Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kılıçdaroğlunun seçki ləyaqətini gördünüzmü? – Video

45 Baxış

Heç kəs açıq şəkildə etiraf etməsə də, Türkiyədəki seçkilərdən ciddi narahatlıq da vardı: seçki nəticələri elan ediləndən dərhal sonra “Altılı masa”nın tərəfdarları küçələrə çıxa, böyük qarışıqlıq ola, toqquşma, ciddi fəsadlar yaşana bilərdi.

Bunu açıq şəkildə rus politoloqlar dilə gətirirdilər: “Türkiyədə “rəngli inqilab” cəhdinə hakimiyyət sərt cavab verəcək” üslubunda olsa da;

Bunu açıq şəkildə AB-nin qüdrətli ölkələri ifadə edirdilər: 14 may gecəsi Almaniya konsulluğunun Türkiyədə olan vətəndaşlarına toqquşma xəbərdarlığı, “küçələrə çıxmayın” çağırışı misalında.

Media olaraq bunları görürdük, hər gün izləyirdik, ancaq tirajlamırdıq, qardaş ölkədə hər hansı narahatlığın yaşanma ehtimalını yaxın buraxmaq istəmirdik; ancaq içimizdə daşıyırdıq axı…

Ərdoğan qalibdir, ancaq rəqəmlərə baxaq: 27.735.131 səs Ərdoğan, 25.432.951 səs Kılıçdaroğlu.

Bu, seçki bülletenlərinin 99,85%-nin sayılmasından sonrakı nəticədir – 100% nəticədə cüzi dəyişiklik ola bilər.

Yəni fakt odur ki, “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu 25.5 milyona yaxın səs aldı – bu, çox böyük rəqəmdir, seçicilərin 48%-ə yaxını deməkdir. Bu seçicilərin arasında nəticələri nə yolla olursa-olsun dəyişmək üçün hər şeyə gedəcək şəxslər yox idimi və onlar nə qədər olardı?

“Altılı masa” “rəngli inqilab” deyilən Qərbin işğal prosesinin aləti ola bilərdimi?

Ciddi şübhələr, narahatlıqlar vardı.

Ancaq Türkiyə xalqı, Türkiyə dövləti, Türkiyə iqtidarı və Türkiyə müxalifəti nə qədər yetkin, ərdəmli, dövlətçi olduğunu ötən gün gecə saatlarında bir daha və bir daha bütün dünyaya nümayiş etdirdi.

Ərdoğan komandası “sandıq namusdur” əqidəsinə sona qədər sadiq qaldı, Kılıçdaroğlu və ətrafı bu namus üzərindən namipulyasiya etməmək üçün son nəticələr açıqlanana qədər ləyaqətlə davrandı.

Amma yox, son nəticələri də gözləmədilər: seçki məntəqələrində, sandıq başında təyin etdikləri adamlardan dəqiq rəqəmləri alıb, qısa müddətdə analiz etdikdən sonra ilk təbriklər başladı:

İYİ Partiyasının sədri Maral Akşənər müxalifətçi inadını, mübarizəni davam etdirəcəyini elan etməklə bərabər, açıq şəkildə “Ərdoğanı təbrik edirəm” dedi… Akşənər bu sözləri deyərkən, YSK hələ son nəticəni elan etməmişdi.

Sonra Əhməd Davudoğlunun partiyasından təbrik gəldi; sonra digərlərindən…

Hər kəsin gözü Kılıçdaroğlunun ağzına dikilirkən, adam rəsmən uduzduğunu etiraf etdi: “Üzüntüm özümüzə görə deyil, xalqa görədir…”

Bu etiraf Millət İttifaqının seçki nəticələrini ləyaqətlə qəbul edəcəyi anlamına gəlirdi.

Müxalifətin 25 milyonu aşan seçicisi nə etdi?

Bəziləri CHP-nin önünə toplandı, Kamal Kılıçdaroğlunun istefasını tələb etdi, bəziləri sosial şəbəkələrdə üzüntülərini paylaşdılar.

Küçələrə çıxan olmadımı? Oldu – ancaq qaliblər çıxdı, sevinmək üçün, qələbəni qeyd etmək üçün…

Türkiyəyə gözünü zilləyib, bu ölkədə çaxnaşma yaratmaq istəyənlərin arzusunu – bax sevmədiyimiz, uduzmağını istədiyimiz Kamal Kılıçdaroğlu və onun yanında dim-dik dayanan millətçi Maral Akşənər gözündə qoydu.

Bu ləyaqəti, bu seçki əxlaqını, bu seçki ərkanını heç ABŞ bacarmamışdı. Baydenin qələbəsi ilə yekunlaşan seçkini xatırlayırsınızmı? Tramp seçkilərin saxtalaşdırıldığını elan etdi, Kapitoliyə tərəfdarlarının hücumunu dəstəklədi, ciddi bir toqquşma yaşanda, hətta ölənlər də oldu…

Ancaq Kamal Kılıçdaroğlu “dövlətin resursları bir adamın təbliğatına cəlb edildi” desə də, “seçkilərdə saxtakarlıq edildi” sözlərini dilinə belə almadı, tərəfdarlarına seçkinin nəticələrini qəbul etdiyini izah etdi.

Ağır, gərgin, bütün dünyanın gözünü zillədiyi, böyük dövlətlərin maraq güddüyü, maşa uzadıb qarışdırmaq istədiyi, pul xərclədiyi, min hiylə qurduğu seçkilərdən Türkiyə xalqı o qədər qüdrətli, möhtəşəm və ləyaqətli çıxdı ki!

Əslində Türkiyədəki seçkinin ən böyük uğuru da budur: siyasi gərginlik, siyasi ehtiraslar, siyasi ələsalmalar, replikalar, sataşmalar seçki gününün sonuna qədər oldu və elə məhz siyasi mübarizə müstəvisində də qaldı: bu qızışan siyasi mübarizə ekranlarda, sosial şəbəkələrdə, efirlərdə oldu.

Türkiyə bu seçki ilə dünyaya nə qədər qüdrətli olduğunu bir daha göstərdi!

Türk dünyasına xeyirli-uğurlu olsun!


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678