necə canı könüldən öyrənmək istəyirəm.

İnanıram ki, məni bu istəyimə qovuşduracaqsınız.

Ünvanımı bildirirəm:

Sinan Oğan, Bağcılar prospekti, Park çıxmazı küçəsi, Aydınlar apartmanı, No 14/4, Bağcılar- İstanbul-Türkiyə”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678