Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Naxçıvan Ali Məclisi bu şirkətə borcunu ödəmir

37 Baxış

Naxçıvanda fəaliyyət göstərən “Azer Tech” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikada gördüyü işə görə şirkətə ödəniləcək vəsaiti ala bilmir.

Turanmedia.az xəbər verir ki, bu barədə Tns-ə şirkətin direktor müavini Emil İsgəndərov məlumat verib.

Direktor müavini bildirib ki, “Azer Tech” MMC 2018-ci ildən fəaliyyət göstərir. Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru Türkiyə vətəndaşı Amhet Yıldızdır.

Şirkət elektrik xətlərinin çəkilişi və avadanlıqlarının quraşdırılması ilə məşğul olur. Hazırda Naxçıvanın müxtəlif dövlət və özəl qurumlarının bu şirkətə 260 min manatdan çox borcu var.

Onun sözlərinə görə, şirkət əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin idarələri ilə müqavilə əsasında işləyib:

“Həmin idarələr ləğv edildikdən sonra yarımçıq qalmış tikinti işləri Naxçıvandakı iri holdinqlərə verildi. Bundan sonra həmin holdiqlərin sifari ilə işləri davam etdirdik”.

Şirkət təmsilçisi bildirib ki, “Cahan Holdinq”in onlara xeyli borcu var.

“Biz Şahbuz rayonunda inşa olunan məktəbdənkənar müəssisənin binasında, Babək rayonunun Cəhri kəndinin küçələrində elektrik işləri görmüşük. “Cahan Holdinq” gördüyümüz işə görə ödəniş etmir. Bizə bildirirlər ki, muxtar respublikanın Təhsil Nazirliyi və Babək Rayon İcra Hakimiyyəti aparılan tikinti-quruculuq işlərinə görə holdinqə ödəniş həyata keçirməyib”, -direktor müavini qeyd edib.

Emil İsgəndərov muxtar respublikanın ayrı-ayrı dövlət təşkilatları ilə müqavilələrinin olduğunu, gördükləri işlərə görə kiçik məbləğlərin belə ödənilmədiyini bildirib. Ən acınacaqlısı odur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin də şirkətə borcu var. Ali Məclis kiçik şirkətə az məbləğdə olan borcunu ödəmək istəmir. Naxçıvan Ali Məclisi “Azer Tech” MMC-yə cəmi 1800 manatlıq borcunu aylardır, ödəmir.

Şirkət təmsilçisinin bildirdiyinə görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Baş İdarəsinin və digər dövlət orqanlarının da şirkətə borcu var.

“Azer Tech” MMC-nin rəhbərliyi bununla bağlı dəfələrlə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə, muxtar respublikanın Ali Məclisinə və Nazirlər Kabinetinə müraciət etsə də, heç bir tədbir görülməyib.

Dəfələrlə demişik, bir daha təkrar edirik. Naxçıvan Ali Məclisinin rəhbərliyi öz işi ilə məşğul deyil. Ali Məclisin aparatı muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində qanunsuz və lazımsız yoxlamalar keçirərək işçilərin şkaflarında axtarış aparmaqla deyil, muxtar respublikanın ciddi problemləri ilə məşğul olmalıdır. Ali Məclisin kiçik bir şirkətə az məbləğdə olan borcunu ödəməməsi rəzalətdir. Əgər muxtar respublikanın idarə olunduğu orqan şirkətlərin, insanların haqqını ödəmir, müraciətləri qulaq ardına vurursa, digər orqanlarda baş verənlərdən danışmağa belə dəyməz.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678