Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nəqli olduqca çətin hidrogenin Cənub Qaz Dəhlizi ilə daşınması araşdırılır – AÇIQLAMA

180 Baxış

Cənub Qaz Dəhlizi ilə gələcəkdə hidrogenin daşınması məsələsi nəzərdən keçirilməlidir.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

SOCAR ilə İtaliyanın “Snam” şirkəti arasında hidrogen nəqlinin tədqiqi barədə imzalanmış memorandum haqqında məlumat verən İ.Əhmədovun sözlərinə görə, sənədin mənası ondan ibarətdir ki, iki şirkət hidrogen və bioqaz istehsalı və Cənub Qaz Dəhlizi üzərindən nəqli imkanlarını araşdıracaq:

“Azərbaycan Prezidentinin bu il İtaliya səfəri çərçivəsində SOCAR və “Snam” şirkətləri arasında hidrogen və bioqaz inkişafı istiqamətində bir niyyət memorandumu imzalanıb. Hidrogen və bioqaz perspektivli və daha təmiz yanacaq növləri hesab olunur. Bioqaz biokütlə və kənd təsərrüfatı tullantılarından əldə olunur, tərkibi metan olmaqla təbii qazla eynidir. Buna görə də, əgər gələcəkdə Azərbaycanda ya digər ölkələrdə bioqaz istehsalı əhəmiyyətli dərəcədə inkişaf edərsə, onun Cənub Qaz Dəhlizi üzərindən də, “Şahdəniz” qazı ilə birlikdə nəql etmək mümkün olar”.

O hidrogen nəqlinin əhəmiyyətindən danışarkən bildirib ki, hidrogen (H2) metandan (CH4) tam fərqli bir maddədir və kainatda ən çox yayılmış maddə və enerji mənbəyi olmaqla, öz yüngüllüyünə görə yer kürəsində molekulyar surətdə nadir rast gəlinir:

“Buna görə hidrogen nisbətən az enerji məsrəfi ilə təbii qazdan və ya nisbətən çox enerji məsrəfi ilə sudan əldə olunur. Hidrogenin iki üstünlüyü var: müəyyən proses vasitəsi ilə enerjiyə çevriləndə tullantı olaraq yalnız su qalır, bu da ətraf mühitin qorunması üçün daha münasibdir. Digər üstünlüyü onun daha yüksək enerji vermə əmsalıdır. Hidrogenin çatışmazlığı isə onun nəqlinin olduqca çətin olmasıdır. Ancaq bəzi araşdırmalara görə hidrogen təbii qazla birlikdə borular vasitəsi ilə ötürülə bilər. Bu baxımdan Cənub Qaz Dəhlizi ilə gələcəkdə hidrogenin daşınması məsələsi də nəzərdən keçirilməlidir”.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678