Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pandemiya SOCAR-ın Türkiyədəki fəaliyyətinə necə təsir edib? – RƏSMİ

116 Baxış

STAR Neft Emalı Zavodu (NEZ) 2021-ci ildə 11 milyon ton xam neft emal etməyi proqnozlaşdırır və şirkət emal həcmini artırmaqla gələcəkdə ixrac potensialını da artırmağı planlaşdırır.

Bu barədə SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə Enerji”nin STAR Neft Emalı Zavodu (NEZ) və “Petkim Petrokimya Holdinq”in baş direktoru Anar Məmmədov məlumat verib.

O bildirib ki, STAR NEZ-də işlər davam etdirilir və ötən il ərzində də istehsal həcmlərində azalma yaşanmayıb:

“Doğrudur, 2020-ci il bizim sektor üçün çətin bir il oldu. Lakin, STAR NEZ ilə “Petkim”in inteqrasiya oluna bilən quruluşuna görə çətinliklərin öhdəsindən gəlindi.

Ötən il dünya iqtisadiyyatı qlobal çətinliklərlə üzləşdi. Xüsusilə də enerji sektoru bundan təsirlənsə də STAR NEZ və “Petkim” likvid şirkətlər olduğundan problem yaşanmadı. Həmin dövrdə iki şirkət ehtiyaclarını tam şəkildə qarşılayıb və gələcəkdə də likvidlik baxımından heç bir çətinlik gözlənilmir”.

O əlavə edib ki, şirkət ixracla bağlı fürsətləri dəyərləndirir və ən böyük imkanları neft-kimya sahəsində görür:

“Neft sənayesində ən sürətli böyüyən sektor neft-kimya sektorudur. Pandemiyadan əvvəl biz bu sahədə böyüməni görürdük. Bu dövrdə tələb azalmadı, əksinə artdı. Bizim üçün ən əlverişli bazar isə Türkiyə bazarıdır. Artıq “SOCAR Türkiyə” olaraq regional oyunçuya çevrilmişik. “Petkim” olaraq bazarda 18 faiz paya sahibik. 60-dan artıq ölkəyə ixrac həyata keçiririk. Bu isə Türkiyənin cari kəsirini bağlamağa imkan yaradır. Ötən il daxili bazarın tələbini qarşılamaq üçün ixracı azaltsaq da gələcəkdə ixrac potensialını da ciddi şəkildə dəyərləndirəcəyik”.

Əlavə edək ki, Anar Məmmədov SOCAR-ın “off gas” adlandırılan tullantı qazının enerjidə istifadəsinə dair layihə üzərində işlədiklərini də deyib. Onun fikrincə bu, əslində qiymətli neft-kimya məhsulu da hesab oluna bilər.

Hazırda isə layihə ilə əlaqədar texniki-iqtisadi əsaslandırma işləri aparılır. Layihə əsasında STAR NEZ-dən il ərzində çıxarılan təxminən 190 min ton qaz qiymətli məhsullara çevrilə bilər. Başqa sözlə, “Petkim”də xammal olan nafta əvəzinə müəyyən həcmdə qaz istifadə ediləcək.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678