Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN polkovniki yanğınları söndürməyə mane olan səbəblər barədə: “Layihələndirmələr düzgün aparılmır”

133 Baxış

Respublika üzrə bir il ərzində çoxmənzilli yaşayış binalarında 166 yanğın baş verib və onlardan 108-i Bakı şəhərini əhatə edib, eləcə də, yüksəkmərtəbəli binalarda 63 yanğın hadisəsi olub və onlardan 55-i Bakı şəhərini əhatə edib.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov məlumat verib.

O bildirib ki, müvafiq dövr ərzində respublika üzrə fərdi yaşayış evlərində 363 yanğın baş verib və onlardan 83-ü Bakı şəhərini əhatə edib. Xidmətin rəisi yanğınsöndürmə prosesinə mane olan amillərdən də danışıb:

“Bəzi amillər yanğının söndürülməsində bizə çətinlik yaradır. Bura nəqliyyat vasitələri tərəfindən yaradılan sıxlığı misal çəkə bilərik. Çox zaman binaların qarşısı nəqliyyat vasitələri ilə tutulur, avtomobillər pərakəndə halda saxlanılır, ayrı-ayrı şəxslər tərəfindən binaların həyətində dirəklər basdırılır, meydançalar nəqliyyat vasitələri ilə zəbt olunur və s.

Bilirsiniz ki, yanğın avtomobilləri hadisə yerinə gedərkən edərkən maneəsiz olaraq müəyyən yerlərdə dayanmalıdırlar. Bizim xüsusi texnikamız adi nəqliyyat vasitələrinin asanlıqla keçə bildiyi yerlərdə istənilən manevrləri etmək qabiliyyətinə malik olmur. Lakin, insanlar düşünür ki, adi nəqliyyat vasitələri bu sıx ərazidən keçə bilirsə, deməli yanğınsöndürən maşın da keçə bilər. Nəzərə almaq lazımdır ki, yanğın yerində istifadə olunan nərdivanların dirsəkləri tam açıldıqdan və tarazlıq əldə edildikdən sonra yüksəkliyə qalxa bilirlər. Məhz bu sadalanan amillər yanğınların vaxtında söndürülməsinə mane olur.

Bu cür situasiyalarla qarşılaşmışıq və müvafiq maneələr insanların həmin ərəfədə xüsusi nəqliyyat vasitəsi çatana qədər yanğın yerində xəsarət alması, hətta həlak olması ilə nəticələnib”. 

Əkbər Novruzovun sözlərinə görə, hündürmərtəbəli binalarda yanğın kranlarının işlək vəziyyətdə olmaması da yanğın söndürənlərin işinə ciddi təsir göstərir. O əlavə edib ki, hündürmərtəbəli binaların və fərdi yaşayış evlərinin biri-birinə həddən artıq yaxın məsafədə tikilməsi iş prosesinə təsir edən ən əsas amillərdəndir:

“Bu zaman yanğınsöndürən avtomobillərin manevretmə qabiliyyəti məhdudlaşır. Yanğın yayılır, insanlar xəsarət alır, hətta həlak ola bilir. Bunların hamısı tikinti vaxtı buraxılan səhvlərin nəticəsidir. Həm mənzil tikinti koorperativləri tərəfindən, həm də ayrı-ayrı şəxslər tərəfindən layihələrdə yol verilən kənaraçıxmalar bizim işimizi olduqca çətinləşdirir.

Yanğınsöndürmə prosesində hündürmərtəbəli binalarda nərdivanlar üçün xüsusi keçidlər olmalıdır. Məsələn, kompleks tikilərkən orada ümumi hündürlük 4,5 metrdən az olmamalıdır ki, bizim texnikalarımızın rahat hərəkət edərək içəri keçə bilsin. Lakin, bəzən hündürlük elə nəzərə tutulur ki, həmin hündürlük çərçivəsində yalnız yük avtomobillərinin keçməsi mümkündür. Qısası layihələndirmələr elə nəzərdə tutulmalıdır ki, xüsusi təyinatlı yanğın avtomobilləri binanın perimetri boyu istənilən yerə yaxınlaşa bilsinlər və insanlar vaxtında xilas edə bilsinlər. Lakin, çox təəssüf ki, əksər yerlərdə bu, mümkün deyil”. 

Nigar Məmmədova   


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678