Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Eynulla Fətullayevlə Əvəz Zeynallı üzləşdirilib: “Səs yazısı vardısa, niyə istintaq onu ortaya çıxarmadı?”

43 Baxış

“Haqqin.az” saytının baş redaktoru Eynulla Fətullayev “Xural.com” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsində dindirilib. O, Ə.Zeynallıya qarşı rüşvətalma ittihamıyla bağlı ifadə verib.

Əvəz Zeynallı ötən ilin sentyabrında Fətullayevin yaydığı səs yazısından sonra prokurorluqda başlanmış araşdırma nəticəsində həbs olunub. Sözügedən səs yazısı “Xural.com” rəhbərilə vəkil Elçin Sadıqov arasındakı danışıqdan ibarət idi.

“Dedi ki, Əvəz Zeynallı ilə yaxınam…”

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, “Azadlıq” radiosunun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən E.Fətullayev deyib ki, dostu – “Baku Steel Company” MMC-nin (Poladəritmə zavodunun) keçmiş rəhbəri Rasim Məmmədovun həbsindən sonra vaxtilə özünün müdafiəçisi və isti münasibətləri olan Elçin Sadıqovun vəkil tutulmasını onun ailəsinə təklif etmişdi: “Bir gün Elçin Sadıqov mənə dedi ki, Əvəz Zeynallı özünün “YouTube” kanalında Rasim Məmmədov haqqında təhqiramiz fikirlər işlədir. Bundan Mehriban xanım (Rasim Məmmədovun həyat yoldaşı) çox narahatdır. Elçin Sadıqov dedi ki, Əvəz Zeynallı ilə yaxınam, mən həll edəcəyəm”.

Onun sözlərinə görə, sonradan vəkil deyib ki, Ə.Zeynallı elə materialları dayandırmaqdan ötrü 20 min manat pul tələb edir. E.Fətullayev iddia edib ki, həbsdə olan iş adamının xanımı Mehriban Məmmədova 20 min manatı E.Sadıqov vasitəsilə Ə.Zeynallıya göndərib.

Fətullayev deyib ki, bir müddət keçəndən sonra “Xural”ın efirində Əvəz Zeynallı yenidən Rasim Məmmədov haqqında təhqir xarakterli fikirlər səsləndirib. Bundan dərhal sonra vəkil E.Sadıqova zəng edərək, pulun geri qaytarılmasını istəyib: “Mənim zəngimdən sonra Elçin Sadıqov Mehriban xanıma Əvəz Zeynallı ilə aralarında olan danışığın səs yazısını atıb. O da mənə göndərdi. Pulu qaytarmağına 1 saat vaxt qoymuşdum. O müddətdə qaytarılmadı, ona görə mən də o səsi yaydım…”.

Əvəz Zeynallı Eynulla Fətullayevdən soruşub ki, onunla münasibətləri olduğu halda, niyə dostuna aid məsələni ondan soruşaraq, 20 min manat məsələsini dəqiqləşdirməyib?

O da cavabında bildirib ki, iki mənbədən – vəkil və dostunun həyat yoldaşından bunu öyrəndiyindən, Əvəzə zəng etməyib.

“Səs yazısı vardısa, niyə istintaq onu ortaya çıxarmadı?”

Əvəz Zeynallı həbs olunmasına görə Eynulla Fətullayevi günahlandırıb: “Məni bura saldırmısan…”.

Qarşı tərəf onun ittihamıyla razılaşmayıb: “Sən özün özünü ora salmısan…”.

Əvəz Zeynallının fikrincə, Eynulla Fətullayevin özü onun “Xural” kanalında Rasim Məmmədov haqqında səsləndirdiyi fikirlərə qulaq asmayıb:

“Siz heç bilmirsiniz ki, mən orada nə demişəm. Amma deyirsiniz ki, guya təhqir eləmişəm. Mən heç kimi təhqir eləmirəm. İstintaqdakı ifadənizdə demisiniz ki, Elçin mənim səsimi yazıb, pulu alıb Rasim Məmmədov haqqında danışmayacağımla bağlı sövdələşməyə getməyim barədə. Guya Elçin sizə deyib. Elə səs yazısı vardısa, niyə istintaq onu ortaya çıxarmadı?”.

Əvəz Zeynallı Rasim Məmmədovun ailəsiylə heç bir sövdələşməyə getmədiyini, pul almadığını deyir.

Əvəz Zeynallı ötən il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınması olsa da, sonradan başqa ittihamlar (rüşvət verməyə təhrik, vəzifəli şəxslərin qərarlarına təsir göstərmə və s.) da irəli sürülüb.

Lakin “Xural” rəhbəri bunların heç birini qəbul etmir və sifarişlə həbs olunduğunu deyir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678