Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qurbanlıq heyvanların satışı və kəsimi yerlərinin siyahısı AÇIQLANDI

146 Baxış

Bayram günlərində fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerləri, eləcə də qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması prosesinə cəlb olunacaq satış şəbəkələrinin siyahısı açıqlanıb.  

Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatına əsasən, 2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq.

Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək.

Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatlarını linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları linkə daxil olmaqla əldə edə bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678