Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Niyə bizdə o əjdahadan yoxdur?

197 Baxış

Kubra Məhərrəmova yazır…

Bu yaxınlarda “Haber Global” “Buket Aydın ile Koltuk” layihəsinə başlayacağı barədə video paylaşdı. Baxdım, açığı paxıllıq elədim. 

Soruşdum ki, “niyə bizdə belə qadın yoxdu?” Cavab “qadın var, aparıcı yoxdur”. 

Bu qədər dəqiq cavab. Anladım ki, nə qədər bizim əksər televiziya kanallarımızda ancaq xınayaxtı, toy ab-havası hökm sürəcək, sözünü deyə bilən, qonaqları suallarıyla, danışığıyla mat qoyacaq qadın aparıcılar olmayacaq. 

Yaxşı indi deyəcəksiniz ki, bəs niyə bizdə o əjdahadan yoxdu? Və bunun olması üçün nə etməliyik? 

Birinci növbədə qadın aparıcıların ayağından qaşlı ayaqqabıları və əyinlərindən “fış-fış” donları çıxartmalıyıq. Qadın aparıcı efirə toy müğənnisi, xınayaxtı aparıcısı kimi çıxmalı deyil. 

Verilişin konseptinə uyğun geyinməli, makiyaj olunmalıdır. Danışığı səlis, sualları dəqiq olmalı, söhbəti tələb olunan səmtə yönəldə bilməlidir. Verilişin mövzusuna uyğun hazırlaşmalı, tarixi faktları öyrənməli, qonaqla bağlı maksimal dərəcədə məlumata malik olmalıdır. Necə deyərlər, mövzunun güclü və zəif tərəflərini bilməlidir. 

Veriliş qonağa deyil, qonaq verilişə tabe olmalıdır. Tamaşaçı maraqlı polemikanın şahidi olmalıdır. Tərif məclisinin yox… 

İnsanların get-gedə telekanallara etibar etməməsi, daha çox sosial şəbəkələrə inanması da buradan qaynaqlanır. Bəzi telekanallar var ki, 7/24 toyxana verilişləri təqdim edir. Ya da bəzi müğənnilər sosial-iqtisadi, hərbi-siyasi məsələlər üzrə ekspert kimi çıxış edirlər. 

Bax bunu qəti etmək olmaz. İstənilən mövzu ilə əlaqədar o mövzunu bilən, araşdıran mütəxəssis dəvət olunmalıdır efirə. Bəzən efir redaktorları işlərini asanlaşdırmaq üçün bir qonağı dəfələrlə efirə dəvət edirlər. Bu da tamaşaçıda vərdiş yaradır. Eyni adam bəzən aylarla efirdən düşmür. Kanala da, efirə də maraq itir. 

Son günlərin ən çox müzakirə olunan mövzusu “Space” telekanalına kimin rəhbər təyin olunmasıdır. Sosial şəbəkələrdə ən müxtəlif adamların namizədliyi irəli sürülür. İnanıram ki, yeni təyin olunacaq rəhbər “Space” kanalını əvvəlki günlərinə qaytara biləcək. 

Vaxtiylə “Space” kanalı ölkənin ən aparıcı televiziya kanalı idi. Xəbərləri də, əyləncə kontenti də bütün ölkəni bu kanala bağlamışdı. Çünki peşəkar komanda çalışırdı. Peşəkar redaktorlar, rejissorlar, müxbirlər çalışırdı. Sonra Vaqif Mustafayev nə elədisə, o peşəkar komandadan heç kim qalmadı. 

Mən “Space” kanalının parlaq dövrünü çox yaxşı xatırlayıram. Düşünürəm ki, bu gün bu kanalın yenidən dirçəlməsi üçün şansı var. Sosial mövzuları, insanların problemlərini işıqlandırsa, xeyli tamaşaçı ordusu qazana bilər. Amma burada çox peşəkar komanda çalışmalıdır ki, həqiqəti yalandan, doğru xəbəri təxribatdan ayıra bilsin. Baş verən hadisəyə reaksiya çevik olmalıdır. Bunun üçün isə təcrübəli televiziya işçiləri yeni komandaya cəlb olunmalıdır. 

Vətən müharibəsi dövründə biz Türkiyə kanallarının yaylım atəşi altında necə çevik işlədiyinin şahidi olduq. Fülya heç də təsadüfən Azərbaycan xalqının qəhrəmanına çevirilmədi. Xanım çox peşəkar və səmimi olaraq müharibə dəhşətlərini dünyaya çatdırdı. Əfsuslar olsun ki, bizim yerli kanallardan belə qadın müxbir görmədik. 

Bu gün siyasi mövzuları təhlil edə bilən aparıcılara ehtiyac var. Ən azı siyasi ekspertlərə düzgün sual verməyi bacaran və qonağın cavabını anlaya bilən… Hansısa yeni qanun layihəsini müzakirə edə bilən… Düşünürəm ki, toyxana və bir-birini tərifləmək ab-havasından artıq çıxmalıyıq. 

Belə tənqidi fikirləri yazanda mütləq İTV-ni qeyd etməliyəm. Bu televiziyanın illər əvvəl təqdim etdiyi məhsullar heç kimin yadına düşməyəcək. Çünki çox maraqsız idi və tamaşaçısı da demək olar ki, yox idi. Amma son illər İTV Azərbaycan teleməkanında yeni brendə çevirildi. Qonaqlar böyük məmnuniyyətlə İTV-nin verilişlərinə qatılır, az-çox tanınan aparıcılar İT -də çalışmaq istəyirlər. Deməli ki, mümkün olmayan heç nə yoxdur. Sadəcə çalışmaq və vicdanlı olmaq lazımdır. 

Sonda yenə də diqqətimi qadın aparıcıların üzərinə gətirmək istəyirəm. Mən yerli telekanallarda gözəl və ağıllı qadınlar görmək istəyirəm. Zövqlə geyinmiş, zövqlə danışan aparıcıya zövqlə qurulmuş kadrda baxmaq istəyirəm. Yüksək intellektli, xarizmalı simalara ehtiyacımız var. 

Tam səmimi deyirəm ki, toyxana müğənnisi görünüşündə olan aparıcılardan hamı yorulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678