Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dağıstanda evliliyə məcbur edilən qız ölümlə təhdid edildi

294 Baxış

Rusiya və İsveç vətəndaşlığı olan 18 yaşlı qız qohumlarının onu məcburi şəkildə ərə verməyinə etiraz olaraq Dağıstandan qaçıb.

“Openmedia” bu barədə “Pravovaya İnisiativa” (“Hüquqi Təşəbbüs”) layihəsinin vəkili Olqa Qnezdilovaya istinadən məlumat yayıb.

Gənc qadının adı təhlükəsizlik səbəbi ilə açıqlanmır.

O, doqquz yaşından İsveçdə yaşayıb. Bu yaxınlarda valideynlər qızdan babasını ziyarət etmək və qohumlarının toyunda iştirak etmək üçün Dağıstan Respublikasına səfər etməsini istəyiblər. Dağıstanda isə qızın qohumları bildiriblər ki, onun ailə həyatı qurması üçün əvvəldən nəzərdə tutulmuş oğlana ərə getməlidir. Vəkil Qnezdilova iddia edir ki, qohumlarının təklifi ilə razılaşmayan qız mənəvi və fiziki təzyiqə məruz qalıb, həmçinin onun şəxsi telefonu və sənədləri əlindən alınıb.

Qıza hüququ yardım göstərmək öhdəliyini öz üzərinə götürən təşkilatdan bildirilib ki, qızın əmisi onu öldürməklə hədələyib və xəbərdarlıq edib ki, evlilikdən imtina onların ailəsini camaat içində hörmətdən salacaq. Müdafiə tərəfi həmçinin iddia edir ki, girov götürülən qız anasından, nənəsindən, babasından və digər əmisindən onu sərbəst buraxmalarını xahiş edib. Qarşılıq olaraq qohumları onu evlilik təklifini qəbul etməyəcəyi təqdirdə rəhmətə getmiş bibisinin yanında dəfn olunmaqla hədələyiblər.

Bununla paralel toya hazırlıqlar başlayıb. Dəvətnamələr göndərilib, toy üçün zinət əşyaları və hədiyyələr alınıb. Nəhayətdə qız İsveçdə yaşayan dostuna zəng edərək başına gələnləri danışmağa macal tapıb və ondan yardım istəyib. Dostu isə öz növbəsində baş verənlər barədə hüquq mühafizə orqanlarına məlumat verib. 29 iyun tarixində İsveçin aidiyyəti qurumları “Pravovaya İnisiativa” təşkilatı ilə əlaqə yaradıb.

Təzyiqə məruz qalan qız Dağıstan polisi ilə də əlaqə yarada bilib. 29 iyunda respublikanın hüquq mühafizə orqanları onu dindirmək məqsədilə polis idarəsinə aparıblar. İdarədə ifadə verən qız gecəni orada keçirib. 30 iyun tarixində isə idarədən çıxaraq qohumlarına xəbər etmədən əvvəl Dağıstanı, sonra isə Rusiyanı tərk edərək İsveçə qayıdıb. Onun yeri barədə məlumatsız olan qohumları isə qızın itkin düşməsi ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət edib və polis insan oğurluğu maddəsi ilə cinayət işi açıb.

Olqa Qnezdilova jurnalistlərə polis əməliyyatçısı ilə olan danışığının səs yazısını ötürüb. Vəkillə əməliyyatçının sözügedən danışığı təzyiqə məruz qalan qızın hələ Dağıstan ərazisində olduğu zaman baş tutub. Polis 18 yaşlı qızın 30 dəqiqə ərzində polisə gəlməsini tələb edib, əks halda respublikanın bütün yollarını, giriş və çıxışlarını bağlayacaqları barədə xəbərdarlıq edib.

O.Qnezdilova əməliyyatçıya bildirib ki, qız qohumlarının evindən könüllü olaraq ayrılıb və təhdidlər üzündən geri dönmək istəmir, lazım gələrsə, qızın səsini polisə təqdim etməyə də hazırdır. Polis vəkilin bu təklifini qəbul etməkdən imtina edib.

Dağıstan Daxili İşlər Nazirliyindən RT kanalına bildirilib ki, hadisə ilə bağlı hələ informasiyaya malik deyillər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678