Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yeni tamaşa – “Yay günü”

210 Baxış

Turanmedia.az xəbər verir ki, Azərbaycan  Dövlət Akademik Milli Dram  teatrında Slovamir Mrojekin  Yay günü tamaşasının premyerası oldu.

Qeyd edək ki, tamaşa aktual bir mövzuya – intihar mövzusuna həsr olunub. İki intihar etmək istəyən insanların bir biri ilə toqquşması, arada yaranan təzadlar, bu təzadlardan doğan yeni ideyalar tamaşaçının marağına səbəb olur. Məlum olur ki, hətta ölüm ayağında belə, uğurlu və uğursuz insan faktoru toqquşur,  və sonda qalib öz növbəti uğurunun təntənəsinə daha da çox  inanır.

Tamaşada rejissor (rej.  Mehman Fətullayev) həlli  maraqlıdır.  Bütün hadisələr yığcam, lakonik şəkildə bir birini tamamlayır,  iri planda kölgə effektlərinin səhnədə görünməsi, uyumlu musiqi seçimi, dekor hər şey tamaşanın baxımlı, yaddaqalan olmasına xidmət edir.

Aktyor oyununu xüsusi qeyd etmək istəyirəm. İstedadlı aktyor Ramin Şıxəliyev öz personajının nəyə qadir olduğunu çox yaxşı bilir. Ən əsası isə bunu tədricən tamaşaçıya göstərir. Tamaşaçı obrazın dərin mahiyyətinə vardıqca, aktyorun təsiri altına tez düşür və səhnədən səhnəyə obraz kamilləşir. Ramin Şıxəliyev illərdir ki, səhnədədir və bir birindən maraqlı rolları özunəməxsus şəkildə tamaşaçısına çatdırmağa müvəffəq olur.

Digər obrazın ifaçısı – Elsevər Rəhimovu  xüsusi qeyd etmək istəyirəm. Gənc aktyor əvvəla səhnəyə çox yaraşır ki, düşünürəm bu da vacib faktordur, ikinci isə öz rolunun öhdəsindən layiqincə gəlir. Aktyor, obrazının məsumluğunu, saflığını o qədər təbiii tamaşaçıya ötürür  ki,  tamaşacı obrazı tez bir zamanda sevir və hadisələrin gedişatını daha maraqla izləyir. Məhz belə istedadlı gənclərin səhnədə olması məncə teatrın gələcəyinin əminliyindən xəbər verir .

Digər gənc aktrisa – Lalə Süleymanova maraqlı performansı ilə yadda qaldı. Aktrisa səhnədə şirinliyi, özunəməxsus koloriti ilə bir qadın obrazını bizə sevdirməyə müvəffəq  oldu desək daha doğru olar.

Düşünürəm ki, yeni tamaşa teatrın repertuarında  öz layiqli yerini tutacaq və ümümiyyətlə bu gün, rejissorların bu qəbildən olan aktual mövzulara səhnədə güzgü tutması həm sevindirici bir haldı həm də labüddür.

Bütün yaradıcı kollektivə uğurlar !

Təranə Feyzullayeva


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678