Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Parlamentin iclası: Toy mərasimlərinin tənzimlənməsindən “kabinet generallarına” kimi – REPORTAJ

120 Baxış

Milli Məclis növbədənkənar sessiyasının axırıncı iclaslarını keçirir, iyulun 2-də deputatlar ali qanunverici orqanın həmin iclas üçün nəzərdə tutulan 10 məsələnin müzakirəsi üçün toplandılar.

Spiker Sahibə Qafarova iclası açır və özünün bu yaxınlarda Macarıstana baş tutan səfərinin əhəmiyyətinə vurğu edir, Bakı-Budapeşt əlaqələrinin dərinləşməsində parlament diplomatiyasının rolundan bəhs edir.

Sahibə xanım Qafarova çıxışını bitirdikdən sonra cari məsələlərin müzakirəsi üçün reqlamentə uyğun olaraq 30 dəqiqə vaxt ayrıldığını elan edir, düzü gözləyirəm ki, deputatlar gündəliklərində duran bəzi məsələləri ikinci plana keçirib, Tarif Şurasının məlum qərarlarından danışacaqlar.

Kompüterimin klaviaturasını “kökləyirəm”, indi buradan sərt cümlələr və ifadələri yaradan hərflərə barmaq basmağa hazırlaşıram, ilk sözü birinci vitse-spiker Əli Hüseynli alır.

Əli müəllim həmişəki kimi aramla, soyuqqanlı baxışlarını zala zilləyərək danışır, amma Tarif Şurasının qərarından yox.

Hörmətli Əli müəllim hüquqşünasdır, elə danışığının ilk cümləsindən dərhal da bunu hiss etdirir.

Polis günü münasibətilə parlament rəhbərliyi adından Azərbaycan polislərini təbrik edir, polislərin Birinci və İkinci Qarabağ müharibələrindəki fədakarlıqlarından danışır, döyüş yollarına nəzər salır.

Əli müəllim, işini şərəflə, vicdanla, polis etikasına uyğun şəkildə görən bütün polislərlə fəxr edirik, onların bayramını təbrik edirik. Amma ona-buna şər atan, qanunları bilməyən vətəndaşlara qanunu başa salmaqdansa, onlardan pul qoparan polisləri təbrik etməyə dilimiz gəlmir.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söz alır, hələ yayın yeni başlamasına baxmayaraq Gəncədə su qıtlığının yaranmasından, ağacların qurumasından söz açır, cümlələrində “Azərsu”ya ittiham motivlərini sezmək elə də çətin deyil.

Qısacası, Musa müəllim deyir ki, “Azərsu” ASC-nin 2011-ci ildən başladığı layihənin cəmi 42 faizi icra olunub.

Yəni, Musa müəllim yeyinti faktına diqqət çəkir. Görün Azərbaycanın ikinci böyük şəhərində susuzluq necə bir həddə çatıb ki, Musa müəllim Hesablama Palatası və Baş Prokurorluğa müraciət edir.

Məqsədi odur ki, ayrılan pulların necə və hara xərcləndiyinə dair rəqəmlər üzə çıxsın və təqsirkarlar cəzalandırılsın.

Musa müəllim, təki olsun, o qədər araşdırılmalı məsələlər var ki, bu məsələlərdə sizin “suyunuz” dəryada bir damladır.

Deputat Razi Nurullayev söz alır, emosiyaları danışıq tonunda hiss olunur, sanki özünü ələ ala bilmir və soyuqqanlılığını itirir.

Bayaqdan gözlədiyim an gəlib çıxdı, Razi müəllim Tarif Şurasının qərarından danışır, tənqid edir, axırda sözü ona gətirir ki, Tarif Şurası ləğv edilərək onun səlahiyyətləri parlamentə verilsin.

Ardınca İmişli bazarındakı yanğından bəhs edir, məkan sahiblərini tənqid edir. 

Millət vəkili (əslində sinonim kimi işlədirəm, qanunvericilikdə millət vəkili anlayışı yoxdur) Elşən Musayev isə toylarda bəylə gəlinin maska taxmasının vacib olmadığına diqqət çəkir, sətiraltı da olsa, polisə müraciət edir ki, toylarda maska taxmayan bəy-gəlin cərimələnməsin.

Qüdrət Həsənquliyev gündəlikdə duran məsələlərin müzakirəsi zamanı mövzuya aidiyyəti olmasa da, Tarif Şurasının qərarı barədə tənqid səsləndirir. Deyir ki, bahalaşmaların səbəbləri aydın izah edilmir və qiymət artımlarından ən çox zərər çəkən pensiyaçılar və aztəminatlı ailələrdir.

Qüdrət müəllim, hamı zərər çəkir, hamı, düz vurğulayırsınız ki, ayda yalnız kommunal xərcləri ödəməyə bəs edəcək pensiya alanların, pulu ancaq ərzaq almağa yet(məy)ən aztəminatlı ailələrin işi lap çətinə düşür. Vallah-billah, bilmirik kimə danışaq, kimə deyək, axı biz də bu bahalaşmadan əziyyət çəkirik. Hələ yaxın zamanlarda da bahalaşmanın olacağı istisna deyil (ərzaq məhsullarında) bunu düşünəndə adamda pessimist ovqat yaranır.

Daha sonra qanun layihələri müzakirəyə qəbul edilir. İndi də onların bəzilərindən yazaq.

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılır. 

Dəyişiklik Prezident və ya Nazirlər Kabineti tərəfindən publik hüquqi şəxsin yaradılması nəticəsində dövlət qulluğuna xitam verilən şəxslərlə bağlıdır. 

Həmin tarixdə əmək pensiyası yaş həddinə çatmasına və dövlət qulluqçusu kimi pensiya hüququnun əldə edilməsi üçün tələb edilən minimum 15 il qulluq stajının toplanmasına ən çoxu 2 il qalan, yəni ən azı 13 il qulluq stajı olan şəxslərin dövlət qulluqçusu kimi pensiya hüququnun yaranması təklif edilir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi də üçüncü oxunuşda müzakirə edilir və səsverməyə çıxarılaraq qəbul olunur.

Mahiyyətinə gəlincə: dəyişiklik, əlillik müddətinin bitməsindən sonrakı 6 ay aralıq müddəti ilə əlaqədardır. 

Belə ki, əlillik müddəti bitdikdən 6 ay ərzində əlillik təkrar qiymətləndirilir.

Nəticədə şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab ediləcək.

Hə, az qala yadımdan çıxmışdı. Fazil Mustafa iclas zamanı çıxış edərkən kabinet generalları ilə döyüş generallarını müqayisə etdi, dedi ki, müharibədə döyüşən generalların qarşısında baş əyir. 

Fazil Mustafanı belə danışmağa vadar edən o idi ki, bəzən təqdimatlar yanlış olur və bəzi məmurlar layiq olmadığı təqdirdə daha yüksək etimada layiq görülürlər. 

Beləcə müzakirələr davam edir və iclas yekunlaşır, Sahibə Qafarova növbəti və növbədənkənar sessiyasının sonuncu iclasının vaxtını elan edir: İyulun 6-sı deputatlar son iclasa toplaşandan sonra tətilə yollanacaqlar.

Xoş istirahətlər, ümid edək ki, millət vəkilləri yayda yaxşı dincəlib, beyinlərini təmizləyib, zehni yorğunluqlarını çıxarıb payız sessiyasına praqmatik təkliflərlə gələcəklər və əhali də bundan məmnun qalacaq…

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678