Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim reanimatoloq: “Vətəndaşlar koronavirusla bağlı bütün vəziyyəti tam qiymətləndirmirlər” – MÜSAHİBƏ

317 Baxış

Azərbaycanda koronavirus infeksiyasına bütün pandemiya dövründə misli görünməmiş yoluxma yaşanır. COVID-19-un yayılması ölkənin səhiyyə sisteminə böyük yük yaradır. Nəticədə qaynar xətlər həddindən artıq yüklənir, təcili yardım briqadaları, xəstəxanalardakı tibb işçiləri və apteklərdə dərman çatışmazlığı baş verir…

Media.Az Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin intensiv terapiya blokunun reanimatoloqu Vadim Koçetkovla mövcud vəziyyəti müzakirə edib.

– Ölkəmizdə koronavirusla bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

– Son vaxtlar infeksiyaya yoluxanların sayı xeyli artıb. Bu, bir tərəfdən aparılan çox sayda testlə əlaqədardır, digər tərəfdən də, vətəndaşlar həmişə sosial məsafə, maska taxmaq və antiseptik vasitələrdən istifadə etmək kimi profilaktik tədbirlərə riayət etmirlər. Yeri gəlmişkən, adi materiallardan olan maskalar yox, tibbi maskalar seçmək vacibdir.

– Koronavirus müalicəsi haqqında nələri bilməliyik?

– Yüngül keçirdikdə başqalarından təcrid olunaraq evdə müalicə kifayətdir. Xəstəlik orta və ağır halda olarsa, xəstəxanada, lazım olduqda isə reanimasiya şöbəsində müalicə aparılmalıdır. Ancaq virusa yoluxanların sayının artması ilə əlaqədar daha çox insan evdə müalicə almaq məcburiyyətində qalır. Lakin bu, tez-tez ağırlaşmalara və fəlakətli nəticələrə səbəb olur.

Əksər hallarda xəstəliyin özü, xüsusilə gənc və sağlam bir kontingentdə yüngül keçir. Amma gənc, xəstə görünməyən insanlarda belə xəstəliyin şiddətli, virusun gözlənilməz olduğu hallar da olur.

– Koronavirusun məkrli cəhəti nədir?

– Ona yoluxmağın kifayət qədər asan olması və sürətlə yayılmasıdır. Vətəndaşlar bütün vəziyyəti tam qiymətləndirmir, baş verənlərə göz yumur və bəzən müalicələrini tamamlamadan adi həyatlarını davam etdirir, başqalarına yoluxdururlar.

– Uzun müddət xatırlayacağınız bir hadisəni bizimlə paylaşın.

– Həmkarımız koronavirus xəstələrini müalicə edərkən COVID-19 xəstəliyinə tutulduğunda belə halla rastlaşmışıq. Qoruyucu formasına və maska taxmasına baxmayaraq, infeksiyadan yaxa qurtara bilmədi. Özü də bilmədən xəstələnənə qədər günlərlə xəstələrin müalicəsini davam etdirdi. Bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmadı. Xəstəliyin gedişatını çətinləşdirən onun şəkərli diabet xəstəsi olması idi.

– Ölüm hadisələri ən çox nəyə görə baş verir?

– Koronavirusdan ölüm ən çox ağırlaşmalara görə baş verir. Xüsusilə, kəskin tənəffüs çətinliyi sindromundan, ürək-damar ağırlaşmalarından, ağciyər trombozundan və sairə.

– Başqa kimlər risk altındadır?

– Sinir sisteminin zədələnməsi bədənin bütün orqanlarına və sistemlərinə, xüsusən də immunitet sisteminə güclü şəkildə təsir edir, onu zəiflədir. İndiki karantində ətrafda bu qədər məhdudiyyət olduğu zaman əhali stress altındadır, hər kəs əsəbi vəziyyətdədir.

Yaz aylarında karantin məhdudiyyətləri səbəbilə demək olar ki, heç kim tətildə heç bir yerə gedə bilmədi; dəniz sahillərinə getmək məhdudiyyətləri də özünü büruzə verdi. Nəticədə əhalinin immunitet sisteminin zəifləməsinə səbəb olan D vitamini çatışmazlığı var. Evdən çıxma məhdudiyyətləri də buna təsir etdi. Bağlı bir məkanda – binalarda, ictimai nəqliyyatda və sair yerlərdə yoluxmuş xəstələrlə mütəmadi təmasda olmaq virus yükünü artırır.

– Sizcə evdə müalicə nə dərəcədə effektivdir?

– Evdə müalicədə ən vacib şey orqanizmin vəziyyətinə nəzarət, hemodinamik (nəbz, təzyiq, temperatur) və əlbəttə simptomatik müalicədir. Əsas məsələ fəsadların qarşısını almaqdır.

Xəstəliyin daha yüngül formalarında evdə müalicə heç bir çətinlik yaratmır. Ancaq orta və ağır vəziyyətdə nəfəs darlığı, qanın oksigenlə doymasının azalması, hərarət, halsızlıq və xüsusən diabet, hipertoniya, onkoloji xəstəliklərin olması zamanı təcili yardımla vaxtında əlaqə qurmaq vacibdir.

– Xəstəliyin ilk əlamətlərini hiss etdikdə nə etmək lazımdır?

– Əsas məsələ təşvişə düşməməkdir. Bol su içmək (limonlu çay, zəncəfil, cem, meyvə suları və s.), yaxşı qidalanma, tənəffüs məşqləri və buna görə simptomatik müalicə lazımdır. Ağız boşluğunun gigiyenası, əllərin tez-tez yuyulması və antiseptiklərin istifadəsi də son dərəcə vacibdir.

– Evdə bir koronavirus xəstəsi varsa, deməli bütün ailə üzvləri xəstələnəcək? Özümüzü necə qoruya bilərik?

– Hamının xəstələnməsi mümkündür. Lakin bu, bədənin immunitet sistemindən asılıdır. Ailənin içində ümumiyyətlə yoluxmayanların olduğu hallar da olur. Yenə də hər şey fərdidir. Təkrar edirəm, əl gigiyenası, qoruyucu maskadan istifadə, ailənin qalan hissəsi ilə təmasın məhdudlaşdırılması, ayrı bir otaqda təcrid olunmaq tövsiyə edilir. Protokola əsasən sağlam ailə üzvlərinə əsas terapiyanın profilaktik qəbulu da göstərilir.

– Sonda oxucularımıza nə demək istərdiniz?

– Bütün vətəndaşlarımızın bir olmalarını, bir-birlərinə kömək etmələrini, bütün gigiyena və profilaktik tədbirlərə riayət etmələrini, tibbi maskalar taxmalarını istərdim. Hamınıza can sağlığı və xəstələrə tezliklə yaxşılaşmağı diləyirəm!


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678