Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həyatının mərkəzinə başqalarını qoyanlar – Onlar get-gedə özlərindən uzaqlaşırlar…

22 Baxış

Empatiya ətrafdakı insanların duyğusal vəziyyətlərini, hiss etdiklərini başa düşmək, özünü onun yerinə qoya bilmək bacarığı kimi qəbul olunur.

Çətin vəziyyətdə olan insanları başa düşmək və qarşılaşdığı problemlə bağlı onlara kömək etmək istəyirik. Bu insan ailə üzvü və ya yaxın dostumuz, bəzən heç tanımadığımız biri də ola bilər.

Empatiya sağlam münasibətlər qurmaq üçün vacibdir. Lakin bu zaman həddi müəyyənləşdirmək, aşmamağa diqqət etmək vacibdir. Mütəxəssislərin fikrincə, insanları anlamaq üçün çox əmək sərf etmək duyğusal çöküşə səbəb ola bilər. Hiperempatiya adlanan bu sindrom insanda bir çox probeləmə yol aça bilər.

Empatiya mərhəmət yolunda mühüm addımdır…

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı TNS-ə danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov hiperempatiyanın nələrə səbəb ola biləcəyi ilə bağlı məqamlara aydınlıq gətirib.

Psixologiyada empatiyanın başqa bir insanın duyğularını başa düşmək, özünü onun yerinə qoya bilmək qabiliyyəti kimi müəyyən edildiyini deyən psixoloq empatiyanın təməlinin özünüdərkdən başladığını bildirib: “Öz hisslərimizi nə qədər yaxşı anlayırıqsa, başqalarının hisslərini də bir o qədər düzgün oxuya bilirik. Başqalarının nə hiss etdiyini sezə bilməmək – emosional zəka baxımından böyük bir çatışmazlıq, insani baxımdan isə faciədir. Bu hala daha çox cinayət törədən psixopatlarda, qadınlara təcavüz edənlərdə, uşaqlara qarşı zorakılıq edənlərdə rast gəlinir. Yəni, empatiya mərhəmət yolunda mühüm addımdır”.

Müsahibimiz vurğulayıb ki, empatiya hissinin həddindən artıq olması hiperempatiya sindromu yaradır. Hiperempatiya sindromu digər insanların duyğularına çox fokuslandığınız zaman baş verir: “Digər insanların duyğularına çox fokuslanmaq isə özündən başqa hər kəsə daha çox əhəmiyyət verməyə səbəb olur. Hiperempatiyası olan insanlar emosiyalarını tənzimləməkdə çətinlik çəkir, mənfi hissləri qəbul etməyə meyilli olurlar.

Həddindən artıq empatiya hissi olan şəxslərdə bir çox problemə rast gəlirik.

Misal üçün, digər insanlar mənfi hisslər keçirdikdə onlar güclü emosional reaksiyalar verir. Bəzən bu reaksiyalar adi bir fotoşəkilə və ya filmə baxanda belə intensiv olur və fiziki simptomları (mədə ağrısı, ürəkbulanma) ehtiva edə bilir.

Bu cür insanların həyatının mərkəzində özləri deyil, başqalarının problemləri olur, bu hal get-gedə onları özlərindən uzaqlaşdırır.

Bir müddət sonra “yox!” demək bu insanlar üçün fəlakətə çevrilir. Belə bir problem isə onlarda özgüvən əksikliyi və depressiv vəziyyətlərə səbəb olur”.

Psixoloqun sözlərinə görə, hiperempatiyası olan insanlar cəmiyyətdə “həddən artıq həssas insan” kimi etiketlənir.

Onun sözlərinə görə, nəticə etibarilə idarə olunmayan hiperempatiya psixi sağlamlığa zərər vurur: “Çünki hiperempatiya sizi bir-birindən asılı münasibətlər qurmağa, zəif şəxsi sərhədlərə malik olmağa və öz ehtiyaclarınızı qarşı laqeyd olmağa vadar edir”.

Həddindən artıq empatiya hissini necə idarə etmək olar?

Elnur Rüstəmov empatiya hissinin necə idarə olunmasından da bəhs edib. Müsahibimiz bildirib ki, hiperempatiyanı idarə etmək üçün sağlam sərhədlər qoymağı və özünə qayğı göstərməyi üstün tutmaq lazımdır: “Bu, öz ehtiyaclarınıza və duyğularınıza laqeyd olmamağa kömək edəcək. Bundan əlavə, özünüdərki artırmaq mütləqdir. Öz hisslərinizi bilmək və özünü ifadə etmək qabiliyyətini inkişaf etdirmək müəyyən qədər bu problemin həllinə kömək edəcək.

Sevdiyiniz insanla necə davranırsınızsa, özünüzə də elə davranmağa çalışın. Təsəvvür edin ki, ən yaxşı dostunuz sizin başınıza gələnləri yaşayır. Ona göstərəcəyiniz dəstəyi və mərhəməti özünüzə yönəldin. Unutmayın ki, siz göstərdiyiniz yaxşılığa layiqsiniz.

Hiperempatiya həm də sərhəd şəxsiyyət pozuntusunun (BPD) əlaməti ola bilər. Bununla bağlı mütəxəssis psixoloqa müraciət etmək və emosiyalarınızı tənzimləmək üçün sağlam bir yol tapmaq vacibdir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678