Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Heydər Əliyev-100 Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır

108 Baxış

Turanmedia.az xəbər verir ki, sentyabrın 28-də Heydər Əliyev İli çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin tərtib etdiyi tədbirlər planına müvafiq olaraq Mingəçevir Dövlət Universitetinin akt zalında şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzi önündə ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər. Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” filminə baxış keçirilmişdir.
Konfransda giriş nitqi ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı 29 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalamışdır. 28 noyabr 2022-ci il tarixdə isə “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır. 1971-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Azərbaycanda 1 milyardıncı ton neftin hasilatının qeyd edildiyi təntənəli mərasim keçirilmişdir. Heydər Əliyevin təşəbbüsü və böyük səyi nəticəsində 70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox qurğu gətirildi. Xəzərin dərinliyində işləməyə imkan verən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 milyon tona (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin dərinliyində olan Günəşli, Çıraq, Azəri yataqları kəşf olundu.
Məhz böyük siyasətçi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi.
Bu dövrdə dünyada analoqu olmayan Həştərxanda tikilməsi nəzərdə tutulan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması cənab Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. Zavodun tikilməsinə 1978-ci ildə başlandı və 1989-cu ildə istismara verildi.
Bütün bunlar Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. O, çox gözəl anlayırdı ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın istiqadi müstəqilliyinin əsasını təşkil edəcəkdir. Tarix ümummilli lider Heydər Əliyevin haqlı olduğunu sübut etdi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan cənab Heydər Əliyev “Neft Azərbaycanın milli sərvətidir” devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmuşdur. Azərbaycan xalqının ümummilli lideri xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi” imzalandı.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən 30 ilə yaxın müddət ərzində Ümummilli Lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın çox böyük uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Hazırda hasil edilən neft və qaz ehtiyatları dünya bazarlarına bir neçə marşrut üzrə çıxarılır. Bunlar: Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləridir. Bundan əlavə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləridə istifadəyə verilmişdir.
Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi qarşıda duran əsas məsələlərdən idi.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnologiyasının Azərbaycana gətirilməsidir. Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.
Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir. Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin üzləşdiyi problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşmasıdır. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur. Neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoymuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini ölkəmizin başçısı İlham Əliyev belə şərh etmişdir: «Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi».
Prezident İlham Əliyevin neft strategiyasının digər önəmli mərhələsi 2017-ci ilin 14 sentyabr tarixidir. Bu tarixdə Azərbaycan hökuməti və BP başda olmaqla beynəlxalq konsorsium «Azəri-Çıraq-Günəşli» neft-qaz yatağının 2050-ci ilə qədər işlənməsi haqqında yeni saziş imzaladılar. Mötəbər xarici qonaqların da iştirak etdikləri və Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimindəki çıxışında Prezident İlham Əliyev demişdir: «Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. «Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır… kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var».
Bu gün dünyada qəbul olunmuş belə bir tezis var: «Neft – enerji deməkdir, enerji isə sərvətdir». Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu neft siyasətinin nəticəsidir ki, Azərbaycan nefti ancaq dövlətimizin qüdrətlənməsinə, vətəndaşlarımızın rifah halının yüksəlməsinə xidmət edir.
Konfransda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ümummilli lider Heydər Əliyev neft strategiyasının banisidir”, Milli Məclisin deputatı Aydın Mirzəzadə “Əsrin müqaviləsi”nə aparan yol. Neft strategiyasınaın uğurları”, MDU-nun elmi işlər üzrə prorektoru Veysəl Əyyubov “Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyinə verilən ən böyük töhfədir”, MDU-nun kafedra müdiri Emiliya Hüseynova “Yeni neft strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir mərhələsi dövlətimizin qüdrətlənməsinə və vətəndaşlarımızın rifahının yüksəlişinə xidmət edir” məruzələri ilə çıxış etmişlər.

Esmira Hidayətova,Mingəçevir

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678