Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Avropanın “Müsəlman məsələsi” və müasir səlib yürüşü

146 Baxış

“Müsəlman məsələsi” bu gün sürətlə Avropada XIX əsrdə hökm sürən “yəhudi məsələsi”nə çevrilir. İslama və müsəlman icmalarına qarşı neqativ münasibət dini dözümsüzlüyü əks etdirir, plüralizmi və demokratiyanı məhdudlaşdırır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə icazə verməsinə cavabında deyib.

O, bununla bağlı məqaləni “Al-Jazeera”ya göndərib.

İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun “Avropa ruhunun xilası” adı ilə sanki bilərəkdən səlib yürüşünü təşkil etdiyini deyərək, bu yanlış hərəkətlərin ekstremizm üçün şərait yaratdığını vurğulayıb.

“İslam peyğəmbərinin təhqir olunduğu karikaturalar və onların sayını dəfələrlə artırmaq “söz azadlığı” deyil. Bu, özü-özlüyündə ekstremist fəaliyyətdir… Özü də nəinki İŞİD, Əl-Qaidə və analoji terror qrupları üçün şərait yaradır, həmçinin bütün İslam dünyasını təhqir edir”, – deyə o bildirib.

“Dini dəyərlərinizi itirdiyiniz üçün başqalarından da bunu istəmək siyasətinizi daha ağıllı və hörmətli etməz. Sekulyarizmin, müasirliyin nə dərəcədə təsir etməsinə baxmayaraq, müsəlmanlar üçün Hz. Məhəmməd ən müqəddəs və hörmətli insan olaraq qalır. Ona hörmət şiddətli ekstremizmlə uzlaşma deyil, mənəvi və siyasi borcdur”, – deyə İbrahim Kalın əlavə edib.

O, bütün dünya müsəlmanlarının dindən manipulyasiya kimi istifadə edən ekstremistləri və terrorçuları şiddətlə tənqid etdiyini deyib, həmçinin, İŞİD, Əl-Qaidə və başqalarının digər qruplaşmalardan daha çox müsəlman qətlə yetirdiyini, İslama ziyan vurduğunu bildirib.

Məqalə müəllifi “Şarli Hebdo”da dərc olunan karikaturaların “söz azadlığı” kimi təqdim olunmasını isə dünya müsəlmanlarının qəlbinə və ağlına təcavüz adlandırıb:

“Bu İslamla Qərb dünyası arasında divarları qaldırmaqdan başqa bir işə yaramır və qarşılıqlı etimadın vacib olduğu dövrdə güvənsizlik hiss yaradır”.

İbrahim Kalın məqalənin sonunda müasir Avropada “müsəlman məsələsi”nin yeni müasir səlib yürüşləri ilə həll olunmayacağını vurğulayıb.

“Bu məsələ daha müdrik siyasət, başqalarına qarşı həqiqi hörmət, ümumi dəyərlərimizə və ümumi gələcəyimizə daha ciddi baxış tələb edir”, – deyə Türkiyə prezidentinin sözçüsü fikrini yekunlaşdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678