Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan kilsələri tikir, Ermənistan məscidlərdə donuz saxlayır – ŞƏRH

172 Baxış

Azərbaycan işğal altında olan torpaqlarını azad etdiyi hər gün erməni vandalizminin təzahürləri ilə qarşılaşır. Füzuli şəhərinin işğaldan azad edildiyi vaxt hərbçilərimizin dövlət bayrağını sancmaq üçün salamat yer tapmaması erməni vandalizmini göstərən nümunələrdən hələ başlanğıcı oldu.

Ordumuz irəlilədikcə, hərbçilərimiz Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində də eyni mənzərə ilə qarşılaşdı. Ermənilər bu şəhərlərdə daşı-daş üstdə qoymamış, əsgərlərimizin bu ərazilərə gəldiyini görüb çirkin dağıtma əməliyyatı ələ keçirmişdi.

Vaxtı ilə çar Rusiyasının Napoleon Bonapartla döyüş zamanı “hər yeri yandırma” strategiyasının oxşarını indi ermənilər həyata keçirir. Onlar bu əraziləri itirəcəklərini bildiklərindən və bir də bu ərazilərə geri qayıda bilməyəcəklərini dərk etdiklərindən bu siyasətə əl atır. Bununla həm də Azərbaycanın mədəni-tarixi irsini məhv etmiş olurlar.

“Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” və “Din və Demokratiya Mərkəzi” İctimai Birlikləri tərəfindən hazırlanmış hesabata görə, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasət nəticəsində 10 mindən çox yer adı, daşınmaz tarixi və mədəniyyət abidəsinin adları və yüzlərlə toponim dəyişdirilərək, erməni adları ilə əvəz edilib. Ermənistan işğal altında saxladığı ərazilərdə azərbaycanlıların yaşadıqları kənd və şəhərlər xarabalığa çevrilib, çoxlu sayda erməni kilsələri inşa edilib. 

Eləcə də Azərbaycanın işğal edilmiş bütün ərazilərində yüzlərlə erməni xaç nişanı quraşdırılıb, tanınmış erməni terrorçularının xatirəsinə memorial komplekslər tikilib. Ermənistanın hərbi təcavüzü nəticəsində 2645 tarixi və mədəniyyət abidəsi, o cümlədən 1814 memarlıq, 747 arxeoloji, 64 bağ-park, monumental və xatirə abidəsi, 23 muzey, 102 757 muzey eksponatı, 4 dövlət rəsm qalereyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 min arxivləşdirilmiş sənəd, 50 mindən çox vətəndaşın şəxsi kolleksiyasına aid, tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) dağıdılıb, məhv edilib və ya mənimsənilib.

Ermənilər işğal altında saxladıqları ərazilərdən qarət etdikləri daşınar tarixi və mədəniyyət abidələrini mənimsəyərək onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarıb, bir qismini nüfuzlu şəxslərə hədiyyə edib, digər hissəsini isə paytaxt İrəvanın müxtəlif müəssisələrində saxlayırlar.

Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağara düşərgəsində 2002-ci ildən etibarən xarici ekspertlərin iştirakı ilə aparılan qazıntılar isə qeyri-qanunidir. Qazıntılar zamanı aşkar olunmuş maddi-mədəniyyət nümunələri Ermənistan Respublikasına daşınaraq mənimsənilib.

1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya”nın İkinci Protokolunun 9-cu bəndi işğalçı tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin, istənilən arxeoloji qazıntı nümunəsinin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi, elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan edilməsi, qarşısının alınması kimi öhdəlikləri təsbit edir. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı qanunazidd əməllər beynəlxalq cinayət hüququ ilə hərbi cinayət hesab olunur. Ermənistan Respublikası dövlət olaraq vaxtilə işğal etdikləri ərazilərimizdə maddi-mədəniyyət abidələrinə qarşı törətdiyi vandalizm əməllərinə görə birbaşa beynəlxalq hüquqi məsuliyyət daşıyır.

Azərbaycan isə Ermənistanın tam bir əksini təşkil edir. Bu fərqlilik Azərbaycan hökumətinin mədəni, dini abidələrə hörmətlə yanaşmasından, tarixi yerlərə təkcə Azərbaycanın yox, dünya irsinin nümunəsi kimi yanaşılmasından dəqiqliklə görünür. Ermənistandan fərqli olaraq, multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanı 2016-cı ildə Roma Papası Fransiskin tolerantlıq üzrə dünyada model ölkə kimi dəyərləndirməsi əsas göstəricidir.

Son 20 ildə Rus Pravoslav Baş Kafedral Kilsəsi (“Jen Mironosits” pravoslav kafedral kilsəsi), “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir edilib, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Belə ki, Qəbələdəki Çotari alban-udi və Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. 2020-ci ildə layihə çərçivəsində Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib. Həmçinin Azərbaycanın işğaldan azad etdiyi Şuşadakı Qazançı Kilsəsinə müharibə zamanı dəymiş zərər hökumətimiz tərəfindən aradan qaldırılacaq.

Bütün bu faktlar hansı ölkənin dini və tarixi abidələrə necə yanaşdığını göstərir. Azərbaycan məscidlərdə donuz saxlayan, müsəlman inanclarına hörmət qoymayan monoetnik Ermənistan dövlətinin tam əksi, tolerantlığın mərkəzidir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678