Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hərbi həkim: “Şuşanın azad edilməsini əməliyyat otağında öyrəndim” – MÜSAHİBƏ + FOTO/VİDEO

118 Baxış

Bir müddət öncə sosial şəbəkələrdə üst-başı qan içində olan hərbi həkimin fotosu gündəm olmuşdu. Həmin həkim ehtiyatda olan mayor Elgün Səmədovdur. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini bitirib. Daha sonra Azərbaycan ordusunda tibb sahəsinə aid müxtəlif vəzifələri icra edib. Ehtiyatda olan mayor kimi ordudan tərxis olunub. Hərbidə olduğu müddətdə Gülhanə Hospitalında ümumi cərrahiyə üzrə  təkmilləşdirmə kursu keçib. Tərxis olduqdan sonra öz ixtisası üzrə çalışıb. Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində həkim kimi iştirak edib.

Elgün Səmədovun Oxu.Az-a müsahibəsini təqdim edirik.

– Bir həkim üçün müharibə nə deməkdir?

Mənim dayım uzun illər cərrah olub. Mənim atamın babası repressiya qurbanı olub. Atamın əmisi hərbi həkim olub. 1941-1945-ci il müharibəsində itkin düşüb. Biz onların yolunu davam etdiririk. Daima müharibə arzulamışam. Müharibəni öz ədalətimizi bərpa etmək üçün arzulamışam. Aprel döyüşlərində psixoloji zəmin hazırlandı. Naftalan hospitalında çalışdığım müddətdə bir cərrah kimi mənə çox ehtiyac var idi, amma mən istəyirdim ki, bir günlük ara olsun, təcili tibbi yardım maşını ilə yaralı təxliyəsi edim və azad olunan torpaqları görüm. Çox şükür bu, 2016-cı ildə olmasa da, 2020-ci ildə baş tutdu. 

– Vətən müharibəsinə nə vaxt qatıldınız?

Müharibə başlayan gündən Bakıda “Yeni Klinika”da yaralıları qəbul etdik. 5-6 gün keçəndən sonra Füzuli Hospitalına ezam olundum. Orada cərrahiyyə əməliyyatlarına biz cavabdeh idik. Ağır yaralılar gəlirdi, biz müdaxilə etməyə başlayanda, hərbçilərimiz bizi yaxına buraxmırdı. Deyirdi ki, ilk növbədə mənim kiçik əsgər qardaşıma, zabit yoldaşıma kömək edin.

– Ən təsirli məqamı necə xatırlayırsınız?

Şuşa alınan ərəfədə yatdığımızı xatırlamıram. Həmin şəraitdə yatmaq necə ola bilərdi? Ancaq harasa söykənib qısa müddət yata bilərdin. Çətin əməliyyatlarımız çox oldu. Döyüş meydanından çıxarılan yaralıları ilk olaraq bizim hospitala gətirirdilər. Bir hadisə beynimdə həkk olunub. Yaralını Bakıya təxliyəyə hazırlayarkən daxili qanaxma oldu. İki dəfə ard-arda əməliyyat etdim. Qanaxmanı kəsə bilmirdik. Nazik bağırsaqları dörd yerdən zədələnmişdi. Həmin hərbçinin əməliyyatlarına Bakıda da girdim. Ailəsi ilə artıq bir bağ yaranmışdı.

– Ən ağır vəziyyətdə olan xəstəniz kim idi?

Bir yaralı gətirmişdilər, qanaxmanı saxlaya bilmirdilər. Həmin an qərar verilmişdi ki, qolu amputasiya edilsin. Mən təkid etdim ki, amputasiyaya ehtiyac yoxdur. Bu xəstəyə 7-8 saat şans verə bilərik. Bakıda tibbi briqada onu gözləyirdi. Amma deyirdilər ki, qanqren olacaq. Biz həmin xəstəni təxliyə etdik, qolunu qoruduq. Bir ay keçəndən sonra qolunu amputasiya etmədiyimizə görə zəng edib mənə təşəkkür etdi. Yurdumun gözəl insanları! Həkimə qarşı özünü borclu hesab edirdi, amma bu mənim həm vicdani, həm də vəzifə borcum idi.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678