Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

MİLLİ KİNO MƏDƏNİYYƏTİMİZƏ BÖYÜK TÖHFƏLƏR VERƏN VƏ ƏSİL AZƏRBAYCAN AİLƏSİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRƏN HÖRMƏTLİ VƏ NÜMUNƏVİ BİR NƏSİL – TURABOVLAR AİLƏSİ

131 Baxış

MİLLİ KİNO MƏDƏNİYYƏTİMİZƏ BÖYÜK TÖHFƏLƏR VERƏN VƏ ƏSİL AZƏRBAYCAN AİLƏSİNİ ÖZÜNDƏ TƏCƏSSÜM ETDİRƏN HÖRMƏTLİ VƏ NÜMUNƏVİ BİR NƏSİL – TURABOVLAR AİLƏSİ

Mən bu günləri “Yeddi oğul istərəm” filmində “Gəray bəy” obrazını, “Qanlı zəmi” filmində “Qaçaq Nəbi” obrazını, “Babək” filmində “Afşin” obrazını böyük məharətlə yaradan, canlandıran; həm yaraşığı və həm də ki, aktyor bacarığı ilə tarixi yaddaşlara həkk olunan və silinməz iz buraxan mərhum aktyorumuz, daha doğrusu, xalqın sevimli mədəniyyət xadimi Həsənağa Turabov və başçısı olduğu hörmətli Turabovlar ailəsi haqqında danışmaq istəyirəm.

Uşaqlığımdan rəhmətlik Həsənağa müəllimin baş rollarda yer aldığı tarixi, mədəni, ictimai filmlər ilə böyümüşəm. O filmlərə çox baxırdım, lakin əsla yorulmurdum. Çünki, o dövrün filmlərində bir canlılıq, təbiilik, həqiqət, istedad, əsil sənətkarlıq və sənətkar işi var idi. Daha indikilər kimi süni, həqiqətdən uzaq və heç bir reallığı əks etdirməyən, əksinə, insanın bütün zəhləsini tökən seriallar, filmlər kimi deyildi.

Həsənağa Turabovu hər kəs çox gözəl tanıyır, xüsusilə də öz peşə yoldaşları və onu çox sevən ailəsi. Həsənağa Turabov 65 illik parlaq ömür yaşamış və yaşadığı müddətcə də həmişə yaxşılıq etmiş, Allahın heç bir bəndəsindən bacardığı köməyi əskik etməmişdir. O, çox yaxşı bir insan, yaraşıqlı aktyor, çox gözəl bir ailə başçısı, əvəzolunmaz və qiymətli bir ata idi. O, həmişə əsil kişi obrazları yaratmışdır. Bu obrazlar elə məxsusilə onun özünə aid idi və olduqca çox yaraşırdı da. Həsənağa Turabov böyük şəxsiyyət idi. Bunu yalnız onu sevənlər, dostları, ailəsi və “Həsənağa Turabov” anlayışını dərindən dərk edə bilənlər başa düşə bilərlər.

O, bir çox məşhurların çıxdığı “Sovetski” küçəsinin “Zərgərpalan” məhəlləsində dünyaya gəlmişdi. Elə gənc yaşlarından etibarən aktyor sənətinə marağı yaranmış və bu peşənin arxasınca getməyi qarşısına məqsəd kimi qoymuşdu. Gənclik dövründə Solmaz xanım adlı özünə hörmət edən, sayılıb-seçilən bir xanım ilə tanış olur, bir-birlərini qarşılıqlı məhəbbət ilə sevirlər. Bu əsil sevginin nəticəsi kimi Allah onlara Daşqın, Yalçın və Sevinc adlı 3 gözəl pay hədiyyə edir.

Daşqın payı isə çox təəssüflər olsun ki, gələcəkdə dahi aktyorun məcazi mənada belinin bükülməsinə, onunla bağlı gözəl arzularının yarıda qalmasına və övlad itkisinin nə qədər kədərli bir hadisə kimi onun ürəyinə xəncərtək batmasına və bu hadisəyə görə ömrünün baharlı çağlarının vaxtsız sona yetməsinə səbəb olacaq idi. Allah heç kimə övlad həsrəti yaşatmasın! Amin! Buna bir az irəlidə toxunacağam.

Həyat çox davam edirdi. Teatr və film sahəsindəki uğurlar, xoşbəxt ailə, gözəl günlər, nailiyyətlər və müvəffəqiyyətlər…… Ancaq bunlar çox uzun sürməyəcək idi. Çünki, “Mərdimazar olmasa, bağ çəpəri neyləyir?!” Həsənağa Turabov ailəsinə xüsusi diqqət ayırardı. Nə könüllərini qırmazdı və nə də ki, ailə daxilində bərqərar etdiyi ciddiyyəti, qayda-qanunu pozmazdı. Necə deyərlər, hər şey öz yerində idi. Həm həyat yoldaşını işə və həm də ki, qızını Universitetə şəxsən məhz sırf özü aparıb-gətirərdi. O, ya şəxsi iş və ya da ki, kino məsələsi ilə əlaqədar olaraq hər hansısa bir şəhərə və ya ölkəyə getsəydi də belə, buna baxmayaraq, ya həmin günün axşamı və ya da ki, sabah özünü evə çatdırardı. Bu, onun ailəyə bağlılığından, istiqanlılığından, canından belə, çox istədiyi ailəsinə ayırdığı səmimi diqqətdən qaynaqlanırdı.

Ancaq heç nə əbədi olmadığı kimi xoş həyat da əbədi və uzunömürlü olmur. Bir gün bir fırtına, bir qasırğa mütləq qopur. İndi isə, gələk Həsənağa Turabovun dəhşətli dərəcədə çox istədiyi və böyük övladı sayılan mərhum Daşqın bəy Turabovun yarımçıq qalmış həyatına…..

Daşqın Turabov 1962-ci il təvəllüdlü idi, Bakı şəhərində anadan olmuşdu. Zahirən çox yaraşıqlı, vüqarlı və görkəmli idi. Ümumiyyətlə, Həsənağa Turabovun hər üç övladı elə özünə oxşayırdı, amma Daşqın Turabov isə daha çox oxşayırdı. O da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdi, bir müddət aktyorluq fəaliyyəti ilə məşğul olmuşdur. Məsələn, o, atası ilə birlikdə “Dantenin yubileyi” adlı filmdə iştirak edir.

Ancaq nədənsə sonradan aktyorluq həyatından çəkilərək xalqın keşiyində dayanmağa – polis olmağa qərar verir. Həsənağa Turabov ona mane olsa da belə, lakin, buna baxmayaraq, Daşqın bəy Polis Akademiyasına daxil olur və oranı bitirəndən sonra işləmək üçün Siyəzən Rayon Polis Şöbəsinə təyinat alır. Orada da yüksək peşəkarlıq ilə işləyir, qüsursuz xidmətlər göstərir. Daşqın bəy 1997-ci ilin 8 mart tarixində şəxsi işləri ilə əlaqədar olaraq məzuniyyət götürüb Bakı şəhərinə yola düşür. Doğma evinə gələrək ev əhlindən xanımları “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik edir, günləri xoş keçir.

Amma, sən demə, əcəl onu yenidən geriyə çağırırmış. Birdən-birə, ailəsi ilə sağollaşaraq qayıdır. Polis zabiti kimi xidmət etdiyi Siyəzən rayonunda Polis Şöbəsi tərəfindən bir cinayətkarı ələ keçirmək məqsədilə əməliyyat hazırlanır. Əslində, Daşqın Turabov bu əməliyyatda iştirak etməli deyildi. Çünki, o, məzuniyyət götürmüşdü. O, Siyəzən Rayon Polis Şöbəsinə qayıdarkən, iş yoldaşlarının hazırlıqlı olduğunu görüb məsələnin məğzini öyrənir və özü də gözlənilmədən əməliyyata qoşulur. Əlişir adlı cinayətkarın evində odlu silah(AK-47 markalı avtomat) və əl qumbarası saxladığı barədə ərazi üzrə Polis Şöbəsinə məlumat daxil olur. Polislər də onu zərərsizləşdirərək həbs etmək üçün əməliyyat planı qururlar. Daşqın bəy cinayətkarın tanıdığı şəxs olduğunu öyrənir və iş yoldaşları təhlükədən amanda qalsın deyənə, özü irəliyə keçir və çalışır ki, tanışlıq sayəsində cinayətkarı sakit yol ilə zərərsizləşdirsin. Amma nə yazıq ki, caniyə və şüuru heyvanın şüuruna çevrilmiş bu adam tanışlığa məhəl qoyan deyildi. Daşqın Turabov irəliyə gələrək təkcə “Əlişir, mənəm, Kərbəlayi!” dedi…… Elə həmin an cinayətkar tərəfindən avtomatdan açılan 13 ədəd güllədən düz altısı Daşqın bəyə dəydi və o, namərdcəsinə vurularaq yerə sərildi. İş yoldaşları cinayətkarı tutdular. Lakin Daşqın bəy isə artıq son anlarını yaşayırdı. Şahidlərin dediyinə görə, cəmi 59 dəqiqə yaşayıb və “Ölmək istəmirəm!” deyirdi. Sözün həqiqi mənasında, ölməyə yox, yaşamağa layiq bir oğul idi. Lakin Allahın yazdığı qəzavü-qədər var. O, mütləq yerinə yetir. Daşqın elə yenicə atası ilə danışmışdı ki, bu qanlı faciə baş verdi. Ailəsinə xəbər verildikdə isə hamısının necə hala düşdüyünü hər kəs bilir. Həmin hadisələri yenidən sadalayaraq və həm də ki, köhnə qəmgin xatirələri xatırladaraq bu ailəni sevənləri üzməyi lazımsız bilirəm.

Uca Allah-Təaladan(c.c) həm Həsənağa müəllim Turabova və həm də ki, gözünün işığı olan, dərdinə dözməyərək həyat ilə erkən vidalaşdığı o əziz övladı Daşqın bəy Turabova sonsuz rəhmət diləyirəm! Son məkanları müqəddəs Cənnət olsun! Ruhları hər daima şad olsun!

Ulu Yaradandan Həsənağa Turabovun oğlu olan həm hörmətlimiz Yalçın bəy Turabova, həm qızı Sevinc xanım Turabovaya və həm də ki, həyat yoldaşı Solmaz xanım Turabovaya uzun və sağlam ömür, möhkəm can sağlığı və ailə səadəti arzulayıram! Amin!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678