Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anarın yubileyi və ya Təhminə – Kəbirlinski – Zaur üçbucağı

156 Baxış

(Yazıçı Anarın 85 illiyinə həsr olunan esse)

2023-cü il Anarın yubileyi ilə yadda qaldı… Hə Anar qocalır… Qırışları, ağaran saçları, yaddaşı… Gözümüzün önündə günü gündən qocalır və bunu təbii hal kimi görüntü olaraq qəbul edirik… Bəs mənən? Fikri, düşüncələri, beynində qurduğu yeni əsərləri… Onlara ki, bu fiziki durumun heç bir dəxli yoxdur. Onlar yaranır və sonradan yaşama hüququ qazanır, düşüncələrə xitab edir.
Məsələn o məhşur Təhminəni bir an yaşlı təsəvvür edək… Qırışları artmış, baxışları müdrikliklə cilalanmış.
Sevgiyə, məhəbbətə də baxışı dəyişmiş amma əsla sevgidən yan keçməmiş… O yenə də Zauru sevir… Amma evlənməsi onu qətiyyən narahat etmir, çünki bilir ki, gedən cismidir ruhu onundur. Təhminə yenə gözəldir… Kamil bir gözəllik ağılla vəhdətə gələrək ətrafa bərq saçır… Qadınlar kişilərdən çox narahatdır, çünki onlara tək gözəllik deyil, ağıl və kamillik də meydan oxuyur. Təhminə yaş ötdükcə daha çox gözəlləşir, gözəlləşdikcə özəlləşir və daha da əlçatmaz olur. Budur, əslində əsl qadının sirri, hamıya çox yaxın görünüb, uzaqlaşmaq!
Sanırsan ki, o çox yaxındadır… Sənindir… Əslində isə aranızdakı məsafə ölçüyə belə sığmır.
Təhminə yaşayır, yaşayır… Hərdən sevgisindən küsəndə siqaretinə sarılır onun tüstüsündə bəzən boğulmaq istəyir… Bu qəhəri içində gizlədə, gizlədə yaşayır… O güclüdür… Zəifliyindən güc alacaq qədər güclü!
Zaur! Onu yaşlı təsəvvür etmək o qədər də çətin deyil… Ən böyük məhəbbətin itkisinə məruz qalan, ruhla cisim arasında var gəl edən bir insan.
İllər Onu da qocaltsa da, əsla Təhminə sevgisi qocalmayıb!
Sosial məişət məngənəsində boğulsa da içindəki Təhminə sağdı… Onu sevir, röyasında belə saçlarını oxşayır… “Bilirsən, Zaur bir də heç kəslə belə olmayacaq deyir”…
İlahi bəzən bir sözdən ruhlanıb dünyanın o başına belə getmək olar. Bircə söz… Səni dəli edən… Eşitmək istədiyin bütün sözlərdən fərqli o SÖZ! Dayan görüm, necə dayanırsan… Uçan quş belə sənin uçan ruhuna həsəd aparar…
Hə ruhun uçacaq qədər sərbəstdi… Cismin isə yerindən tərpənə bilmir.
Ruhunda Təhminəni, cismində isə qeyrisini daşıyan Zaur!

Onsuz da o qədər də cavan olmayan Feyzulla Kəbirlinski bir az da qocalıb… Amma yenə də teatr, sənət sevgisi içindədir. Çünki əlindən başqa heç nə gəlmir. Yenə teatra gedib gəlir… Çünki bura can qoyub. Tanınmaq, şöhrət sahibi olmaq, nüfuz qazanmaq, yeni rollar arzulamaq bunlar gecdi… Həm də sonrakı işdi… Əsas maddi duruma xitab etmək, pensiyanı düşünmək və bütün bunları tənzimləyərək evdəki arvadın dığ-dığından xilas olmaq.
Ara sıra böyük xəyallar qurmaq olar… Feyzulla Kəbirlinskinin düşüncələri də dəyişib… Axı sabit, qarantili bir həyatın nəyi pisdiki. O daha nə ad haqqında düşünür, nə də replika… Olsun.
Hamı öndə olmaz ki…
Oxucu xəyalları da sonsuzdur… Bəzən müəllifinki ilə üst üstə düşmür… Bəzən sevdiyin personajları öz baxış süzgəcindən keçirib yenidən yaradırsan, onu başqa cür yozursan… Bəlkə elə müəllifin də arzusu, qayəsi budur, sənin düşüncə, fantaziyanı işə salmaq.
Hə… Məncə budur!
Anar zamanı öndə görəndir. Anar bizlərdən biridir… Düşündüklərimizi, yaşadıqlarımızı görəndir. Sevəndir! Seviləndir!
Anar bütün düşüncələri ilə həmişə Cavandır!Gəncdir!!

Təranə Feyzullayeva


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678