Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənilərin uzun illər vəhşicəsinə istismar etdiyi Zod qızıl yatağı ilə bağlı RƏSMİ AÇIQLAMA

158 Baxış

“Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurub. Filiz və qeyri-filiz yataqları talan edilib, heç bir texnoloji normalar qorunmadan istismar olunub”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru, müxbir üzvü Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, Kiçik Qafqazın strateji əhəmiyyətli mineral yataqları, qızıl yataqları xarici şirkətlərlə birgə istismar edilib, Azərbaycanın milli sərvəti talan edilib:

“Qarabağ ərazisində Yer qabığının geoloji-tektonik quruluşu son dərəcə mürəkkəbliyi və müxtəlifliyi burada geniş spektrdə faydalı qazıntıların yayılmasına səbəb olub. İşğaldan əvvəl sənaye əhəmiyyətli yataqların proqnoz resursları qiymətləndirilib, çoxsaylı filiz və qeyri-filiz mineral xammal təzahürləri müəyyən edilib.

Metal faydalı qazıntılar xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqları ilə təmsil edilir. Filizlərin tərkibində əsas metallarla yanaşı, həmçinin, gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmium və s. qiymətli metallar müşahidə edilir. Adıçəkilən filiz yığımlarından ən çox əhəmiyyət kəsb edən qızıl yataqlarıdır.

Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib, bununla da iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulub. Ümumiyyətlə, Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.

Ehtiyatları təsdiq edilmiş qeyri-metal faydalı qazıntı yataqları, işğal edilmiş Qarabağ ərazisində dağ-kimyəvi, kükürd kolçedanı, soda xammalı və zinət daşları, həmçinin ümumi ehtiyatları on milyon kubmetrlərlə ölçülən mişar, üzlük və inşaat daşları, sement xammalı, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə təmsil edilir.

Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmərləşmiş əhəngdaşı yataqları, Çıldıran tuf yatağı, Çiləbürt gəc yataqları və s. intensiv olaraq ermənilər tərəfindən istismar edilmiş, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılıb”.

O qeyd edib ki, Kəlbəcər rayonu özünün zəngin filiz və qeyri-filiz faydalı qazıntıları ilə seçilir:

“Azərbaycan geoloqlarının səyi nəticəsində burada Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızılitən, Qazıxanlı, Qalaboynu və s. qızıl, xromit, volfram, mis, molibden, qurğuşun və məmulat daşları, mineral boyalar, üzlük daşı, müxtəlif cür tuf yataqları aşkar edilib. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. 

Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim suxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

Zod yatağının ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Basarkeçər (Vardenis) rayonunun ərazisindədir. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb.

Yatağın 23 filiz damarından cəmi yeddisinin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib.

Yatağın istismarına 1976-cı ildən başlanılıb. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə GeoProMining şirkəti rəhbərlik edib”.

“Ağduzdağ yatağı Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzahürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir.

Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir. Yataq cavan mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır.

Yataq ərazisində sulfidləşmiş hidrotermal dəyişilmiş zonalar da geniş yayılmışdır. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15-20 m-dən 2 km-ə, eni isə 150-200 m-ə qədərdir.

Mehmana filiz rayonu Qızılbulaq qızıl-mis-kolçedan sahəsi Ağdərə ərazisində Sərsəng SES-in sağ sahilində yerləşir və Mehmana filiz rayonunda ən perspektivli sahə sayılır. Qızıl saxlayan mis-kolçedan formasiyası bazalt maqmatizmi ilə əlaqədardır. Filiz kütləsinin xeyli hissəsi damar minerallarından (kvars və karbonatlardan) ibarətdir. Qızılbulaq filizlərində saxlanılan qızılın əsas hissəsi sərbəst haldadır.

Beləliklə, qeyd etmək istəyirəm ki, artıq işğaldan azad edilmiş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları (obsidian, mərmərləşmiş oniks, yəşəm və s.), 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yataqları mövcuddur. Bu yataqların hər birinin işlənməsində, istismarında mühəndisi seysmik işlərin yerinə yetirilməsində yaxından iştirak edəcəyik.

Bundan başqa, Respublika Seysmoloji Xidmət Mərkəzi tikinti işləri üçün ən vacib olan seysmik rayonlaşma və mikrorayonlaşma istiqamətində də Qarabağ ərazisində genişmiqyaslı işlər görməyi də planlaşdırır”, – deyə direktor əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678