Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Toxunulmaz şəxslərlə cinayət əlaqəsinə girir, köçürmələr edir, saxta müqavilələr bağlayırlar”

67 Baxış

“Qanun mütərəqqi qanundur, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının qarşısını alacaq”.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, 1993-cü ildə qəbul edilmiş olunmuş Konstitusiya qanunu var: “Həmin Konstitusiya qanunu varidata təminat verilməsi haqqındadır. Həmin qanunda qeyd olunur ki, Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri, onlarda olan daşınar və daşınmaz əmlakı, pulu, valyutanı və sair varidatı izahat vermədən, deklarasiya və başqa sənəd təqdim etmədən, istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər. Qanun 2 il müddətinə qəbul olunmuşdu, sonra 2 il müddəti çıxarıldı, 1995-ci ilin sentyabrında müddətsiz oldu. 1995-ci ildə biz yeni Konstitusiya qəbul etdik. Yeni Konstitusiyanın 8-ci maddəsində də qeyd olunurdu ki, əvvəlki qanunlar Konstitusiya ilə ziddiyyət təşkil eləmirsə, öz hüquqi qüvvəsini saxlayır. Yəni bu varidata təminat verilməsi haqqında konstitusiya qanunu var. Bu qanunu ləğv eləmədən yeni qanunun qəbul olunması bizim üçün çətinlik yaradacaq. Ona görə ki, Konstitusiya qanunu ilə ziddiyyət təşkil edir”.

Deputat Konstitusiya qanunundan başqa da ciddi problemlər olduğunu deyib: “Biz 2016-ci ildə “Nağdsız ödənişlər haqqında” qanun qəbul etdik. Bu il dəyişiklik etdik və 4 min manatdan artıq nağdsız ödənişlər qadağan edildi. Xatırlayırsınızsa, Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov çıxış elədi və dedi ki, evlərdə 10 milyard dollardan artıq vəsait var. Bundan sonra səhv etmirəmsə, 7 bank da bağlandı. Bir həftə əvvəl oxudum ki, 7 bankın əmlakı hələ indi özəlləşdirməyə çıxarılır ki, bankda pulları batan insanların vəsaitinin bir hissəsi qaytarılsın. İnsanların banka inamı itib. Biz Beynəlxalq Bankı xatırlayırıq, hansısa dələduzlar 10 milyard dollardan artıq vəsaiti dağıtdılar, sonradan xalqın pulları hesabına bankın fəaliyyəti bərpa olundu. İnsanların banka inamı yoxdur, ona görə də insanlar pullarını evdə saxlayırlar. Belə olan təqdirdə yeni qanunla 20 min manatdan yuxarı bütün vəsaitlərlə bağlı banklar tərəfindən müştəri uyğunluğu adı altında sənədlər tələb olunacaq ki, onun mənbəyini göstər. Biz bilirik ki, bu yolla korrupsiyanın qarşısını almayacağıq, əslində korrupsiya daha da çiçəklənəcək. Bunun nümunəsini də göstərmək istəyirəm. Vaxtilə qanun qəbul elədik ki, hər ay heç bir şəxs 30 min manatdan artıq bank hesabından vəsait çıxara, nağdlaşdıra bilməz. Burada kommersiya ilə az-çox əlaqəsi olan şəxslər bilirlər və istənilən sahibkarlardan soruşsanız aydın olacaq ki, o məbləği nağdlaşdırmaqla bağlı heç bir problem yoxdur. Digər toxunulmaz şəxslərlə cinayət əlaqəsinə girirlər, köçürmələr edir, saxta müqavilələr bağlayırlar. Sadəcə olaraq bu zaman qazanclarının 10-15 faizini itirirlər. İndi nə olacaq? Bu, ona gətirib çıxaracaq ki, kimsə ev, avtomobil almaq istəyirsə, notariusa gedəcək, hansısa bankla danışacaq və orada ona deyəcəklər ki, danışdığınız məbləğin 10 faiz artığını verin ki, sizdən evin, avtomobilin pulunu haradan aldığınızı tələb etməyək”.

Qüdrət Həsənquliyev kölgə iqtisadiyyatı ilə bağlı problemə də toxunub: “Yaxşı olardı ki, bura İqtisadiyyat Nazirliyinin nümayəndələri də gəlib, ölkədə kölgə iqtisadiyyatı ilə bağlı problemə aydınlıq gətirsinlər. Bir çox iqtisadçı ekspert bu barədə fikir bildirir. Məsələn, biri kölgə iqtisadiyyatının həcminin 65 faiz, digəri daha çox olduğunu deyir. Bu qədər böyük bir kölgə iqtisadiyyatının olduğu ölkədə müəllimlər repetitorluqla, həkimlər xəstələrin ödədiyi pulla yaşayırlar. Yəni belə bir vəziyyətdə biz bunu bura daxil edəcəyiksə, səmimiyyətlə deyirəm ki, böyük bir narazılığa yol açacağıq. Bizim cəmiyyətimiz, ölkədə mövcud iqtisadi münasibətlər sistemi hələ imkan vermir ki, bu normanı daxil edək. Həm də hesab etmirəm ki, dövlət hazırda bütün vətəndaşlarına şübhə ilə yanaşmalıdır. Biz ora daxil edə bilərik ki, məsələn, şübhə yarandıqda onun mənbələri barədə arayış tələb oluna bilər. Ucdantutma hamıdan bu tələb olunsa, doğru olmaz və ciddi problemlər yaradacaq”.(APA)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678