Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya televiziyasının siması olmuş Aytac Carçiyeva: “Sonuncu 100 dollarıma bilet aldım”

133 Baxış

Həmkarları onun Rusiyanın “Rossiya” telekanalından yerli “Xəzər TV”yə keçidini “ilin transferi” adlandırdılar. O, Vətənindəki müharibəyə və onun nəticələrinə biganə qala bilmədi. İşğaldan azad edilmiş Qarabağ torpaqlarını görə bilmək, bərpa olunmasında iştirak etmək üçün İstanbulda prestijli işini tərk etdi.

Aytac Carçıyeva Oxu.Az-a müsahibəsində dörd ay bundan əvvəl etdiyi çətin seçim haqqında və Qarabağda gördüklərindən bəhs edib.

– Necə oldu ki, məşhur rusiyalı jurnalist Azərbaycanda işləməyə gəldi?

– Azərbaycana gəlməyi çoxdan planlaşdırırdım. Son üç ildə bu istək həddən artıq artdı. Gəlişimin təbii katalizatoru Qarabağ müharibəsi oldu. Deyə bilərəm ki,  Azərbaycan üçün narahat idim, xalqım və ölkəmin yanında olmaq istəyirdim. Qarabağın bərpasını işıqlandıran ilk şəxs olmaq istəyirdim. Ancaq yığışıb sadəcə gələ bilməzdim, çünki Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti (ÜDTRYŞ) ilə müqaviləm vardı.

Ötən ilin dekabrında məzuniyyətdə Bakıya gəlmişdim. Həmin vaxt “Xəzər TV”nin baş direktoru Murad Dadaşovdan təklif aldım və məmnuniyyətlə qəbul etdim. Hazırda mən bu telekanalın xəbərlər şöbəsinin şef-redaktoruyam.

– Bir qədər “bekqraund” əlavə edək. Necə oldu ki, ÜDTRYŞ-da çalışmağa başladınız?

– “Rossiya” telekanalının xəbərlərində çalışmaq mənim uşaqlıq arzum idi. Mənim idealım Svetlana Sorokina idi. 15-16 yaşım olanda Sorokina kimi olacağımı deyirdim. Üzərindən çox illər keçdi və biz tanış olduq. Arzular bax bu cür çin olur.

Sonra mənə dedilər ki, əvvəlcə rus dilini öyrənməliyəm. Mən Azərbaycan sektorunda oxuyurdum və yeniyetmə ikən rus dilində iki kəlməni belə bir-birinə bağlaya bilmirdim. Ancaq mən olduqca inadkar bir insanam: 2002-ci ildə “böyük və qüdrətli” dili öyrənməklə ciddi məşğul oldum. 2006-cı ildə isə artıq İstanbul hava limanının yük terminalında baş verən yanğını “Vesti”də canlı yayımda işıqlandırdım.

O vaxt İstanbula yenicə gəlmişdim, doktoranturaya sənəd vermişdim. “İhlas Haber Ajansı” üçün işləmək təklif edildi: ingilis dilini bilən xəbər tərcüməçisinə ehtiyacları var idi. Bu zaman “Rossiya” televiziya kanalının çəkiliş qrupu gəldi (“İhlas” onlara təşkilatçılıq məsələlərində kömək edirdi). Onlar rus dilində mükəmməl danışdığımı dedilər və Moskvadakı rəhbərliklərinə məni məsləhət gördülər. O zaman ÜDTRYŞ-nın Türkiyədə müxbiri yox idi. CV göndərdim, tezliklə mənə zəng gəldi və Moskvaya uçdum. Sonuncu 100 dollarıma bilet aldım. Və praktiki olaraq pulsuz, amma özümə böyük inamla özümü “Rossiya” televiziya kanalının binasının qarşısına gəldim.

Əlbəttə ki, bir jurnalist üçün orada mühit cəlbedicidir, müsahibə zamanı isə ürəyim əsirdi. Müsahibəni indi “Nauka” TV kanalının baş direktoru, həmin vaxt isə “Vesti”nin beynəlxalq şöbəsinin rəhbəri olan Qriqori Kovbasyuk apardı. Mənim potensialım olduğunu gördü, çünki televiziyada işləmək təcrübəm yox idi (“Lider” telekanalında az iş təcrübəsi sayılmaz) və mənə şans verildi. Mənə dedilər ki, “hansısa ekstremal hadisədən reportaj verməlisən”. İstanbula gəldim və bir neçə gün sonra hava limanının yük terminalı yandı. Sadəcə bəxtim gətirdi. Axşam efirində canlı yayıma çıxmaq üçün insanlar bəzən illərlə işləyirlər, amma mən bu mərhələləri birdən keçdim.

– Kollektivdə sizi necə qəbul etdilər? “Vesti”də çalışmaq çətin idimi və nəyə görə sizi belə asanlıqla buraxdılar?

– Məni yaxşı qəbul etdilər və hər zaman hörmətlə yanaşdılar. Mənim soyadım – Carçıyeva rus dilinə “Vestnikova” kimi tərcümə olunur. Bu, telekanalda xoş zarafat mövzusuna çevrildi.

15 il Türkiyədə xüsusi müxbir kimi çalışdığım üçün redaksiyada nadir hallarda görünürdüm.

Bu müddətdə özümü fərqli amplualarda, o cümlədən xüsusi müxbir kimi Türkiyə qoşunlarının Suriya şimalı və İraqdakı əməliyyatlarında da sınadım. Türkiyə prezidenti, Rusiya Federasiyası nazirləri ilə birbaşa bağlantılarım olub. Mən Hatayda ağlayan uşaqları, ilk suriyalı qaçqınları görmüşəm.

Əminliklə deyə bilərəm ki, Türkiyədə rəqibim yox idi. Türk, rus və ingilis dillərini peşəkar səviyyədə bilməklə yaxşı karyera qurmaq mümkündür.

“Vesti”dən çox çətinliklə buraxdılar. Onların işçilər üçün yüksək meyarları var. Məsələn, mənim yerim hələ də boşdur. Ancaq açıq şəkildə dedim ki, müqaviləm bitmək üzrədir və ayrılmaq istəyirəm. Onların başqa seçimi yox idi.

– Siz Türkiyədə Rusiya mediasında çalışmış bir azərbaycanlısınız. Belə geniş coğrafiya ilə bağlı hər hansı bir problem yaşanıbmı? Axı, bir zamanlar Türkiyə ilə Rusiya arasında kifayət qədər gərgin münasibətlər var idi …

– Uzun illərdir jurnalistika üzrə təlimlər keçirirəm. İldə iki dəfə türkiyəli tələbələri toplayıb, onlara jurnalist etikasını öyrətmişəm. Əsas leytmotivim o idi ki, jurnalistin münaqişənin hər hansı bir tərəfində olmaq hüququ yoxdur.

Düzdür, sosial şəbəkələrdə deyirdilər ki, “o, Türkiyəyə rəğbət bəsləyir”. Ancaq Qarabağ müharibəsindən əvvəl mən əsl bir jurnalist kimi bitərəf mövqedə dayandım. İzmir və İstanbuldakı zəlzələlərdən sonra xarabalıqları lentə alarkən nə yaşadığımı heç kim bilmirdi. Ancaq indi deyə bilərəm ki, Türkiyə mənim ikinci vətənimdir. Türk xalqının ağrıları həmişə mənim dərdim olub.

Məsələn, Suriyanın şimalında Rusiyaya məxsus təyyarə vurularkən laqeyd qalmağın nə qədər çətin olduğunu təsəvvür edə bilməzsiniz. Vəziyyətin çox gərgin olduğunu başa düşürdüm və tam bitərəfliyimi qoruyaraq bu mövzuda hesabat hazırladım. Baş redaktor məni zəng vurdu və reportaj üçün təşəkkür etdi.

Mən həm Türkiyəyə, həm də Rusiyaya qarşı danışmaqdan həmişə imtina etmişəm. Türkiyənin bəzi nəşrləri zəng edib Rusiyaya qarşı bir şey bildirmələrimi istəyirdi – mən həmişə imtina edirdim. Və ya baş ofis, reportajıma antitürk orientasiyalı bir cümlə daxil edilməsini istəyirdi. Mən deyirdim, “ya işdən çıxarın, ya olduğu kimi saxlayın”.

Səfir Karlovun öldürülməsini ilk olaraq işıqlandıranlardan biri idim. Axşam “Vesti”də canlı yayımım var idi. Düzü, o zaman bunun Rusiya-Türkiyə münasibətləri üçün ən ciddi təhlükə olduğunu düşünürdüm. Ancaq RF prezidenti Vladimir Putinin bunun üçüncü şəxslərin işi olduğuna dair ilk sözləri məni arxayın etdi.

Ümumiyyətlə, Rusiya-Türkiyə münasibətlərində bir çox şey sabun köpüyü kimi şişirdilmişdi. Məsələn, böhran zamanı rusların Antalyadakı mənzillərini kütləvi şəkildə satıb vətənlərinə getmələri barədə xəbərlər oldu. Bu mövzuda reportaj çəkməyə başladım və bunun sadəcə uydurma olduğu ortaya çıxdı.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678