Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Risk qəbul edə bilirsinizsə daha çox pul əldə edəcəksiniz” – MÜSAHİBƏ + FOTO

121 Baxış

Azərbaycanda maliyyə bazarlarında maksimum aktivliyi təmin etməyə maneə olan məsələlərdən biri də vətəndaşların sərbəst vəsaitlərini passiv şəkildə saxlamağa üstünlük verməsidir. Bu vəsaitlərin investisiya qismində istifadə edilməsinin qarşısını alan səbəblərdən biri və bəlkə də ən əsası risk qəbul etməkdə tərəddüdlərin olmasıdır.    

İqtisadi araşdırmaçı, investisiya məsləhətçisi və aktivlərin idarə edilməsi üzrə direktor Seymur İbadov bildirir ki, investisiya əməliyyatlarının riski yüksəkdir. O, bu halda insanların vəsaitlərini necə düzgün dəyərləndirə biləcəyi və maliyyə bazarlarında tətbiq ediləcək yeniliklərin ümumi bazara necə təsir edə biləcəyi haqda Oxu.Az-a müsahibə verib.

– İnsanlar sərbəst pul vəsaitlərini necə düzgün istiqamətləndirə, onu investisiyaya çevirə və daha çox gəlir əldə edə bilərlər? 

– Pulu düzgün və ağıllı idarə etmək üçün ilk növbədə peşəkar olmaq və ya bunu “işin ustası”a həvalə etmək lazımdır. Gəlirin əldə edilmə həcmi ilə risk səviyyəsi düz mütənasibdir. Daha yüksək gəlir vəd edən investisiya alətlərinin riski daha böyükdür. İnsanlar gəlirlərini düzgün idarə etmək üçün nəzəri biliklərə və müəyyən təcrübəyə malik olmalıdırlar ki, əllərində olan sərbəst vəsaitləri idarə edə bilsinlər. Sadə vəsaitləri istiqamətləndirə biləcəyimiz alternativ sahələr mövcuddur. Depozitlərin qoyulması və ya maliyyə aləti olan istiqrazların alınması daha risksiz hesab olunur. 

– Bu sahədə fəaliyyət göstərən investisiya şirkətləri düzgün istiqamətləndirmə apara bilirmi?

– Azərbaycanda qanunvericiliyə uyğun olaraq maliyyə bazarlarında investisiya şirkətləri fəaliyyət göstərir. Bu şirkətlərin əsas rolu insanların istəklərinə uyğun pullarını düzgün yönləndirmək və onlara müvafiq xidmətlər göstərməkdən ibarətdir. Müştəri daha çox gəlir əldə etmək istəyirsə ilk növbədə anlamalıdır ki, investisiya əməliyyatlarında risk səviyyəsi yüksəkdir. Bəzən müştərinin gəlir əldə etmə anlayışları ilə risk qəbul etmə imkanları arasında böyük fərqlər olur. Yəni, risk götürmə qabilliyəti aşağı ola bilər. İnvestisiya şirkətlərinin də əsas məqsədi bu tarazlığı təmin etməkdir. Bu şirkətlərin əsas xidmətləri investisiya məsləhətlərinin verilməsi, mücərrad olduqda iqtisadi araşdırmaların aparılması, müştərinin vəsaitinin maliyyə bazarlarında yerləşdirilməsi, bura həm qiymətli kağızların alınması, digər maliyyə alətlərinə investisiyaların edilməsi və s. daxildir. Müraciət qəbul edildikdən sonra araşdırılır və müştərinin istəyi əsasında onun risk tipi müəyyən edildikdən sonra ona investisiya sahəsində düzgün istiqamətlər verilir. Artıq qərarı müştəri verir. Nəticə olaraq sonrakı mərhələdə o istədiyi halda investisiya şirkətlərinin hər hansı biri ilə əməkdaşlıq edir.

– Daha az risk kəsb edən investisiya vasitələri hansılardır? 

– Maliyyə bazarlarından danışdıqda sərmayəni müxtəlif istiqamətlərdə yönləndirmək olar. Bunlar biznes sərmayələri, startap layihələri ola bilər. Maliyyə vəsaitlərinə ehtiyacı olan tərəflə, əlində müəyyən sərbəst vəsaitləri olan tərəflərin bir araya gəldiyi məkan dedikdə maliyyə bazarı başa düşülür. Bu bazarda gəlir əldə etməyin bir neçə yolu mövcuddur. Birincisi qiymətli kağızlar… Onların iki növü var: istiqrazlar və səhmlər. İstiqraz borc öhdəliyidir. Depozitlər daha fərqli olaraq müddətli olduğu üçün vaxtından əvvəl çıxarıldığı halda vəd olunmuş faizlər verilməyə bilər. Qiymətli kağızlar isə standart və sabit gəlir vəd edir. Qiymətli kağızın buraxılış qiyməti qalxdıqda onu daha baha qiymətə satmaq mümkündür. Səhm bazarı ilə maraqlanırsızsa bilməlisiniz ki, daha uyğun olan şirkətlərin düzgün müəyyən edilməsi, hər hansı bir sahədə müəyyən vaxt ərzində daha yaxşı işləməklə gəlir əldə edəcək əldə etdikləri gəlir əsasında da illik dividend ödəyəcəklər. Belə şirkətlərin düzgün müəyyən edilməsi həmin şirkətin fəaliyyəti nəticəsində ödəniləcək dividendlərin anlamına gəlir. Alternativ alətlərdən də maliyyə bazarında fəaliyyət göstərən alternativ mənbələrdən də müəyyən gəlir əldə etmək mümkündür. 

– Digər alternativ gəlir mənbələrinə misal göstərə bilərik? 

– Maliyyə bazarlarında daha riskli alətlər də ticarət olunur. Bunlar adətən törəmə alətlər hesab edilir. Bunlar beynəlxalq maliyyə bazarlarında daha çox inkişaf edib, müəyyən bilik və bacarıqlar tələb edir. Məsələn, “art investment” adlanan və rəsmlərə edilən investisiyalar mövcuddur. Əntiq əşyaların alınması ola bilə, saxlanılması və onun qiymətinin bahalaşması ilə satılması və s. Həmçinin, əmlaka investisiya edənlərin də sayı kifayət qədərdir.

– Mərkəzi Bank tərəfindən “agent bankçılıq” modelinin tətbiqi layihəsi üzrə işlər görülür. Bu modelin tətbiqi ilə bank xidmətlərinə çıxışın artırılması gözlənilir. Bu model barədə məlumat verə bilərsiniz?  

– “Agent bankçılıq” dedikdə fəaliyyət göstərən banklarla müəyyən hüquqi və ya fiziki şəxslər arasında bağlanmış müqavilə əsasında həmin hüquqi və fiziki şəxslərin agent kimi çıxış edərək bankın təyin etdiyi bəzi xidmətləri yerinə yetirməsi anlayışı başa düşülür. Bu model praktikada bir çox ölkələrdə tətbiq olunur. Hüquqi şəxs dedikdə müəyyən xidmət şəbəkəsinə daxil olan supermarketlər, iri satış şəbəkələri, poçt xidməti göstərən obyektlər ola bilər. Bu qismdə fiziki şəxslər də fəaliyyət göstərə bilər. Nəticədə bankın agenti tərəfindən çıxış edən tərəflə bank arasında müqavilə imzalanır və həyata keçiriləcək xidmətlərə sonda bank qərar verir. Bununla da bütün məsuliyyəti bank daşımış olur.

– “Agent bankçılıq”ın üstünlükləri nədən ibarət olacaq?

Üstünlükləri ondan ibarətdir ki, ödənişlərin elektron olması iqtisadiyyatın daha da şəffaflaşmasına və kölgə iqtisadiyyatının azalmasına dəstək olacaq. Bu xidmət növü bankların xərclərinin azalmasına da gətirib çıxaracaq. Azərbaycanda son bir neçə ildə bankların və filialların sayında azalmalar müşahidə olunur. Bildiyiniz kimi banklar və onların filialları insanların daha çox məskunlaşdığı ərazilərdə olur. Ucqar nöqtələrdə və ucqar kəndlərdə bu fəaliyyət növləri mövcud olmur. Ucqar ərazilərdə yaşayan insanlar hər hansı bank xidməti almaq üçün böyük bir məsafə qət etməli olurlar. “Agent bankçılıq” bank xidmətlərini hamı üçün əlçatan edir. Bu xidmətlərə daha çox plastik kartların sifariş olunması, pul vəsaitlərinin köçürülməsi,müəyyən ödənişlərin edilməsi aiddir. Bu xidmətlər qarşılığında agentlər bankdan müyyən bir komissiya alır. Qeyd edə bilərik ki, “agent bankçılıq” daha çox maliyyə sisteminin şəffaflaşmasına və bankların filial açmadan fəaliyyətinin ucqar ərazilərdə öz xidmətlərini təqdim edə bilməsi üçün formalaşmış modeldir.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678