Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə şəhər liseyinin məzunu ən yüksək nəticə göstərib

1. 530 Baxış

Mingəçevirdə şəhər liseyinin məzunu ən yüksək nəticə göstərib.

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər ümumtəhsil məktəblərini bitirən, 2023-cü ildə ali məktəblərə qəbul olan, 600-dən yuxarı bal toplayan tələbələrlə görüşü keçirilmişdir. Görüş öncəsi iştirakçıları salamlayan İcra başçısı Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra qeyd etdi ki, bu gün bu tədbirə yığılmağımızın əsas səbəbi şəhərimizin ümumtəhsil məktəblilərinin şagirdlərinin ali məktəblərə qəbul olunması münasibətilə görüşün təşkil olunmasıdır. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində kadr problemlərinin həllinə və müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərir.

 

Bu il şəhər ümumtəhsil məktəblərinin 9-cu sinifləri üzrə 1390 nəfər adi attestat, 43 nəfər fərqlənmə attestatı almışdır. 11-ci siniflər 1029 nəfər adi attestat, 23 nəfər fərqlənmə attestatı almış, 17 nəfər eksternat yolu ilə imtahan vermişdir. Məktəbi bitirən məzunlardan 1 nəfər qızıl medal, 2 nəfər isə gümüş medala layiq görülmüşdür. Ali məktəbə qəbul olan tələbələrdən 55 nəfəri 500-dən yuxarı, o cümlədən 17 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər üzrə ən yüksək nəticəni Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Sənani Zeynallı (673 bal) göstərmişdir.

Tədris ilində fənn olimpiadasının respublika mərhələsində şəhər ümumtəhsil məktəblərindən 23 nəfər iştirak etmiş, onlardan 1 nəfər qızıl, 4 nəfər gümüş, 3 nəfər isə bürünc medala layiq görülmüşdülər. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində 2 nəfər iştirak etmiş, onlardan Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Cahandar Quliyev 3-cü dərəcəli diploma layiq görülmüşdür.

 

Görüşdə Mingəçevir şəhər Ağsaqqallar Şurasının sədri Akif Hacıyev, Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, valideyn Vüsalə Mustafayeva, TRHEL-in şagirdi, şəhər üzrə ən yüksək nəticə göstərən məzun Sənani Zeynallı çıxış edərək əldə olan uğurlardan bəhs etdilər, tələbə adını qazanməş gənclərə uğurlar arzuladılar.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə yekun vuraraq qeyd etdi ki, məzunlarımızın qazandığı nailiyyətlər ürəkaçandır. Burada həm təhsil işçilərimizin, həm də valideynlərin əməyi böyükdür. Bütün bu qazanılmış nailiyyətlərə görə mən ali məktəblərə qəbul olmuş tələbələri, təhsil işçilərini, habelə valideynləri təbrik edirəm. Gələcək işlərinizdə uğurlar arzulayıram.

Sonda Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən yüksək nəticə göstərmiş tələbələrə və Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş şəhid Niyazi İsgəndərovun övladı Ömər İsgəndərova hədiyyələr təqdim edilmişdir.

Esmira Hidayətova,Mingəçevir