Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Eqoistik intiharlar – ucuz ölümün şöhrəti

123 Baxış

Aqşin Yenisey yazır…

Son günlər sosial şəbəkələrdə bir məktub paylaşıldı, intihar edən bir gəncin doğmalarına yazdığı vida məktubu. Məktubda bir etiraf vardı: “Yaşamağı bacarmadım”. Özünəqəsdin sirri də, məncə, bu etirafda gizlənmişdi.

Yaşamağı bacarmaq, yaxud bacarmamaq nə deməkdir? Belə çıxır ki, özünü öldürməyən bütün insanlar yaşamağı bacaranlardır? Bunu necə müəyyən etmək, təcrübədən keçirmək, qiymətləndirmək olar? Bacarmadan da yaşamaq mümkünmü? Yaşamağı bacarmaq, sadəcə, yaşamağın özü deyilmi? Yaşamağı bacarmağın meyarı nədir, ətək-ətək pulmu, qarşılıqlı sevgimi, hüdudsuz azadlıqmı? Bu cür pulun, sevginin, azadlığın bədbəxtliyini yaşayan nə qədər insan gəlib-gedib bu dünyadan. 18-19 yaşlı gənc bir adam nə yaşadı ki, bunu bacarmadığına əmin oldu? 

Dünya Səhiyyə Təşkilatının hesabatına görə, son 50 ildə intiharların sayı 60 faiz artıb, bu gün hər 40 saniyədə bir adam intihar edir. Mən bu yazını bitirənə qədər, yəqin ki, bir batalyon “yaşamağı bacarmayan” insan özünü öldürəcək.

Təxminən, yüz il əvvəl tarixdə ilk dəfə intihar statistikasını araşdıran fransız sosioloq Emili Drukheym bu qərara gəlmişdi ki, intihar bütün hallarda sosial hadisədir. Yəni intiharlarda heç də qatil qurbanın özü deyil, qatil cəmiyyətdir, icmadır, ailədir, dost çevrəsidir, nə bilim, sevgili-canandır və s. Ona görə də intiharın günahını təkcə fərdin iradi zəifliyinin, yaxud psixoloji cəsarətinin ayağına yazmaq düzgün deyil. İntiharda həmişə qatil qarşı tərəf var. Məsələn, Drukheym intiharda ailənin nə dərəcədə səbəbkar olduğunu araşdırarkən statistik məlumatlar ona belə bir gerçəkliyi göstərdilər ki, böyük, yəni çoxuşaqlı, itli-pişikli ailələrdə özünü öldürmək istəyənlərin faiz nisbəti kiçik ailələrlə müqayisədə çox aşağıdır. Bu da o deməkdir ki, doğmalıq münasibətlərinin genişliyi intiharın önünü kəsən başlıca amillərdən biridir. 

Sosiologiyaya bizim də tez-tez “orta statistik azərbaycanlı” şəklində istifadə etdiyimiz “Orta statistik insan” (homme moyen) anlayışını gətirən belçikalı alim Adolf Ketle də intiharı cəmiyyətin cinayəti hesab edir.

Sosial filosof Tomaş Masarik (o, həm də keçmiş Çexoslavakiyanın ilk prezidenti idi) isə intiharda cəmiyyəti deyil, mədəniyyəti günahlandırır; mədəniyyət inkişaf etdikcə cəmiyyətdə “yaşamağı bacarmayanların” sayı artır. 

Bizə gəlincə, mentalitetimizin, ailə və cəmiyyətimizin sosioloji problemləri araşdırılmadığı üçün biz intiharların yerli səbəbləri haqqında ümumi olaraq heç bir bilgiyə sahib deyilik. Sadəcə, müşahidələrimizə və şəxsi təcrübələrimizə əsaslanıb fikir yürüdə bilirik. Mənim müşahidə və təcrübələrim isə bunu deyir ki, Azərbaycanda intihar hadisələrinin çoxu, sadəcə, cəhalət üzündən baş verir: həm cəmiyyətin, həm ailənin, həm də fərdlərin cahilliyi ucbatından.

İntihar professoru Dürkheym intiharların səkkiz yüzə yaxın səbəbi içindən axırıncı yerə sosial problemləri, birinci yerə eqoistik intiharları qoyur. Fərd üzvü olduğu ailədən, cəmiyyətdən, icmadan, dost çevrəsindən, yaxud sevgilisindən diqqətsizlik gördükdə ikisindən birini cəzalandırmaq fikrinə düşür, bəzən ikisini birdən cəzalandırır. Məsələn, bir neçə il əvvəl Nepal şahzadəsi Dipendra sevdiyi qız aşağı kastadan olduğu üçün onunla evlənməyə razılıq verməyən ailəsini və özünü üstündə gəzdirdiyi “Kalaşnikovla” o dünyalıq etmişdi.

Eqoistik intihar dedikdə övladı olmayan dahi bəstəkar Üzeyir Hacıbəyovun uşaqlar haqqında dediyi bu fikir yada düşür. Üzeyir bəy deyirdi ki, uşaqları bütə çevirmək olmaz, böyüyüb qurbanlar tələb edəcəklər. 18-19 yaşına kimi ailədə büt kimi böyüdülən övladlar tək qalmaq yaşına çatdıqda vərdiş etdikləri yaxın məsafədən diqqətin azaldığını hiss edir, amma qəbul edə bilmirlər. Hər gün cibinə pul qoyulan yeniyetmə birdən boş ciblə baş-başa qalır. Səbəb axtarışı günahkar axtarışına çevrilir. İki günahkar var, ya ailə, ya övlad. İki günahkardan biri cəzalandırılmalıdır. İntihar isə hər ikisinin cəzalandırılması deməkdir. Gənc birisi özünü öldürməklə, əslində, ailəsini cəzalandırır. Büt kimi böyüdülən, həyatı qurban kimi tərk edir.

Eqoistik intihar bütlərin intiharıdır. Təsadüfi deyil ki, bu cür intiharlar daha çox yeniyetməliyin başa çatdığı, gəncliyin başladığı ərəfədə baş verir. Ailə övladın ehtiyaclarını yeri gəldi-gəlmədi artıqlaması ilə qarşılamaqla hesab edir ki, öz borcunu ən yüksək səviyyədə yerinə yetirir. Halbuki həyata ehtiyaclarla bağlanmayan uşaq onu anlamadan böyüyür, böyüdükcə onu tanımaq, ona yaxınlaşmaq əvəzinə, ondan qopur, uzaqlaşır. O, bütün həyatı uzun bir uşaqlıq, yaxud yeniyetməlik kimi başa düşür. Həyatın nədən, nələrdən ibarət olduğundan xəbərsiz olur və onunla, həyatla ilk dəfə təkbətək qaldıqda, bir növ, “altını batırır”. Gənc intiharların çoxu bunun nəticəsidir. Büt kimi böyüdülən büt kimi də yaşamalıdır, amma yeni şərtlər başqadır. İki yol var, ya saraydan çıxıb ilk zarıyan qocanı görən kral oğlu Siddharta Qautama kimi Budda olacaqsan, əzab səni nirvanaya aparacaq, ya da ilk dəfə yaşadığı adi sevgi hisslərinin öhdəsindən gələ bilməyən gənc Verterə çevrilib xilası gicgahına dirədiyin tapançada görəcəksən. Eqo üçün “qızıl orta” deyə bir şey yoxdur. Eqo uclarda yaşamağı sevir, ya zirvə, ya dib. Eqoist intihar dibi seçməkdir.

Eqoist intiharların başqalarını cəzalandırmaqla yanaşı, adətən, bir şöhrət umacağı da olur; özünü öldürməklə yoxluğunu hiss etdiyi diqqəti üzərinə çəkmək sevdası. Bəli, bu, bir sevdadır, intihar romantikasıdır, eqo mərkəzdə olmağı sevir, istər ölü olsun, istər diri və bir çox hallarda (xüsusilə qadınların intiharında) intihara məhz bu romantika, “mərkəzçilik” sevdası səbəb olur. Bildiyimiz cənazə şöhrəti! Uşaqlıq və yeniyetməlik illərinin psixologiyasında ilişib qalmış gənclər ətraflarında dünyasını dəyişən insanlara necə böyük sevgi, hörmət bəslənildiyini görürlər. Hamı ölənin xoş xatirələrini danışır, onu itirməyin necə böyük bir faciə olduğunu söyləyir, sağlığında it yerinə qoyulmayan birinin məzarı çiçəklərə, güllərə qərq edilir. Gənc də düşünür ki, mənim kimi ortalıqda müqəvva həyatı yaşamaqdansa, ölüb bu rəhmətlik kimi “dünya şöhrəti” qazanmaq daha əfzəldir.

Ümumiyyətlə, ölümün, məzarın şöhrəti üzərində qurulan cəmiyyətlərdə intihar etdiyi üçün kimsəni qınamaq da yersiz görünür. Şairlərimiz belə ölümün xalq arasındakı populyarlığından özləri üçün sənət şöhrəti düzəldirlər. Samuraylar da xarakiridən əvvəl şeir yazıb-oxuyardılar. Mədəniyyətimizin təməlləri də bizi ölümə, hətta daha yanıqlı, daha ağrılı olan vaxtından əvvəl, cavan yaşda ölümə səsləyir.

Qəbiristanlıqların az qala kəndlərdən, şəhərlərdən abad olduğu ölkəmizdə qocalıq, ölüm kultu o qədər dominantdır ki, yazıq gənclər xoşbəxtliyi vaxtından əvvəl qocalmaqda, hətta tələm-tələsik ölməkdə görürlər. Yenə o mürgülü səs soruşur, bəs çıxış yolu?

Nə qədər ki, milli şüurumuzda ölü diridən, qəbir evdən, qoca gəncdən daha zəngin, daha şöhrətli, daha hörmətli olacaq, bu dolanbacdan çıxış yolu olmayacaq… 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678