Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ şərt qoyub: nazirlər razılaşacaq – Sensasion detallar

40 Baxış

Məndə olan məlumatlara görə, ABŞ sülh müqaviləsinin içərisində olduğumuz may ayının sonunadək imzalanmasını şərt kimi Ermənistanın qarşısına qoyub. Çünki artıq Qərb də Ermənistan hakimiyyətinin Rusiya ilə yaxınlaşdığını və oradan gələn təlimatlar əsasında sülhyaratma prosesini əngəlləmək üçün təxribatlar törətdiyini anlamağa başlayıb.

Turanmedia.az xəbər verir ki, bu sözləri Axar.az-a Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqtonda keçiriləcək görüşün sonunda “Yol xəritəsi”nin təsdiqlənəcəyi barədə informasiyalara münasibət bildirən professor Qabil Hüseynli deyib.

Professor artıq Vaşinqtonun təşəbbüsü tamamilə ələ almaq üçün ciddi addımlar atdığını vurğulayıb:

“Hazırda Ermənistanın Rusiyaya qarşı tətbiq olunan sanksiyaları dəlməsi, ona lazım olan məhsulları ərazisindən ötürməsi çox geniş bir miqyas alıb. Qərb Ermənistanın Rusiyaya iqtisadi dəstəyini müşahidə edir və bundan çox narahatdır. Belə təəssürat yaranır ki, Vaşinqton sülhyaratma məsələsində təşəbbüsü tamamilə öz üzərinə götürmək, Ermənistana ciddi təzyiqlər etmək, onun Rusiya ilə əlaqələrini mümkün olarsa bütün sahələrdə minimuma endirmək və ən azından sanksiyalar məsələsində tam dayandırılmasına nail olmaq üçün hərəkətə keçib. Bəzi xarici analitiklərin də vurğuladığı kimi, ABŞ Rusiyanı tamamilə Cənubi Qafqazdan çıxarmaq məqsədilə çox ciddi proqram üzərində işləyir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra isə sözügedən proqramın ardıcıl icrası başlayacaq”.

Qabil Hüseynli nazirlərin üzərində işlədiyi sülh müqaviləsinin detallarından və Rusiyanın prosesə müdaxilə imkanlarından da danışıb:

“Moskva prosesi və bəhs etdiyimiz görüşü əngəlləmək üçün müəyyən cəhdlər etdi, lakin istədiyi nəticə alınmadı. Hazırda isə bununla bağlı öz narazılıqlarını gizlətmir. Çünki Bakı və İrəvan Vaşinqtonda görüşməyə razılıq verdilər. Vaşinqton bu ayın sonunadək sülh müqaviləsinin konseptual əsaslarını, çərçivə sazişini və əsas prinsipial müddəaları xarici işlər nazirləri səviyyəsində razılaşdırmaq fikrindədir. ABŞ Laçında sərhəd-buraxılış məntəqəsinin açılmasına yumşaq formada etiraz etsə də, cənab İlham Əliyev Blinkenə son telefon danışığı zamanı bütün məsələləri təfərrüatlı şəkildə izah etdi. Fikrimcə, ölkə başçısının izahı Vaşinqtonu da qane edib və bu məsələlərə bir daha toxunulmayacaq. Rusiya da artıq bu vəziyyətlə barışıb. Moskva Vaşinqton prosesinin sonunda fakt qarşısında qalacaq. Xarici işlər nazirləri böyük bir ekspertlər heyəti ilə Vaşinqtona gedib. Yəqin bir neçə gün davamlı görüşlər keçirib, yuxarıda qeyd etdiyimiz sənədlər üzərində intensiv işləsələr, sülh müqaviləsinin bütün detalları üzrə razılıq əldə etmək mümkün olacaq. Onsuz da indiyədək onlayn formatda sülh müqaviləsinin bir çox prinsipial məqamları uzlaşdırılıb. Yəqin ki, Vaşinqtonda da sənədin son nöqtələrinədək çox geniş müzakirələr aparılacaq. Nazirlərin oradan hazır sülh müqaviləsi mətnləri ilə qayıtma ehtimalı çoxdur. Bunun ardınca isə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri Vaşinqtona səfər edə və xarici işlər nazirlərinin hazırladığı müqavilə mətnini paraflaya bilərlər. Ən sonda isə ABŞ-da və ya Avropanın hər hansı bir şəhərində Vaşinqton və AB-nin zəmanəti altında sülh müqaviləsinin imzalanma mərasimi baş tuta bilər. Bu ehtimal çox böyükdür. Əgər sülh müqaviləsi imzalansa, bölgəmizdə çox böyük hadisələr baş verəcək. Hər halda Moskvanın oyundan kənar vəziyyətə salınması prosesinin getdiyini desək, yanılmarıq. Prosesin sonunda regionda qalmaq üçün danışıqları bilərəkdən uzadan Rusiyanın əlindən bütün təsir rıçaqları alınmış olacaq. Zənnimcə, Ukraynanın yaxın vaxtlarda başlayacaq əks-hücumunu, Rusiyanın ciddi surətdə başının oraya qarışacağını nəzərə alsaq, prosesin uğurla nəticələnəcəyinə ümid etmək olar”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678