Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvanın yeni nazirinin “unikal islahatları” – Bakıdan aparılan sürücü, avtomobili əlindən alınan sədr…

46 Baxış

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun komanda üzvlərinin vəzifələrindən uzaqlaşdırılması prosesinə start verilib. Ötən dövr ərzində muxtar respublikanın bir çox mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri dəyişdirilib. Əksər nazirlik və komitələrə rəhbər Bakıdan göndərilib. Belə dövlət orqanlarından biri də Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu ilin mart ayında Ceyhun Cəlilov əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Yeni nazir əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Əslən Şahbuz rayonundan olan Ceyhun Cəlilov yaxşı təhsil alıb. O, 2009-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.

Muxtar respublikada ən çox problem olan və əhalinin narazı qaldığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr islahatını, nazirin paytaxt Bakıdan təyin edilməsini Naxçıvan sakinləri rəğbətlə qarşılamışdı. İnsanlar ümid edirdi ki, nəhayət, sosial sahədəki problemlər öz həllini tapacaq, buradakı qanunsuzluq və özbaşınalığın qarşısı alınacaqdır. Yəni əhali yeni nazirdən çox şey gözləyirdi.

Ceyhun Cəlilovun təyinatından 3 ay keçməsinə baxmayaraq, bu sahədə nəzərəçarpacaq yenilik olmayıb. Nəinki nazirlik sistemindəki qanunsuzluq və özbaşınalıqlar aradan qaldırılıb, yeni nazir qanunsuzluğa və özbaşınalığa daha da rəvac verib.

Nazirin ilk “yeniliyi” Bakıdakı sürücüsünü Naxçıvana gətirib işlə təmin etmək olub. Sanki Naxçıvanda sürücü işləyə biləcək kadr yox imiş. Bu faktı öyrəndikdən sonra bizi bir sual düşündürürdü. Uzağı 500 manat əməkhaqqısı olan iş üçün naxçıvanlı olmayan biri niyə gəlib muxtar respublikada işləməyə razılıq verib? Bu maaş heç onun kirayə pulunu ödəməz. Yeni nazir hər şeyi hesablayıb və nəzərə alıb. Beləliklə, Ceyhun Cəlilov sürücüsü Kazımov Şahsöyün Məmməd oğlunu daha yüksək əməkhaqqısı olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin Maliyyə uçot sektorunun aparıcı-mütəxəssisi vəzifəsinə təyin etdirib. Baxın ha, sürücü DSMF Şahbuz rayon şöbəsində maliyyə-uçot işi ilə “məşğuldur”. Şahsöyün Kazımov Memarlıq və İnşaat Universitetini bitirib. O, sənaye və yaşayış tikintisi üzrə mütəxəssisdir. İşə getməsə belə, nazirin sürücüsünün ixtisası onun DSMF-nin Şahbuz rayon şöbəsində işləməsinə imkan vermir. Hələ indiyədək onu həmin şöbədə görən olmayıb. Nazirin Şahbuz rayonuna nə vaxtsa yolu düşsə, sürücü öz iş yeri ilə tanış olacaqdır.

İndi suallar yaranır. Sürücünün tutduğu vəzifənin işini şöbədə kim görür? Şahsöyün Kazımov nazir sürücüsü olduğu üçün o, Naxçıvan şəhərində işləyir və yaşayır. İş başında onun başına bir hadisə gələrsə, bunun məsuliyyətini kim daşıyacaq? Suallar çoxdur. Ümid edirik ki, bu sualların cavabını Ceyhun Cəlilovdan onun nazir vəzifəsinə namizədliyini irəli sürən, muxtar respublikaya aparıb kollektivə təqdim edən daha böyük nazir Sahil Babayev soruşacaqdır.

Hələ bu harasıdır. Qeyri-qanuni işlər, özbaşınalıqlar bununla bitib tükənmir. Yeni nazir Dövlət Sosial Müdafiə Fondunun rəhbərinin xidməti avtomobilini onun əlindən alaraq özü istifadə edir. Üstəlik, bu xidməti avtomobil rəhbərlik etdiyi nazirliyin balansında da deyil. Həmin avtomobil daha konfortlu, nömrəsi də zerkalni (85 AA 070) olduğundan nazir hesab edib ki, bu, onun haqqıdır. Lap yaxşı. Biz də hesab edirik ki, ən yaxşı avtomobil və nömrə nazirin olmalıdır. Amma bunu belə özbaşına formada etmək olmaz axı. Başqa bir orqanın balansında olan avtomobilin istifadəsi zamanı bir qəza baş verərsə, bunun məsuliyyətini kim daşıyacaq? Deyəsən, yeni nazirə deyilib ki, o nə edirsə etsin, məsuliyyət daşımayacaq. Ona görə Ceyhun Cəlilov bildiyini edir, heç kimi də saymır.

Adam deməyə söz tapmır. Əgər nazir bu 3 ayda belə qanunsuzluqlara yol veribsə, bir ildən sonra baş verəcək hadisələri təsəvvürə belə gətirmək olmaz.

Nazirlikdəki digər qanunsuzluqlarla bağlı yazıları davam etdirəcəyik. /Tns.az/


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678