Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər: “Ermənistan mütləq cəzasını alacaq” – ÖZƏL

76 Baxış

Təxminən 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız Azərbaycan Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz tərəfindən azad edildi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd düşmən tapdağından təmizləndi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Beləliklə Ermənistanın məğlubiyyətini qəbul etdiyi 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan təmizlədi. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Beləliklə hərb meydanında olduğu kimi, diplomatiya cəbhəsində də ölkəmizin uğurlarını şərtləndirirdi. Qeyd etməliyik ki, uzun illər ərzində işğal altında olan torpaqlarımızdan erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını özündə əks etdirən BMT qətnamələrini Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində təkbaşına icra etdi. Azərbaycanın hərbi-diplomatik Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi.

Lakin təəssüflər olsun ki, torpaqlarımızın düşmən tapdağından azad edilməsi minlərlə şəhidimizin qanı bahasına başa gəldi. Təbii ki, müharibə qurbansız olmur və qəhrəman oğullarımız torpaqlarımızı işğaldan azad etməklə milli qürurumuzu və kimliyimizi yenidən özümüzə qaytardı. Amma Ermənistan öz xislətinə sadiq qalaraq Birinci Qarabağ müharibəsində olduğu kimi, 44 günlük savaşda da Azərbaycana qarşı sülh və insanlıq əleyhinə cinayətlər törətdi. Belə ki, ermənilər müharibə vaxtı dinc yaşayış məntəqələrimizi qadağan olunmuş bombalar, raketlərlə atəşə tutdu, həmin raketlərin atılması ilə onlarla körpə, qadın, dinc sakin vəhşicəsinə qətlə yetirildi, çoxlu sayda insanlarımız fiziki əzablara düçar oldu. Bütün bunlarla yanaşı ermənilər Laçın və Kəlbəcəri boşaltmağa məcbur qalarkən evlərə, meşələrə od vurmaqla, infrastrukturu məhv etməklə öz mənfuf xislətlərini bir daha ortaya qoydular.

Qeyd etmək lazımdır ki, həm müharibə, həm də ondan sonrakı dövrdə Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və sair beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaradıb. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasətini, xüsusilə müharibə cinayətlərinin mahiyyətini, eləcə də Azərbaycanın haqlı mövqeyini konkret faktlarla dünya ictimaiyyətinə çatdırdı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi. Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və döyüşlərin davam etdiyi bir vaxtda 30-a qədər xarici KİV təmsilçilərinə, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24”, televiziya kanallarına, Rusiyanın TASS, Ria Novosti agentliyinə verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.

Bu gün də, regionda nüfuzu artan, dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən Azərbaycan Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün çox güclü iş aparır. Ona görə də, inanırıq ki, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Çünki Azərbaycan dövləti tərəfindən bütün bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Odur ki, Ermənistan törətdiyi bütün cinayətlərinə görə cəzasını mütləq alacaq.

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna həsr olunub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678