Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aleksandr Perenciyev: “Ermənistan tərəf təxribatçı göndərməyə əvvəlcədən hazırlaşa bilərdi” – MÜSAHİBƏ

137 Baxış

Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan tərəfindən azad edilmiş ərazilərə bu yaxınlarda qəfil həyata keçirilən hücumda əli olmasını inkar etməsinə baxmayaraq, (hansı ki, bunun nəticəsində bir azərbaycanlı hərbçi şəhid olub, altı erməni silahlısı isə məhv edilib), dərhal İrəvanda bundan sonra da belə hücumların davam edəcəyini göstərən açıqlamalar verildi.

Məsələn, Rusiyanın “Vzqlyad” nəşri Qarabağda təxribat müharibəsi təhlükəsi barədə məqalə dərc etdi. Eyni zamanda, erməni politoloq Hrant Mikaelyanın partizan müharibəsinin istisna olunduğu, lakin nəzəri cəhətdən təxribat müharibəsinin mümkünlüyü barədə sözlərindən sitat gətirildi.

Partizan və diversiya müharibəsi arasındakı fərq nədir?

Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi elmlər və Sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Media.az-a müsahibəsində onlar arasında əsas fərqi göstərib:

“Partizan müharibəsi yerli mənbələrə arxalanaraq yerli əhali tərəfindən aparılır. Partizanlar əslində silahlı könüllülərdir. Təxribat müharibəsinə gəlincə, burada bəzi qrupların yalnız öz imkanlarına güvənərək düşmənin arxa cəbhəsinə göndərilməsindən söhbət gedir. Onların resursları bitdikdə rotasiya baş verir”.

– Yəni, təxribat fəaliyyəti yalnız hərbçilərin işidir?

– Məhz belədir. Bura yalnız hərbçilər daxildir. Əlbəttə, partizanlar arasında hərbi bacarıqlara sahib insanlar ola bilər, amma son hadisələr buna aid deyil. Partizanlar düşmən tərəfindən işğal olunmuş ərazilərdə fəaliyyət göstərirlər. Təxribatçılar isə düşmənin arxasında, onlara sadiq əhalinin olmadığı yerdə fəaliyyət göstərirlər. Beləliklə, Azərbaycanın azad etdiyi ərazilərdə partizan yoxdur, təxribatçılar isə meydana çıxa bilər.

– Bəs, təxribatçılar Azərbaycan hərbçilərinin nəzarətində olan azad edilmiş əraziyə necə sıza bilərlər?

– Haralardasa müxtəlif yeraltı kommunikasiyaların, keçidlərin olmasını istisna etmirəm. Gizli yollar ola bilər, yaxud xüsusi təlim keçmiş qruplar dağlardan və meşələrdən gizli şəkildə keçirlər. Erməni tərəf təxribatçı göndərməyə əvvəlcədən hazırlaşa bilərdi. Üstəlik, bu torpaqlar uzun illər onların nəzarəti altında olub.

Bir variant da var. Bunlar Azərbaycan ərazisində arxa cəbhədə qalan erməni hərbçiləri ola bilər. Onların özününkülər ilə əlaqəsi kəsilib, indi də öz tərəflərinə keçməyə çalışırlar, hara gəldi gedirlər. Bəlkə də bəziləri bir fürsət olduqda ayrılmaq istəməyiblər, bəlkə itiblər, ya sadəcə tərk ediliblər və ümumiyyətlə son aylarda nələrin baş verdiyini də bilmirlər.

– Aydındır ki, Azərbaycan ordusu ayıq olmalı, sayıqlığını itirməməlidir. Bəs, təxribatçıların və ya “itmiş” erməni əsgərlərinin bu cür hücumlarından necə qurtulmaq olar?

– Eyni pilotsuz təyyarələrdən istifadə etməklə monitorinq aparmaq lazımdır. Hərbçilərin (azərbaycanlı – red.) müdafiəsi üçün postlar qurulmalıdır. Bəzi yerlərdə bu postlar gizlin olmalıdır, bəzi yerlərdə isə əksinə, varlığınızı açıq şəkildə göstərməlisiniz; hər şey yerdən və tapşırıqlardan asılıdır. Fikrimcə, “göndərilən kazakları” müəyyənləşdirən və onları zərərsizləşdirə bilən bölmələr, xüsusi axtarış və patrul qrupları olmalıdır. İtkin düşmüş erməni əsgərlərinə gəldikdə, onlar üçün şərt qoymaq lazımdır: silahlarını yerə qoysunlar, sonra onları çıxarmaq olar. Əlbəttə ki, burada Rusiya tərəfi ilə iş birliyində həll ediləcək texniki məsələlər var.

Yeri gəlmişkən, bu ərazidə baş verənləri izah etmək üçün bütün azad edilmiş torpaqlara tətbiq olunduğu kimi “Qarabağ” anlayışından imtina etməyi təklif edərdim. Bunlar hamısı – Azərbaycanın ərazisidir, ölkənin qərb hissəsidir. “Qarabağ” dedikdə, bir çox insan məhdud ərazi haqqında yanlış bir anlayışa sahib olur.

– Mühüm bir hərbi-siyasi məqam var. Müharibə Ermənistanın məğlubiyyəti ilə başa çatdı, bir bəyanat imzalandı, Ermənistandakı müxtəlif siyasi qüvvələrin nümayəndələri isə revanşa çağırırlar, təxribat fəaliyyətlərinin davam etməsindən danışırlar. Bütün bunlar nə üçündür?

– Yəqin ki, erməni cəmiyyətində qisas tələbini təmin etmək, Ermənistanın azərbaycanlıları dinc yaşamağa qoymayacağını göstərmək üçün. Bu uduzanın revanşıdır.

Hər halda, bu, haqlı olaraq dediyiniz kimi hərbi-siyasi məsələdiir. Sülh və sərhəd müqavilələri imzalanana qədər gərginlik aradan qalxmayacaq. Problem Ermənistanda kiminlə bu müqavilələri imzalamaqdadır. Nikol Paşinyanla? O, bəlkə də imza atdı, sonra da Ermənistanın yeni rəhbərliyi meydana çıxacaq və onun imzasını tanımayacaq.

Bu səbəbdən Rusiyanın, ATƏT-in Minsk Qrupunun (torpaqların qaytarılmasına kömək etməsə də, bəlkə də, heç olmasa buna kömək edəcək) iştirakı ilə Azərbaycan diplomatiyasının fəal işinə ehtiyac var. İndi ATƏT-in Minsk Qrupundan ərazilərin Azərbaycana qaytarılması tələb olunmur, Bakı bunu təkbaşına etdi. Onlardan Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur etmələri tələb olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678