Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sevgiləri zarafatla başlayan cütlük – FOTO

148 Baxış

Biri məsələlərə bir az ciddi yanaşır, digəri zarafatcıldır. Biri problem olanda depressiyaya düşürsə, digəri daha tez çıxış yolu tapmağa çalışır. Birinin gəzmək, səyahət etmək əhvalını daha çox qaldırırsa, o biri evdə də özü üçün yaxşı əyləncə qura bilir. Bu cür olmaqla kimi bir-birlərini tamamladıqlarını bildirirlər.

Söhbət “Azerfon MMC”də satış kanallarının strategiyası üzrə mütəxəssis vəzifəsində çalışan Murad Safiyev və 100.5 FM-in xəbər aparıcısı Qumru Safiyeva cütlüyündən gedir.

“Kaspi” qəzetinin qonağı olan Muradla Qumru 4 ildir evlidirlər, Alsu adlı 1 yaşlı qızları var.

Cütlüyümüzün tanışlığı iş çərçivəsində olub. Qumru deyir ki, bir yerdə işlədikləri ilk bir il müddətində hər hansı sevgi olmayıb:

“Mən 2011-ci ildən “Araz FM”də işləyirdim. Müəyyən vaxtdan sonra düşündüm ki, komfort zonadan çıxmalıyam. Televiziyadan iş təklifi gəlirdi, xaricdə təhsil almaq da istəyirdim. Bu məqsədlərlə bir neçə dəfə işdən çıxmağa çalışsam da, hər dəfə nəsə problem yaranırdı, qalırdı. 2015-ci ilin axırı isə Murad bizim ofisə gəldi. Bir il iş yoldaşı olduq, dost da deyildik. 2016-cı ildə radioda təmir başladı, bütün işçiləri 2 otağa yığdılar. Otaq yoldaşlığı bizim münasibətlərə də təsir göstərdi”.

Muradın radioda işləmək fikri olmayıb, işlərin bu cür davam etməsinin isə sanki onların bir araya gəlməsi üçün bir ssenari olduğunu deyir:

“Qumru işdən çıxmaq istəyirmiş, alınmırmış. Mən isə bank sektorunda çalışırdım, televiziya və radioda işləmək haqqında düşünmürdüm. Sadəcə yaxşı təklif oldu və “Xəzər” telekanalının marketinq departamentinə keçmək qərarı verdim. Bu işdən öncə bir aylıq “Araz FM”-ə müəyyən məsələləri öyrənmək üçün gəlmişdim, amma elə oldu ki, il yarım qalası oldum. Sonra heç televiziyaya getmədim də. Sanki hər şey bizi bir araya gətirmək üçün ssenari idi”.

Əslində, hər şey Muradın zarafatları ilə başlayıb:

“Qumrunun əlində telefon görəndə, zarafatla deyirdim ki, kimlə yazışırsan? Kollektivdəkilər də bu reaksiyama gülürdülər və deyirdilər ki, axırda siz sevgili olacaqsınız. Qətiyyən sevgi-filan yox idi, amma zamanla onların dediyi həqiqət oldu”.

Murad, Qumrunu ona sevdirən səbəblərdən də danışdı: “İlk baxışdan sevgi olmadı, yavaş-yavaş yarandı. Digər adamlarla münasibət qurmağına, kollektivdə onun haqqında fikrin necə olmasına və s. fikir verdim. Nə qədər müasir olsa da, oğlanlar belə şeylərə də fikir verirlər. Xasiyyəti xoşuma gəlirdi, bəzi qəribəlikləri cəlb etdi, emosional reaksiyalarını da bəyənirdim”.

Bir gün Qumruya “sənə sözüm var” deyir, işdən sonra metroya qədər gedirlər. Qumru, Muradın ona münasibətlə bağlı nə isə deyəcəyini düşünmürmüş:

“Metroya qədər getdik, gördüm ki, söhbət başqa tərəfə gedir. Dedi ki, hara gedirsən? Evə getmirdim, İnşaatçılar metrosu tərəfdə işim var idi. Dedi ki, qoy, mən də səninlə gəlim. Mən də emosional şəkildə cavab verdim ki, sən heç yerə getmirsən. Amma indi hər yerə bir yerdə gedirik (gülür)”.

Murad deyir ki, normalda münasibətlə bağlı “yox” cavabı alanda, israr etməyib, amma bu dəfə elə davranmır:

“Fikirləşirdim ki, kişi sevirsə, birbaşa gedib qıza deməlidir. Mesaj yazmaq, söz göndərmək mənlik deyildi. Amma gördüm ki, Qumruya bu üsul keçmir. İşdə olanda mesaj yazdım ki, yetkin adamlarıq, şans ver, sözümü deyim. Yazanda, daha yaxşı qəbul etdi. Son 50 manatımla “Gloria Jean’s”a dəvət etdim (gülür). Söhbətimiz alındı, amma “hə” demədi. Qızlar olur ki, “yox” deyir və qarşı tərəfi dinləmir. Qumru öz sözünü desə də, adamı dinləyirdi. Mənə “yox” deyiləndə, israr edən adam deyiləm, amma həyatımda ilk dəfə idi ki, əl çəkmədim. Harda olurdusa, orda olmağa çalışırdım. Zəng vurub deyirdim ki, hardasan? Deyirdi ki, filan yerdə. Mən də ora gedirdim. Belə-belə, elə zaman gəldi ki, artıq müəyyən bir münasibət qurmuşduq, amma o, “hə” deməmişdi. Axırda dedim ki, biz nəyik? Dili yox, başı ilə “hə” dedi”.

Qumru da Muradı zamanla sevdiyini deyir:

“Muradın zarafatcıllığını, səmimiyyətini çox bəyənirdim. Hər şeyi üzdədir, nəyisə gizlətmir. Məktəb vaxtı olan sevgiləri, sonrakı münasibətləri və s. hamısı haqqında mənə danışıb. Mənim kimi gəzməyə maraqlı olması da xoşuma gəlirdi. Münasibətə yanaşması da ürəyimcə idi. “Onu etmə, bunu etmə” kimi sözləri yox idi. Təbii ki, ailə olanda, qayğıların artır və sən özün məsuliyyətindən dolayı nələrisə etməyə bilərsən, amma qadağa yoxdur. İş yoldaşı kimi də müşahidə etmişdim, kollektivin sevimlisi idi. Qəşəng kostyum geyinirdi, vizual olaraq da cəlb edirdi (gülür). Ancaq münasibətlərimizn özülündə dayanan şey səmimiyyətdir”.

İki ay sevgili olandan sonra Murad “nə vaxt evlənirik?” sualını verir:

“Normalda o fikirdəyəm ki, bir insanla 3 il münasibət qurmasan, evlənmək olmaz. Ancaq Qumru ilə biz bir il iş yoldaşı olduq, sonra da sevgili. İşdə də bir yerdə idik, işdən sonra, həftə sonları da bir yerdə vaxt keçirirdik, evə gedəndə görüntülü danışırdıq. Ona görə, bir-birimizi daha tez tanımaq imkanımız oldu. Adamın beynini yormağı, “bu kimdir, o kimdir” sualları yox idi. Mən zarafatcıl adamam və onunla zarafat edə bilirdim”.

Murad deyir ki, Qumru münasibətlərdə məsafəni saxlayan biri olduğu üçün qaynana-gəlin problemi də yaşanmır: 

“Mənim ailəmlə belə onun bir az məsafəli münasibəti var. Anam əvvəl deyirdi ki, Qumru bir az məsafəlidir və s. Deyirdim ki, əladır. Mən elə deyiləm, amma indi təcrübə ilə bu qənaətə gəlmişəm. Yəqin, anam da indi o qənaətdədir ki, belə yaxşıdır”.

Murad bildirdi ki, evlilikdən sonra bir-birlərində hər hansı xüsusiyyət kəşf etməyiblər:

“Adətən, kişilərin səliqəsizliyi problem olur, qadınlar bundan əziyyət çəkir. Mən səliqəli adamam. Ola bilər ki, nəyisə harasa qoyuram qalır, amma müəyyən vaxtdan sonra yenə özüm yığışdıracağam. Gigiyena baxımından da diqqətliyəm, ona görə, problem yaşamırıq”.

Muradın sözlərinə görə, hər ikisi evlilikdə üzərinə düşən məsuliyyəti gözəl anladıqları üçün hər hansı problem də yaşamayıblar:

“Qızların çoxu subay vaxtı hər gün yemək bişirmir, Qumru da həmçinin. Yaxud evdə nə isə xarab oldu, bunu oğlanlar etmirlər. Subay vaxtı nə isə düzəltməmişəm. Amma evlənəndən sonra hərə öz işini gördü. Evdə nə isə xarab olursa, çalışıram özüm düzəldim. Qumru evini başlı-başına buraxıb sosial aktiv olsa, məclislərə, tədbirlərə getsə, mən də danışaram. Amma o, sosial aktiv olmaqla yanaşı, ailəyə də lazım olan vaxtı, diqqəti ayırır. Heç vaxt bir-birimizə demirik ki, sən bunu səhv edirsən, elə et və s. Hər kəs öz məsuliyyətini bilir”.

Qumru deyir ki, Murad ev işlərindən də çəkinən həyat yoldaşı deyil:

“Evi mən də yığışdıra bilərəm, o da. Yemək bişirməyi bacarmır, amma yemək bişirirəmsə, 50 dəfə gəlib nəsə lazım olub-olmadığını soruşur. Muradla mənə həm də ona görə rahatdır ki, tələbkar adam deyil. “Onu bişir, bunu et, oranı təmizlə” və s. kimi tapşırıqları yoxdur. Evi 2 həftə yığışdırmasam, bir kəlmə deməz ki, niyə bunu etmirsən? Yaxud görür ki, kompüterin üstü tozludur, özü siləcək. Başqa cür olsaydı, mənim üçün çətin olardı. Mən tək bir şeylə xoşbəxt ola bilmirəm. Həm də iş, sosial həyatım olmalıdır, özümə vaxt ayırmalıyam. Bunların hamısı tələbkar partnyorla alınmazdı. Muradla yaşamaq mənə çox rahatdır”.

Murad deyir ki, ailə qurduğun adamın yanında rahatlığının olması önəmlidir:

“Ailəcanlı adamam, evdə olmağı sevirəm deyə, yanında rahat ola biləcəyim adamı seçməli idim. Mənim üçün itirilmiş vaxt odur ki, ailəmlə vaxt keçirə bilmirəm”.

Bir-birlərini qısqanmalarına gəlincə, Qumru deyir ki, qısqanclıq üçün qarşı tərəfə hər hansı şərait yaratmırlar:

“Onun ətrafında xanımlar var, mənim ətrafımda bəylər. Amma biz-birimizə qısqanclıq üçün şərait yaratmamışıq. Hər şey ortalıqdadır. Hər kəsin daxilində sevdiyi insana qısqanclıq hissi var. Ona şərait yoxdursa, adam qısqanırsa, deməli, psixoloji məsələdir”.

Murad da xanımı ilə eyni fikirdədir:

“Qumrunun xarakterini bildiyim üçün qısqanclığa rəva görmürəm. Həmişə deyirəm ki, Qumru 100 kişi ilə bir yerdə işləsin, ondan narahat deyiləm. Özümə gəlincə, telefonum 4 barmaq izi ilə açılırsa, biri Qumrunun barmaq izidir. Hansısa xanım mənim evli olduğumu bilməyib başqa formada mesaj yazarsa, bunu Qumru ilə bir yerdə oxuyub gülə bilərik”.

Murad, ailədə cütlüklər arasında pərdə olmasını qəbul etmədiyini də bildirdi:

“Həyat yoldaşı sənin ən yaxın dostun olmalıdır. Biz maksimal dərəcədə səmimiyik. Münasibətlərdə tək oğlanlar qızları deyil, elə qızlar da oğlanları sıxırlar. Biz istənilən mövzuda, hətta köhnə sevgililər haqqında da danışa, detallarına da gedə bilərik. Bir-birimizdə xoşumuza gəlməyən nə varsa, deyirik və qarşı tərəf də onu düzəltməyə çalışır”.

Qumru həyat yoldaşının zarafatcıllığını sevsə də, Murad deyir ki, elə davalarının bir səbəbi də məhz onun zarafatları ola bilir:

“Bəzən Qumru nəsə ciddi söhbət etmək istəyir, mən onu zarafata çevirirəm. Bu zaman Qumru əsəbiləşir və biz dalaşa bilərik. Əslində Qumrunu başa düşürəm, mən də ciddi nəsə deyəndə, zarafata çevirsə, bəlkə də elə reaksiya verərəm. Böyük məsələlər olmur və davamız bir gündən o tərəfə keçmir”.

Qumru isə davaya səbəb olan öz davranışından danışdı:

“Muradda nəyisə sərt, kobud demək yoxdur. Nə isə istəyirsə, xahiş edərək deyir. Zəhmət olmasa, mənə su gətir və s. Elə vaxtlar olur ki, çox yoruluram, bir az kobud formada nəsə deyirəm. Bu zaman deyir ki, mən səninlə mülayim, incə danışıram, amma sən kobud dedin. Bu, xoşuna gəlmir”.

Murad deyir ki, küsəndə, ilk addım Qumrudan gəlir:

“Tərəfdarıyam ki, kişi səhv edibsə, üzrxahlıq etsin, barışsın. Həmişə elə olduğunu desəm, yalan olardı (gülür). Məndə belə xasiyyət var ki, günahkar olsam da, istəyirəm ki, o, nəsə şərait yaratsın, davamını mən gətirim. Təcrübə ilə adam başa düşür ki, səhvin varsa, addım atmırsansa, yaxşı deyil”.

Qumru bildirir ki, barışıq addımını günahkar tərəfin atması daha yaxşı olar:

“Bəzən inciyib deyirəm ki, küsəndə, sən heç bir addım atmırsan, könlümü almırsan, həmişə mən addım atıram. O da deyir ki, sən bir addım at, mən beş addım gələcəyəm. Deyirəm ki, sən o bir addımı at, beşi mən gəlim. Dava-dalaşdan, küsülülükdən qaçan adamam. Ona görə, çalışıram ki, tez həll olsun”.

Muradın sözlərinə görə, şəkillərdə göründüyündən də artıq xoşbəxtdirlər:

“Heç vaxt bir-birimizdən yorulmuruq. Uşaq kimi nəyəsə sevinə, dəliliklər edə bilərik. Bəzən həftə içi işdən gəlirsən, başqa nələrəsə vaxtın olmur. Tutaq ki kompüterdə nəyəsə baxıramsa, onların yan otaqda olmaları mənə xoş ovqat verir. Yəni o şəkillərdəkindən daha çox xoşbəxtik”.

Qumru deyir ki, sevgi, istiqanlılıq olmasa, bir evdə yaşamaq olmaz:

“Bütün günü bir-birinə “Səni sevirəm” demək bizdə yoxdur. Amma bir-birimizə sevgimiz var, o şəkillərdəki, sadəcə görüntü deyil”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678