Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir həmlə: Ermənistan qeydiyyatı olanlar Qarabağa buraxılmır?

34 Baxış

Azərbaycan Həkəri körpüsü üstündə qurduğu yoxlama-buraxılış məntəqəsindən Qarabağda yaşayan, amma Ermənistan qeydiyyatı olan şəxsləri Qarabağa buraxmır. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bu xəbəri “Qarabağın ombudsmanı” kimi təqdim etdiyi Geğam Stepanyana istinadən yayıb.

O bildirib ki, Qarabağın üç sakininə postdan keçmək imkanı verilməyib: “Mən şəxsən bu adamlarla söhbət etmişəm. Onlardan biri hətta mənim qonşumdur. Onlar daim Artsaxda (Qarabağ-red) yaşayıblar, amma hansısa səbəbdən Ermənistan Respublikasında qeydiyyatdadırlar”.

Azatutyun yazır ki, uşaqlı ana və daha bir qadın Qarabağdan Ermənistana müalicəyə aparılıblar və sağalandan sonra Rusiya sülhməramlılarının maşınında Qarabağa qayıtmaq istəyiblər.

Stepanyan bildirib ki, indiyədək Ermənistan qeydiyyatı olanlar Laçın postundan Ermənistana maneəsiz keçirdilər, amma geri qayıtmaları faktiki olaraq mümkün deyil. O əlavə edib ki, Qarabağda yüzlərlə Ermənistan qeydiyyatı olanlar var.

“Təbii ki, buna fikir verən yox idi. Məsələn Artsaxda (Qarabağ-red) Syunikdən, Syunikdə qeydiyyatda olanlar var, Amma Artsaxda (Qarabağ-red) ailə qurublar”.

Xankəndi sakini Narine Danielyan Qırmızı Xaçın və Rusiya sülhməramlılarının müşayiəti ilə Həkəri üzərindəki Azərbaycanı postundan dəfələrlə keçib. Onun qeydiyyatı Qarabağdadır. Qadın deyib ki, yoxlama-buraxılış postunda onların məlumatları var:

“Biz onlara yaxınlaşanda onların kompüterlərində artıq Artsax (Qarabağ-red) sakinləri barədə məlumatlar var idi. Onlar pasportun nömrəsini və seriyasını kompüterə daxil edirlər və sonra kompüter göstərir ki, siz Artsaxda (Qarabağ-red) qeydiyyatda deyilsiniz”.

Danielyan deyib ki, pasporta möhür basmırlar: “Əgər Azərbaycan Artsaxı (Qarabağ-red) özünün hesab etsə, təbiidir ki, Ermənistanda qeydiyyatda olanların problemi olacaq. Sizdən soruşurlar: Ermənistana hansı məqsədlə gedirsiniz? Bizə deyirlər ki, guya biz Azərbaycan vətəndaşıyıq”.

Azərbaycan bundan əvvəl dəfələrlə bildirib ki, Qarabağ ermənilərini öz vətəndaşları hesab edir və onlara bütün Azərbaycan vətəndaşları kimi hüquqlar verilib.

Bakı bildirir ki, Qarabağ erməniləri Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

Prezidnet İlham Əliyev son çıxışlarından birində demişdi ki, “Azərbaycan vətəndaşlığını istəməyənlər, özlərinə başqa yaşayış yeri tapmalıdırlar”.

O habelə bildirmişdi ki, Azərbaycan Qarabağ ermənilərini iki dəfə dialoqa dəvət edib. Amma Qarabağdakı separatçı rejim Bakı ilə inteqrasiya məsələlərini müzakirə etməyəcəyini bəyan edib.

İlham Əliyev isə deyib ki, üçüncü dəfə dəvət olmayacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678