Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda növbəti məhsulun sığortasına başlanıldı: Şərtlər, məbləğlər – FOTO

129 Baxış

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kartof əkini sahələrinin sığortalanması şərtləri açıqlanıb.

Aqrar Sığorta Fondundan verilən məlumatda bildirilir ki, fermerlər və iş adamları 2021-ci ildə kartof əkini sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.

Hazırda kartof Azərbaycanın əksər rayonlarında, o cümlədən Gəncə-Qazax, Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz və sair ərazilərdə əkilir və fermerlərə böyük fayda gətirir.

Qaydalara əsasən, hesablama aparılması üçün kartofun bir hektar üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, kartofun bir hektarı üçün məhsuldarlıq norması 9-900 sentner arasında, qiymət isə 40-100 manat/sentner arasında müəyyən edilib.

Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:

Qaydalara görə, aqrar sığorta çərçivəsində kartofun sığortalanması üçün iki sığorta zərfi təklif edilir.

Birinci, “baza zərfi”ndə azadolma məbləği 10 faizdir. Bu zərf kartofu dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətlərinin nəticələrindən sığorta edir. 

İkinci sığorta zərfi üzrə azadolma məbləği 30 faizdir. Bu zərf kartofu bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.

Bu sığorta zərflərinin seçilməsi fermer və ya kartof sahəsinin sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da əlavə olaraq 2-ci zərfi də seçə bilərlər. Yəni, baza zərfi seçilmədən 2-ci zərf seçilə bilməz.

Kartofun sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları bitkinin məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, bölgələrdən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir.

Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:

Kartof sahəsinin sığortalanması zamanı fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər də nəzərdə tutulub. Belə ki, sığortalanmış məhsulun yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5 faiz güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5 faiz güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5 faiz, iki ildən sonra 10 faiz, üç ildən sonra isə 15 faiz güzəşt ediləcək. Yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5 faiz az ödəyəcəklər.

Qeyd edək ki, sığorta haqqının 50 faizini dövlət, yalnız qalan hissəni fermer ödəyir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678