Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş Prokurorluq Yevlax rayon sakininin anasını öldürməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

113 Baxış

Azərbaycan Respublikasının Baş Prokurorluğu Yevlax rayonunun Kövər kənd sakininin guya sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan əsassız məlumatlara münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bəzi kütləvi informasiya vasitələrində guya Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Belə ki, avqustun 12-də saat 23 radələrində Yevlax rayonunun Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Mərhum Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.

İlkin araşdırma zamanı müəyyən olunub ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat edib.

Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınıb, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Hazırda Yevlax Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

“Təəssüflə qeyd edilməlidir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya naminə yazılmış məlumatların düzgünlüyünün Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu hər kəsi bu növ rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır”, – deyə Baş Prokurorluğun məlumatında qeyd olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678