Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qarabağda son olaylar: “Bundan sonra separaçtı rejimin varlığı mümkün olmayacaq”

82 Baxış

“Sülhməramlılar 10 noyabr sənədini icra etmir, yəni Rusiya dövləti üzərinə götürdüyü yerinə yetirmir”.

Turanmedia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.

O, Azərbaycan dövlətinin Rusiyaya sülhməramlılarla bağlı verdiyi notanı şərh edib:

“Atəşkəs Bəyanatı imzalanan kimi sülhməramlılar əraziyə dislokasiya oldular. Ancaq 10 noyabr sənədinin 4-cü bəndi var. Yəni Ermənistan qoşunları və separatçı rejimin terrorçuları Qarabağdan çıxarılmalı idi. Bu müddəa hələ də həyata keçirilməyib. Əslində, o, bütövlükdə sənədin və Rusiya sülhməramlılarının fəaliyyətinin mahiyyətini açan bir müddəadır”.

Siyasi şərhçi əlavə edib ki, əgər 2 ildən sonra hələ də Qarabağda atəş açırlarsa, bu, Rusiya sülhməramlılarının və Ermənistanın təqsiridir:

“Çünki zamanında 4-cü müddəa yerinə yetirilmiş olsaydı, bu gün Qarabağda hərbçilərimizə atəş açacaq hər hansı bir element olmazdı. Artıq, bu sənədi keçərsiz saymaq mümkündür. Çünki hər bir beynəlxalq sənəd müddəaları ilə bir bütündür və bu müddəaların hamısı yerinə yetirilməlidir. Əgər bu müddəalardan biri və yaxud bir neçəsi yerinə yetirilmirsə, bu, sənədin bütövlükdə yerinə yetirilmədiyi anlamına gəlməlidir.

Üstəlik, bəyanatın 9-cu müddəası – Zəngəzur dəhlizinin açılması məsələsi var. Ermənistan onun icrasından imtina edir. Onlar iddia edir ki, Zəngəzurda hər hansı bir dəhlizin açılması məsələsi bu sənəddə qeyd olunmayıb. Halbuki 9-cu müddəada yalnız “dəhliz” kəlməsi qeyd olunmur. Həmin dövrdə Nikol Paşinyan yalvarıb ki, “dəhliz” ifadəsi Ermənistanda hakimiyyət çevrilişinə gətirib çıxara bilər”.

Mütəxəssisin fikrincə, Rusiyanın sülhməramlı statusu ilə bağlı beynəlxalq mandatı mövcud deyil:

“Sülhməramlıların fəaliyyət sferası da Azərbaycan parlamentində təsdiqlənməyib. Habelə sülhməramlıların mövcudluğu Qarabağda artıq sülh prosesinə töhfə deyil, bəlkə də yeganə əngəldir. Parlamentdə sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması tələb oluna bilər”.

“Bəzi ərazilərimiz – Qazaxın 7 və Naxçıvanın 1 kəndi hələ də işğal altındadır. Bu kəndlərin azad olunmasını Ermənistan tərəfi hələ də qəbul etmir. Soçi görüşündə isə Ermənistan sadəcə strateji əhəmiyyət daşımayan yalnız 2 kəndin azad olunmasına razı olub”, – deyə N. Miri vurğulayıb.

Onun sözlərinə görə, qanunsuz erməni silahlılarının ərazidən çıxarılması üçün maksimum 1 həftə vaxt verilməlidir:

“Ultimativ qaydada konkret zaman tanımaqla bunu edə bilərik. Bütün dünya bunu bilməlidir. 1 həftədən sonra Azərbaycan antiterror əməliyyatını başlayaraq məlum prosesi yekunlaşdırmalıdır. Bundan sonra regionda separaçtı rejimin varlığı mümkün olmayacaq”.

Bir sıra QHT üzvlərinin hazırda Şuşa-Xankəndi yolunda keçirdiyi etiraz aksiyasından söz açan həmsöhbətimiz söyləyib ki, bu da təsir alətlərindən biridir:

“Separatçı rejim anlamalıdır ki, bu ərazi Azərbaycan torpağıdır. Rusiya həddini aşan bir dövlətdir və Rusiya güc amilinə arxalanır. Bunun Ukraynada şahidi oluruq”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678