Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BP “Şahdəniz 2” layihəsi üzrə görülən işlər barədə məlumat verdi

132 Baxış

2020-ci il ərzində “Şahdəniz 2” layihəsi şərq-cənub cinahından qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olunub.

Bu barədə Oxu.Az-a 2020-ci ilin yekunları ilə bağlı “BP Azərbaycan”dan məlumat verilib.

Bildirilir ki, ötən il “İsrafil Hüseynov” borudüzən gəmisi hər biri 18,3 kilometr uzunluğunda olan iki dərinsulu axın xətlərinin mexaniki quraşdırılmasını təhlükəsiz şəkildə başa çatdırıb. Axın xətlərinin birləşdirmə blokunun quraşdırılması və digər sualtı quraşdırma işləri “Xankəndi” sualtı tikinti gəmisi vasitəsilə uğurla yerinə yetirilib.

Dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) hasilatın başlanması dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra 2021-ci ilin ikinci rübünə planlaşdırılır. Digər iki dərinsulu cinahdan (qərb-cənub və şərq-şimal) hasilatın başlanması gələcək illərə planlaşdırılır. Bu proses hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmağı təmin edəcək.

2020-ci ildə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

“İstiqlal” qazma qurğusu “SDF03” quyusunda sualtı tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDF05” quyusunu bitirərək konservasiya edib və “SDH03” quyusunun alt hissəsini qazmağa başlayıb.

Bu iki qurğu “Şahdəniz 2” hasilatı və sonrakı artım üçün ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb. Yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb. Qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678