Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Emin Əmrullayev nə demək istəyir? – Bu, xaos və nizamsızlıq yaradır

23 Baxış

“Biz 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən tələb edirsə, ona uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik”.

Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi bu fikirlər maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Ümumiyyətlə, bu sahədə yeniliklərə ehtiyac nədən qaynaqlanır və məzmun dəyikliyi nəyi ehtiva edir?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov TNS-ə bildirib ki, nazir Emin Əmrullayev kifayət qədər açıq danışıb, onun fikirlərini konkret ifadə etməsi cəmiyyətdə maraq doğurub: “Nazirin 10-11-ci siniflərdə verilən təhsilin məzmununa yenidən baxılmasına dair fikirlərində böyük həqiqət var. 10-11-ci siniflərdə hədəf yalnız ali məktəblərə qəbuldursa, o zaman bu mərhələdə ancaq repetitor fəaliyyəti qurmaqla məzunların böyük əksəriyyətinin ali məktəblərə qəbul olunmasını təmin edə bilərik. Amma nazirin də bildirdiyi kimi, təhsilin yekun hədəfi təkcə ali məktəbə qəbul olmaq deyil, layiqli vətəndaş yetişdirmək, şəxsiyyət formalaşdırmaqdır”.

İlqar Orucov bildirib ki, hədəfdə ikinci yanaşma da varsa, məzmun fərqli olmalıdır: “Mən təhsilin proqram məzmununda zaman-zaman dəyişkliyin tərəfdarıyam. Çünki dünyada yeni çağırışlar var. Təhsilin qarşısında zamanın çağırışlarından irəli gələn yeni tələblər durur. Bu sahədə inkişaf etmiş ölkələrə baxsaq, görərik ki, təhsilin məzmununda yeniləşmə gedir. Biz nə istədiyimizin fərqində olmalı, hədəfi düzgün müəyyənləşdirməliyik. Təhsilin məqsədi bütövlükdə cəmiyyətin, dövlətin etibar edə biləcəyi vətəndaş, şəxsiyyət hazırlığını həyata keçirməkdir. Eyni zamanda, gələcəyin əmək bazarı üçün bilikli, peşəkar, dünyada gedən sürətli dəyişkliklərə cavab verə biləcək kadrlar hazırlamaqdır. Hədəfimizi düzgün müəyyənləşdirməsək, görəcəyimiz işin də heç bir effekti olmayacaq. Hədəfin qeyri-müəyyənliyi fəaliyyətdə xaos və nizamsızlıq yaradır. Ona görə mütləq bu barədə düşünməli və işimizi buna uyğun şəkildə qurmalıyıq”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678