Mingəçevirdə maarifləndirmə tədbiri keçirilib

79 Baxış

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxananın oxu zalında “Azərbaycanda Məhərrəmlik mərasimlərinin tarix kökləri və ictimai-siyasi vəziyyətə təsiri” mövzusunda seminar keçirilib. Tədbirdə MKS-nin metodisti Səidə Qurbanova, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini – ilahiyyatçı Bəhruz Əhmədov, mərkəzi kitabxananın işçiləri, gənclər və dindarlar iştirak ediblər.

Turanmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan MKS-nin metodisti Səidə Qurbanova Azərbaycanın ən yeni tarixində milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib.
Seminarın mövzusu barədə çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda Məhərrəmlik mərasiminin kökləri, orta əsrlərdə, çar Rusiyası illərində, sovet dövründə və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı müddətdə bu mərasimlərə olan münasibət barədə ətraflı məlumat verib.
Tədbirdə “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda çıxış edən Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini-ilahiyyatçı Bəhruz Əhmədov Məhərrəmlik mərasimlərinin keçirilməsinin məqsədi bədbinlik əhval-ruhiyyəsini yaymaq deyil, fədakarlığı, dəyanətə çağırışı, vətənpərvərlik ruhunu, əhdə vəfanın mənşəyini təcəssüm etdirmək olduğunu vurğulayıb.
Mövzu ətrafında çıxış edən Mingəçevir şəhəri “Zəhra” məscidinin imamı Əkbər Əliyev Kərbəla faciəsini, Əhli-beytə edilən zülmün məzhəbindən asılı olmayaraq bütün müsəlmanları kədərləndirdiyini vurğulayıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Esmira Hidayətova,Mingəçevir