Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

2024-cü ilin yanvarında pensiyalar yenidən artırılacaq

81 Baxış

“Vahid indeksiyasiya metodu tətbiq olunduqdan sonra bütün növ əmək pensiyaları hər il yanvarın 1- də indeksiyasiya olur, artırılır. 2022-ci ildə əmək pensiyaları 14,7 faizə indeksiyasiya olundu”.

Turanmedia.az xəbər verir ki, bunu TNS-ə deputa Vüqar Bayramov deyib.

vuqarbayramov

Deputat qeyd edib ki, həmin vaxt bütün əmək pensiyaları artıb: “2024-cü ilin yanvarında pensiyalar yenidən artırılacaq. Bu zaman 2023-cü ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq pensiyaların indeksiyasiya olunaraq artırılması reallaşacaq. Hələlik pensiyaları artırılması 10 faiz ətrafındadır”.

Millət vəkili bildirib ki, ölkə Prezidentinin müvafiq sərəncamı ilə minimum pensiya 240 manatadək artırılıb.

O, vəfat edən şəxslərin pensiya kapitalının istifadəsi ilə bağlı suala cavabında Milli Məclisin komitə və plenar iclaslarında bununla bağlı təklif verdiklərini xatırladıb: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həmin pensiya kapitalının varisə transfer edilməsini, varisin pensiya kapitalına əlavə olunmasını təklif edirik. Mövcud qanunvericiliyə əsasən, pensiya yaşında olan vətəndaşımız dünyasını dəyişirsə, onun pensiyası həyat yoldaşı və ya varisinə verilə bilər. Yaxud vəfat etmiş şəxsin pensiya kapitalı yüksəkdirsə, bu zaman həmin pensiyanı həyat yoldaşı ala bilər. 18 yaşına çatmamış və ya 21 yaşına qədər ali məktəb tələbələri olan övladları varsa, pensiya həmin şəxslərə də ödənilir”.

Deputat onu da deyib ki, başqa ölkələrdə işləyən vətəndaşlarımızın iş stajının nəzərə alınması dövlətlərarası razılaşmaları əsasında mümkündür: “Rusiya ilə belə bir anlaşma var. Rusiyada işləyən Azərbaycan vətəndaşları pensiya yaşında Azərbaycana dönəcəkləri halda pensiya müavinətlərini ala biləcəklər. Eyniylə bu, Rusiya vətəndaşlarına da şamil olunur. Azərbaycan ikitərəfli razılaşmaların olduğu ölkələrin sayının artırılmasında maraqlıdır”.

Əlilliyə görə müavinətlərin hesablanmasına gəlincə, deputat bununla bağlı yeni sistemin tətbiq olunduğunu xatırladıb: “Əlillik dərəcəsi sağlamlığın itirilmə faizinə görə müəyyənləşir. Yeni qaydalar fonunda vətəndaşlarımız I, II, III qrup üzrə əlillik dərəcəsini almaq hüququna malikdirlər. Milli Məclisin Əmək və sosial siyasət komitəsində hər zaman qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunur. Qeyd etmək lazımdır ki, bir çox təklifimiz dövlət tərəfindən qəbul edilib. O cümlədən əmək, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı qanunların təkmilləşdirilməsi, əlçatanlığın artırılması istiqamətində işlər görülüb. Məqsəd isə sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsinə nail olmaqdan ibarətdir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Emil Cavadov isə TNS-ə bildirib ki, Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-2023-cü illərdə 4 sosial islahat paketi icra olunaraq, 4 milyondan çox vətəndaşı əhatə edən sosial ödənişlərdə ardıcıl artımlara nail olunub: “Həmin 4 sosial islahat paketi üzrə əlavə olaraq ayrılan illik vəsait 6,8 milyard manata çatıb. Bu dövrdə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq əməkhaqqı 70 faiz, median əməkhaqqı 2,1 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, müavinət və təqaüd ödənişləri 5 dəfə artıb.

emin_cavadov

Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsidir. Son beş ildə ölkəmizdə ardıcıl və geniş miqyas alan sosial islahatlar nəticəsində bu istiqamətdə də ciddi irəliləyişlərə nail olunub. Həmin dövrdə minimum aylıq pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb, orta aylıq pensiya 2,1 dəfə artaraq 208 manatdan 435 manata, yaşa görə orta aylıq pensiya 2 dəfə artaraq 234 manatdan 466 manata çatıb”.

Nazirlik əməkdaşı deyib ki, bu artımlarla yanaşı, hər ilin əvvəlində pensiyaların Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, əvvəlki il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunur.

“Pensiyaçıların sosial müdafiəsində yeni istiqamət və onlara əlavə dəstək olaraq 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin olunub: ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə 2022-ci il üzrə rüblər üzrə bölünüb verilməklə 200 manat, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və b. isə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib.

2023-cü ilin əvvəlindən həmin maddi yardımlar onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb. Həmin artım edildikdən sonra isə pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumat əsasında 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-cü ilin 1 yanvar tarixindən 14,7 faiz indeksləşdirilməklə artırılıb.

Göründüyü kimi, həm pensiyaların sığorta hissəsinin, həm qulluq stajına görə pensiyasına əlavələr təyin edilmiş pensiyaçılara münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğin, həm də 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indekləşdirmə əsasında artımı təmin olunub.

Eyni zamanda, pensiya sistemində son 5 ildə aparılan islahatlarla pensiyaçıların sosial müdafiəsi gücləndirilməklə və bir sıra humanist yanaşmalar tətbiq edilməklə, pensiya təminatının əhatə dairəsinin genişləndirilməsi, bu sistemə əlçatanlığın artırılması istiqamətində də addımlar atılıb.

Belə ki, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik 25 il sığorta stajı (pensiya hüququ qazanmaq üçün minimum staj tələbi 25 ildir) hədiyyə edilərək pensiya hüququ verilir. 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı azaldılaraq pensiya yaşı ilə eyniləşdirilib. Dövlət başçısının 2022-ci ilin iyun ayında təsdiq etdiyi qanunla isə “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırası genişləndirilib. 2022-ci ilin dekabr ayında Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına da yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən pensiyaya çıxmaq hüququ verilib və s.

Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən artıq 140-dan çoxu elektronlaşdırılıb. Yəni, nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir. Sosial sahədə mühüm innovativ uğurlardan biri kimi, 2019-cu ilin əvvəlindən pensiyaların, sonralar müavinət və təqaüdlərin elektron sistem üzərindən proaktiv təyinat mexanizmlərinin tətbiqinə başlanıb. Yəni, vətəndaşın pensiya, müavinət və təqaüd hüququ yarandığı halda, onun müraciətinə və sənəd təqdim etməsinə ehtiyac olmadan bu sosial təminat növləri üzrə ödənişlər ona e-sistem üzərindən avtomatik təyin olunur. 2023-cü ilin 1 avqust tarixinə olan məlumata əsasən 90 min pensiya, 508 min müavinət, təqaüd təyinatı, yəni ümumilikdə 600 minədək pensiya, müavinət, təqaüd e-infrastruktur üzərindən, proaktiv qaydada təyin olunub”, – deyə o əlavə edib.

Vəfat edən şəxsin pensiya kapitalına gəlincə, qeyd edib ki, vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinin ailə başçısını itirməsinə görə pensiya təminatına yönəldilir və ailə sosial təminatla əhatə olunur.

“Vətəndaşların digər ölkələrdə həyata keçirmiş olduqları əmək fəaliyyətinin staj kimi tanınması həmin ölkələrlə sosial müdafiə sahəsində imzalanmış sazişlər əsasında tənzimlənir. Ötən dövrdə bir sıra ölkələrlə belə sazişlər imzalanıb”, – nazirlik əməkşdaşı qeyd edib.

Əlilliyin qiymətləndirilməsinə gəlincə, bildirilib ki, əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir: “Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Əlillik müddətli və müddətsiz müəyyən edilir. Amputasiya və ya sağalmaz xəstəlik kimi geridönməz hallar olduqda, əlillik ömürlük təyin olunur.

Müvafiq qanunvericiliyə dəyişikliklər edilməklə ötən ilin iyul ayından əlilliyin qiymətləndirilməsi sahəsində qabaqcıl dünya təcrübəsinə, Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarına uyğun yeni meyarlar tətbiq olunur. Yeni meyarlara əsasən, əlilliyin ənənəvi üç dərəcə əvəzinə, orqanizmin funksiyalarının pozulması faizi (31-60 faiz, 61-80 faiz və 81-100 faiz aralığında) əsasında qiymətləndirilməsi həyata keçirilir.

Orqanizmin funksiyalarının 31 faizdən başlayaraq hər 5 faizdən bir aralıqda (məsələn, 35 faiz, 40 faiz, 45 faiz və s.) pozulma göstərici müəyyən edilməklə əlilliyin qiymətləndirilməsi aparılır. Qiymətləndirmə 7 kateqoriya (özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti) üzrə bacarıqların məhdudlaşma faizləri müəyyən olunmaqla həyata keçirilir.

Orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal üzrə funksiyaların pozulma faizi müəyyən olunur, faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə 100 faizdən çox olmamaqla müəyyən edilir; Əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Habelə sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik artıq 18 yaşa qədər deyil, ömürlük təyin edilir.

Ötən il tətbiq olunan yeni meyarlarla əgər əlillik təyinatına əsas verən meyarların sayı 4 dəfədən çox artırılmışdısa, “Əlilliyin müəyyən olunması meyarları”nda bu ilin iyul ayında edilmiş dəyişikliklə həmin meyarların sayı daha da artırılıb, əlillik təyinatın əsas yaradan xəstəliklərin sırasına yeni xəstəliklər əlavə edilib.

Ümumilikdə əlillik sahəsində aparılan bu islahatlar bu sahədə vətəndaş məmnunluğunun daha da artırılmasına, əlilliyin qiymətləndirilməsi sisteminin qabaqcıl dünya təcrübəsinə uyğun qurulmasına xidmət edib”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678