Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ALİ MƏKTƏBLƏRDƏ ÖDƏNİŞLİ TƏHSİL VƏ KƏSRLƏR ÜÇÜN ƏLAVƏ ÖDƏNİŞLƏR LƏĞV EDİLMƏLİDİR!

158 Baxış

Ümumiyyətlə, təhsil, elm Allahın bir nemətidir. Bu, elə bir nemətdir ki, o, pul ilə alınıb-satılmır. Təhsil alıb, elm öyrənib alim olmaq yalnız və yalnız Uca Allah-Təalanın(c.c) mübarək bir lütfi-inayətidir. Necə ki, əziz İslam peyğəmbəri Həzrəti Məhəmməd Mustafa(s.a.s) alimlər haqqında belə buyurmuşdurlar: “Mən Allahın elçisiyəm, alimlər də mənim elçilərimdir!” Başqa bir hədisi-şərifində isə “Elm Çində də olsa, arxasınca gedin!”-deyə, buyurmuşdurlar. Bir sözlə, həm elm və həm də ki, alimlər Allah qatında dəyərli bilinmiş və İslam dinində də mühüm bir amil olaraq qiymətləndirilmişdirlər.

Belə olduğu təqdirdə, nə üçün ali təhsil ödənişli olmalıdır? Axı bu, heç bir məntiqə sığmır. Elə yoxsul, xəstə, yetim ailələrdən çıxmış tələbələr vardır ki, onlar 1700, 2000, 2500 manat məbləğində olan illik təhsil haqlarını necə ödəsinlər? Əgər ödəyə bilməsələr, belə çıxır ki, illərini itirə-itirə qazandıqları Ali məktəbi əldən verməli və Universitetdən xaric edilməlidirlər…… Bu, bir az insafdan və vicdandan uzaqdır. Yəni ki, elmin dəyərini, xüsusilə keyfiyyətini aşağı salmaqdır. Kasıbçılıq ucbatından illik təhsil haqqını ödəyə bilməyərək Universitetdən xaric edilmiş hər hansısa bir tələbə, bəlkə gələcəkdə bu məmləkət üçün çox faydalı vətəndaş ola bilərdi……

Lakin çox-çox təəssüflər olsun ki, həmin bu lazımsız, mənasız təhsil haqları neçə-neçə tələbənin arzusunu ürəyində qoydu, onları bu müqəddəs vətən üçün xeyirli bir iş görməyə imkan vermədi.

İmkanlı ailələr öz övladları üçün illik təhsil haqlarını ödəyirlər, ancaq fəqir-füqəralar isə bu maddi gücdən birmənalı olaraq məhrumdurlar. Onları da nəzərə almaq lazımdır.

Bundan əlavə, kəsrlərin bağlanılması üçün tələb olunan əlavə ödənişlər də lazımsız bir tətbiqatdır. Çünki, kəsri olan tələbə üçün ayrıca, xüsusi bir dərs təşkil edilmir. O da başqa qrupun uşaqları ilə birlikdə oturaraq həmin kəsrli fənni dinləyir. Fərq imtahanları və iyirmi beş faiz imtahanlar üçün də ödəniş tələb olunmamalıdır. Əvvəldə vurğuladığımız kimi, kəsrlər üçün ayrı bir seminar, mühazirə, imtahan təşkil edilmir. Tək fərq odur ki, Universiteti qurtarmış və ya da ki, oxuduğu halda kəsrləri olan tələbə özündən aşağı kurs tələbələri ilə birlikdə dərslərdə və imtahanlarda iştirak edərək onları həll etməyə çalışır.

Ümumiyyətlə, təhsil üçün istənilən maddi ödənişlər tələbələrin, xüsusilə də ki, imkansız tələbələrin belini qırır, onları geridən-geriyə salır. Bu da heç şəkk-şübhəsiz ki, son nəticədə ölkənin iqtisadi inkişafına, tələbələrin ruhdan düşməsinə və təhsil sahəsinin irəliləyişinə ciddi zərbələr vurmuş olur.

Fikir verin ki, nə qədər gənc maddi sıxıntılardan ötrü ya Ali məktəbə qəbul olmaq fikrindən daşındı və ya da ki, ali təhsilini yarımçıq qoydu.

Təhsil məhsul və yaxud da əşya deyil ki, onu pul ilə alıb-versinlər. Təhsil ölkənin gələcəyinə olan ümid işığı, ölkənin iqtisadi dirçəlişinə verilən təkan, ictimai maariflənmənin yüksəlişinə və savadın, biliyin artmasına, savadlı insanlarımızın çoxalmasına səbəb olan ən böyük bir məfhumdur.

Ümid edirik ki, göydə Allahın sayəsində və yerdə isə qüdrətli dövlətimizin görəcəyi ali tədbirlər nəticəsində bu təhsil problemi də öz həllini tapacaqdır. Çünki, cənab prezident Azərbaycanın istedadlı, savadlı gənclərinə olan ali qayğısı ilə hər bir zaman seçilmişdir.

Maddiyyat gənclərimizin oxumasına, ali təhsil almasına və bununla da, gələcəkdə ölkəmizin layiqli vətəndaşları olmasına heç bir əngəl törətməməli və ciddi maneələr yaratmamalıdır!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678