Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkənin bəzi regionlarında vətəndaşların gəlirləri artıb

140 Baxış

Azərbaycanda mövcud sosial-iqtisadi vəziyyət və gözləntilər barədə keçirilən sorğu nəticələrinə əsasən aylıq gəliri 1 000 manatdan aşağı olan hər üç ailədən birinin gəliri 2021-ci ildə azaldığı halda, gəliri 1 001 manatdan yuxarı olanların yalnız 11 faizində eyni hal müşahidə edilib.

Sosial Tətqiqatlar Mərkəzindən Oxu.Az-a verilən mlumata əsasən, həm dövlət, həm də özəl sektorda çalışanların dörddə bir hissəsinin aylıq gəliri bu il ərzində azalıb.

Seçmənin əhəmiyyətli hissəsi son 1 ildə gəlirlərindən heç bir yığım edə bilməyib. Aylıq gəliri 1 000 manatdan aşağı olanların 6 faiz civarında bir hissəsi yığım edibsə, gəliri 1 001 manatdan yüksək olanlarda bu göstərici 12 faizə yaxındır.

Belə ki, işsizlərin 11 faizi, dövlət və özəl sektorda çalışanların isə 4-5 faizi yığım edib. Şəki-Zaqatala (17,1 faiz) və Dağlıq Şirvanda (19,4 faiz) yığım edənlərin çəkisi digər bölgələrə nisbətən ən azı iki dəfə daha çoxdur.

Ev təsərrüfatı gəlirlərində artım müşahidə edilənlərin nisbətən daha çox hissəsi Lənkəran (12,6 faiz) və Yuxarı Qarabağ (10,2 faiz) iqtisadi regionlarının payına düşür.

Aylıq gəliri azalma dinamikası isə iqtisadi regionlar üzrə dəyişir. Əgər Bakı, Lənkəran və Aranda respondentlərin 30-40 faizində azalma müşahidə edilibsə, Quba-Xaçmaz və Yuxarı Qarabağ üçün bu göstərici 8-20 faiz arası dəyişir.

Vəziyyətin müsbətə doğru dəyişəcəyini düşünənlərin daha çox hissəsi 65 yaşdan yuxarı (yaş qrupları üzrə, 45 faiz), aylıq gəliri 500 manatdan yüksək (gəlir qrupları üzrə, 40 faiz) və təqaüdçülər və evdar qadın (məşğuliyyət qrupları üzrə, 40 faiz) olanların payına düşür.

İqtisadi rayonlar üzrə ciddi fərq müşahidə edilib. Əgər Abşeron və Gəncə-Qazaxda respondentlərin yarısı vəziyyətin müsbətə doğru dəyişəcəyi qənaətini paylaşırsa, Yuxarı Qarabağdan olan respondentlər üçün bu göstərici 70 faizdən yüksəkdir. Quba-Xaçmaz (4,8 faiz) və Şəki-Zaqatala (8,6 faiz) isə bu mənada gələcəyə dair daha bədbin olan bölgələr kimi qarşıya çıxır.

Tam orta (34 faiz) və ali təhsillilər (33 faiz) öz qrupları daxilində gələcək barədə ən nikbin qruplar kimi diqqət çəkir. Bakı (38,8 faiz) və Abşeronda (34,8 faiz) əhalinin qarşıdakı bir il ərzində ölkədəki sosial-iqtisadi vəziyyətinin pisləşəcəyini hesab edənlər digər bölgələrə nisbətdə daha geniş yayılıb.

Qeyd edək ki, 1073 respondent arasında 25 iyun-5 iyul 2021-ci il tarixlərində keçirilən telefon sorğusunda əminlik intervalı 95 faiz, xəta marjası 3 faiz təşkil edib. 

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678