Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaşı 18-ə çatmayan moped sürücüsü qəza törətdi, pulu ödəyən yoxdur

40 Baxış

“Yol hərəkəti haqqında” Qanunda edilmiş dəyişikliyə əsasən, bu ilin avqustun 1-dən mühərrikinin iş həcmi 50 kubsantimetr və daha çox, yaxud maksimal hərəkət sürəti saatda 50 kilometrdən artıq olan mopedlərin qeydiyyata alınması, habelə onların idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunur.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, mühərrikinin iş həcmi 50 kubsantimetrdən az olan mopedlərlə bağlı məsələ isə qanunla həllini tapmayıb.

Bu gün vətəndaş Elnur Allahverdiyev eyni məsələ ilə bağlı “Qafqazinfo”ya şikayət ünvanlayıb. Onun sözlərinə görə, idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən arxa tərəfdən gələn moped maşınına çırpılıb.

Araşdırma zamanı məlub olub ki, moped sürücüsü yetkinlik yaşına çatmayıb. Bundan əlavə, mopedin iş həcmi 50 kubsantimetrdən azdır, qeydiyyatı mövcud deyil.

Polis minik avtomobili sürücüsünü zərərçəkmiş kimi tanıyıb, avtomobilə 1000 manat məbləğində zərər dəydiyi müəyyən edilib.

Minik avtomobili sığortalıdır. Amma sığorta şirkətlərinin qərarına əsasən, ziyanın qarşılanması üçün qəzada iştirak edən hər iki nəqliyyat vasitəsi sığortalı olmalıdır.

Məsələnin mübahisəli nöqtəsi də buradadır. Zərər müəyyən edilsə də, yetkinlik yaşına çatmayan qarşı tərəf bu məbləği ödəyə bilmədiyini bildirir. Belə olan halda işdə cinayət tərkibi olmadığı üçün polis əlavə tədbirlər də görə bilmir.

Bəs zərərçəkmiş nə etsin?

Nəqliyyat məsələri üzrə ekspert Aslan Əsədov deyir ki, mövcud qanunvericiliyə əsasən, zərərçəkmiş yalnız məhkəmədə mülki iddia qaldıra bilər: “Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıbsa, burada cinayət tərkibi yoxdur. Bu halda polis yalnız dəymiş ziyanı müəyyən edərək şəxsi zərərçəkmiş kimi tanıya bilər. Bundan sonra zərərçəkmiş məhkəməyə müraciət etməli, mülki iddia ilə çıxış etməlidir. Hazırki qanunvericiliyə görə məsələnin yeganə hüquqi yolu budur. Mülki iddia qismən və ya tam təmin edilə bilər. Qarşı tərəfin ziyanı necə ödəyəcəyinə də artıq hakim qərar verməlidir.”

Ekspert qeyd edib ki, bütün növ mopedlərin qeydiyyatı məsələsinə yenidən baxılmalı, məsələ kökündən həll edilməlidir: “Bununla bağlı dəfələrlə müraciət etmişik. Biz deyirik ki, mopedin nömrəsi olsa, həm sığortası olar, həm məsuliyyəti… İndiki halda isə çıxılmaz vəziyyətdə qalan zərərçəkmiş olur”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678