Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur”

132 Baxış

“İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

O bildirib ki, ilkin mərhələdə idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlərdə isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir.

“Tapşırığınıza uyğun olaraq, hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və Sizin göstərişinizlə artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması nəzərdə tutulub.

Həmçinin, bu işlərin görülməsi zamanı dövlət vəsaitlərinə qənaət edilməsi və investisiyaların səmərəliliyinin artırılması məqsədilə yol-nəqliyyat, kommunal infrastrukturu, ənənəvi və alternativ enerji istehsalı irriqasiya və meliorasiya sistemlərinin çəkilməsi və sair sahələr üzrə investisiya layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığından geniş istifadə edilməsi, iqtisadi aktivliyin təşviq olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur”, – deyə nazir əlavə edib.

M.Cabbarov qeyd edib ki, 2021-ci il üçün makroiqtisadi göstəricilərimiz planlaşdırılarkən məhz işğaldan azad olunmuş ərazilərdə geniş bərpa-quruculuq işləri qeyri-neft sektorumuzda və ümumiyyətlə, iqtisadiyyatımızda fəal artım drayverlərinin biri rolunu oynayır:

“O, məhz bununla izah olunur ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının Azərbaycan iqtisadiyyatının 2021-ci il üçün proqnozlarına nisbətən (bu, oktyabr ayında olub) bizim proqnozlarımız daha nikbindir.

Demək olar ki, biz artım tempini iki dəfə daha yüksək proqnozlaşdırırıq. Əgər onlar artım tempini 1,7-2 faiz arasında proqnozlaşdırırlarsa, qəbul olunmuş parametrlərə əsasən biz iqtisadi artım tempini 3,4 faiz planlaşdırırıq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678