Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşada beynəlxalq konfrans işə başladı

104 Baxış

Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Ümumilikdə 160 daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri ilə təyyarə ilə Füzuliyə uçuruq, sonra isə Şuşaya gedəcəyik. Yol boyu diplomatik korpusun nümayəndələri minalardan təmizləmə əməliyyatlarını və kütləvi bərpa işlərini görəcək, xüsusi nümayəndələrin təqdimatlarını dinləyəcək”, – Azərbaycan Prezidentinin köməkçisi bildirib.

***

Azərbaycandakı diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi yekunlaşmaqda olan tunellə tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov xarici diplomatlara Zəfər yolunun qısa müddət ərzində tikilməsi, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 kilometrlik hissəsi 6, 48-81,6 kilometr arası isə 4 hərəkət zolağından ibarətdir.

Yol boyu 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Qeyd olunub ki, artıq üç tunel üzrə tikinti işləri son mərhələdədir. Həmin tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tuneldaxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Həmçinin diqqətə çatdırılıb ki, hazırda işğaldan azad olunan ərazilərdə 18 avtomobil yolu layihəsi həyata keçirilməkdədir.

***

Avqustun 27-də Şuşada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans öz işinə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev, Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.

Tədbiri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıb. O bildirib ki, Azərbaycan dövləti Qarabağı çiçəklənən vəziyyətə qaytarmağı qarşısına vəzifə qoyub:

“Azərbaycanlılar, təxminən, 30 il əvvəl oranı tərk edərək xoşbəxt həyatlarından məhrum olmuş, məcburi köçkünə çevrilmişdilər”.

Qeyd edək ki, konfransda 60-dan çox ölkə və 19 beynəlxalq təşkilatdan yüzdən çox diplomat, hərbi attaşe iştirak edir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678