Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropada soydaşlarımızın Cümhuriyyət arzusu – FOTO

116 Baxış

XX əsrin əvvəllərində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti hər bir Azərbaycan vətəndaşının qürurudur. Vaxtilə Rusiya imperiyasının müxtəlif şəhərlərində, o cümlədən Qori Seminariyasında və Avropanın müxtəlif ölkələrində təhsil alan gənclər XX əsrin əvvəllərində öz fikir azadlığı və cümhuriyyət arzularını həyata keçirmək əzmində olublar. Azərbaycanın maarifçi-demokratlarından olan Mirzə Fətəli Axundovun bədii-dramaturgiya nümunələri, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatına verdiyi töhfələr və nəhayət Üzeyir bəy Hacıbəylinin unudulmaz əsərləri cəmiyyətin maariflənməsində əhəmiyyətli rol oynayıb.

XX əsrin əvvəllərində cərəyan edən sosial-iqtisadi proseslər, neft bumu Bakının Rusiya imperiyasınını aparıcı sənaye şəhərinə çevrilməsinə səbəb olub. XIX əsrin sonlarında Bakıda çalışan Rotşildlər, Nobellər, Simenslər yəqin düşünmürdülər ki, qısa zaman kəsiyində Azərbaycan xalqının layiqli övladları Tiflisdə, Gəncədə və Bakıda apardıqları ictimai-siyasi fəallığı sonda Azərbaycan Cümhuriyyətinin qurulması ilə nəticələnəcəkdir. O dövrdə Azərbaycanda cərəyan edən təhsil tendensiyası gənclərin Avropa ölkələrində təhsil almağına səbəb olub. Lakin Cümhuriyyətin süquta uğraması zamanı çətinliklə üzləşən tələbələrin bir qismi Vətənə dönüb, digərləri isə Avropanın müxtəlif şəhərlərində işləməyə üstünlük veriblər. Almaniyada təhsil alan tələbələrin üzləşdiyi çətinlikləri nəzərə alan Helenendorflu (Göygöl) alman iş adamları Forer və Hummellər onlara qismən də olsa bir yerli kimi qayğı göstəriblər. 

Aprel çevrilişi ərəfəsində Bakını tərk edən gənclərdən biri də sonralar yazıçı kimi məşhur olan Məhəmməd Əsəd Bəy Almaniyada 1929-cu ildə nəşr etdirdiyi “Şərqdə neft və qan” kitabında XX əsrin əvvəllərində baş verən hadisələri ustalıqla qələmə alıbr. Berlində “Literatur Haus” yaradıcılıq evində Qafqaz, əsasən də Azərbaycan gerçəkliklərini Alman cəmiyyətinə olduğu kimi diqqətə çatdırmağı da maraqla qarşılanıb. Yazıçı yaşadığı Avstriya və İtaliyada da Azərbaycan adını daim uca tutaraq arzularını qələmə alıb. 

Berlin şəhərində məskunlaşan azərbaycanlı mühacirlərdən Hilal Münsinin 1930-cu il nəşr etdiyi “Die Aserbaidschanische Republik” kitabında bir çox məqamlarla yanaşı, M.Əsəd bəyin Azərbaycan cəmiyyətindən çox digər əcnəbi cəmiyyətlərə üz tutmasından qısqanclıqla yazılıb. Mühacir həyatı yaşayan Məhəmməd Əmin Rəsulzadənin “Das Problem Aserbaidschan” 1937-ci ildə Almaniyada nəşr olunan kitabında isə əsasən Azərbaycan SSR-də olan problemlərdən və bu problemlərin gələcəkdə həllindən söz açıb. Xarici ölkələrdə ağır şərtlər altında həyatlarını yaşayan Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə və digər soydaşlarımız davamlı olaraq məktublaşaraq müxtəlif mərasimlərdə çıxışlarından təsəlli taparaq ömürlərini mühacirətdə keçiriblər. Parisdə məskunlaşan soydaşımız yazıçı Ümmülbanu yazdığı hekayələrdə Azərbaycanda və Fransada cərəyan edən hadisələri təsvir etməklə vətən borcunu da unutma.

Polşada yaranan “Promotey” təşkilatı və orada nəşr olunan “Qurtuluş” dərgisi Avropada diaspor fəallarının ümid mənbəyi idi. Cümhuriyyət eşqi ilə Avropada, əsasən Almaniya, Fransa və Polşada yaşayan mühacirlərimiz ömürlərinin sonuna kimi mücadilə apararaq Azərbaycanın müstəqilliyi uğrunda durmadan çalışıblar. Almaniyanın Münxen şəhərində yaşamış filoloq Məcid Musazadənin üçrəngli bayrağı daim özü ilə gəzdirməsi onun müstəqillik yolundakı arzuları ilə bağlı idi. M.Musazadə əvvəlcə Berlindəki Azərbaycan “İrtibat qərargahı”nda, sonra isə Məhəmməd Əmin Rəsulzadənin mənəvi rəhbərliyi ilə nəşrə başlayan “Azərbaycan” qəzetinin baş redaktoru vəzifələrində çalışmağı da mühacir tarixinin bir səhifəsidir. Müharibədən sonra o, Münhen şəhərində “Azadlıq” radiosunun Azərbaycan şöbəsində işlədiyi dövrdə peşə imkanlarından istifadə edərək həmişə xalqımızın ədəbiyyatını, tarixini, adət-ənənələrini fəal təbliğ edib. Məcid Musazadə 1990-cı il mayın 28-də Türkiyənin Kayseri şəhərində “Türk Dünyası Araşdırma Vakfının” təşkil etdiyi Birinci Azərbaycan Toplantısında nümayəndə heyətinə yaxınlaşaraq 40 il özü ilə gəzdirdiyi və Avropa ölkələrinin yüksək məclislərini bəzəmiş üçrəngli, ayparalı və səkkizgüşə ulduzlu milli bayrağımızı Azərbaycana bağışlamaq arzusunda olduğunu bildirmişdir. Lakin amansız ölüm onun bu müqəddəs arzusunu həyata keçirməyə imkan verməyib.

1990-cı il Qanlı 20 Yanvar gecəsi Almaniyadan Azadlıq Radiosunda çalışan Mirzə Xəzərin vasitəsi ilə hörmətli şairimiz Bəxtiyar Vahabzadənin beynəlxalq aləmə müraciətindən sonra soydaşlarımız daha da fəal oldular. Yanvar faciəsinin təsirindən Almaniyada doktor Həsən Qərəvinin və Məcid Musazadənin rəhbərliyi ilə soydaşlarımız etiraz əlaməti olaraq beynəlxalq aləmə müxtəlif bəyanatlar ünvanladılar. Almaniyada yaşayan azərbaycanlılar bir yumruq kimi birləşib Azərbaycanın müstəqilliyi yolunda əllərindən gələni əsirgəmədilər.

 Ankara Kültür Dərnəyində Cəmil Unalla yanaşı, Əli Rza Turan, Əhməd Cəfəroğlu, Süleyman Tekinər, Namik Bədəl və başqalarının mücadiləyə fəal qoşulmaları tarixin bir səhifəsi idi. Nihat Çətinqayanın təşəbbüsü ilə İstanbulda Azərbaycan Cəmiyyət üzvlərinin iştirakı ilə böyük konqres və yürüşün təşkili Azadlıq aşiqlərinin bir araya gəlməsinə səbəb olub.

Qanlı 20 yanvar hadisəsinin ertəsi günü diaspor fəallarının toplaşdığı Moskvada Azərbaycan nümayəndəliyinə gələn görkəmli siyasi xadim, Heydər Əliyev etiraz səsini ucaldaraq müstəqilliyə gedən yolda xalqımızı daha da mübariz olmağa səsləyib.

Məhz 20 yanvar hadisəsinin təsirindən 1990-cı ildə Almaniyada, Türkiyədə, Böyük Britaniyada, ABŞ və digər ölkələrdə diaspor cəmiyyətlərinin yaranma prosesinin başlanmasıda təbii xarakter daşıyırdı.

XX əsrin sonlarında, əsasən Köln şəhərində təsis olunan diaspor cəmiyyətinin fəaliyyəti tərəfimizdən koordinasiya olunur, əsasən mücadilə proseslərinə dəstək verən İbrahim Alev, Xalis Tezel, Həsən Qərəvi, Nurəddin Qərəvi, Orxan Özişık, Yunus Gözəldərə və Məhərrəm Akyolla mütəmadi əlaqə qurulurdu.

Müstəqilliyə gedən yolda Fransadan Reza Deqatinin, Almaniyadan Yaqub Zurufçunun, Türkiyədən Nihat Çetinkaya və Şotlandiyadan professor Qulamrza Təbrizinin Azərbaycana səfərləri ruh yüksəkliyinin artmasına səbəb olurdu.

Azərbaycan Cümhuriyyət tarixini daim öz qəlbində yaşadan uzun illər Parisdə UNESCO-nun iqamətgahında çalışmış Ramiz Abutalıbovun soydaşlarımızla keçirdiyi görüşləri də önəmli idi. 

Berlində vətən eşqi ilə yaşayan digər həmyerlimiz Əhməd Omid Yazdaninin Almaniyada nəşr olunmuş “Bölünmüş Azərbaycan” kitabı, yazıçı Orxan Arasın kitab və məqalələri isə həqiqətlərin cəmiyyətə ötürülməsində əhəmiyyətli olub.

1991-ci ilin may ayında Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyət həftəsi” müasir dövrümüzdə müstəqilliyə aparan yolda danılmaz əhəmiyyət kəsb edirdi. Tədbir zamanı dalğalanan üçrəngli Azərbaycan bayrağı sanki müstəqilliyin müjdəçisi idi.

Yuxarıda sadalananlar təsdiqləyir ki, XX əsrdə əsasən Avropada və dünyanın bir sıra ölkələrində mühacir həyatı yaşayan azərbaycanlıların cümhuriyyət arzusu daim yaşayıb, heç vaxt sönməyib.

Alman-Azərbaycan Cəmiyyətinin sədri
Professor Çingiz Abdullayev


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678