Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dünənki atışmada dəhşətli fakt: erməniləri kim hazırlayıb?

49 Baxış

Hələ yanvar ayında qazi, ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olan Azay Kərimov Ermənistanla Qarabağı birləşdirən daha iki torpaq yol olduğunu bildirmişdi.

O demişdi ki, o yollardan biri Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxır. Digəri, sanki təbiətin özünün yaratdığı, qışda-yazda belə palçıq olmayan daş avtomobil yolu isə Xankəndidən əvvəlcə Kərkicahan kəndinə, sonra Xəlfəli və Şırlana çıxır: Şirlan kəndindən sağa – Laçının Arduşlu kəndinə, oradan da Laçına getmək olar, sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə – asfalt yola çıxmaq mümkündür. Bu marşrut heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir.

A.Kərimov çağırış edərək, bu yolun keçdiyi kəndlərimizdə hazırda yaşayışın olmamasından ermənilərin istifadə edə biləcəyini demiş və nəzarətə götürülməsi vacibliyini bildirmişdi. Onun sözlərinə görə, həmin yollarla TIR-lar hərəkət edə bilməsə də, “Kamaz”, “Zil” yük maşınları hərəkət edə, UAZ-lar isə kifayət qədər yüksək sürətlə o yolla şütüyə bilərlər: bu yolla silah və ya hərbçi daşınması mümkündür.

Dünən bəlli oldu ki, ermənilər bu yollardan maksimum istifadə edirlər: 70 gündən çoxdur ekofəalların keçirdiyi aksiya sadəcə erməni separatçıların silah-sursat və digər hərbi təchizatında ləngimə yaradır, onu qətiyyən tam dayandırmayıbmış.

***

Rəsmi açıqlamaya görə, Azərbaycan Ordusu dünən erməni separatçıların sözügedən yollardan istifadə ilə silah-sursat daşıdığı haqda məlumat alır və bunun yoxlanılması üçün əraziyə bir qrup əsgər göndərilir. Əsgərlər UAZ markalı maşını saxlayırlar və bu zaman ermənilər atəş açır, iki əsgərimiz şəhid olur; UAZ-da olan 3 erməni zabit məhv edilir, biri isə yaralanır.

Erməni tərəfinin iddiasına görə, məhv edilən zabitlər – polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan, leytenant Ararat Qasparyan və yaralanan David Ovsepyan “artsax” polisinin “pasport-qeydiyyat şöbəsi”nin əməkdaşlarıdır.

Bu “pasport şöbəsinin” əməkdaşları niyə gizli yoldan istifadə edirlər və hara gedirlər? Ermənistana pasport paylamağa?

Ermənilərin iddiasına görə, onlar silah daşımırmış – üzərlərində yalnız tabel silahları olub.

Əvvəla, “pasport-qeydiyyat şöbəsinin” işçiləri niyə “tabel silahı” gəzdirirlər? İkincisi, tapançalı 4 separatçı Azərbaycan Ordusunun təpədən dırnağa silahlanmış əsgərlərinə müqavimət göstərir? Onlara bu cəsarəti kim və ya nə verir?

Bu erməni yalanları üzdə görünəndir. Daha dəhşətlisi var.

***

Toqquşmadan dərhal sonra ermənilər hadisənin yeri, Azərbaycan Ordusunun əsgərlərinin hərəkət istiqaməti, hətta yanlarında itin də olduğunu, əraziyə necə yaxınlaşmasını, daha sonra ora rus sülhməramlıların gəldiyini və s. əks etdirən PUA çəkilişləri və müşahidə kameralarının yaddaşından video-yazıları təqdim etdilər.

Kifayət qədər montaj var: Azərbaycan Ordusu UAZ-ı məhv etmək istəsəydi, saxlatmaz və yaxınlaşmazdı – elə dərhal gülləbaran edərdi. Ancaq əsgərlərimizin maşına yaxınlaşması bir daha təsdiqləyir ki, Ordumuz məhz yoxlamaq istəyib, məqsəd də Şuşanın arxasından – Qaybalıdan keçən UAZ-ın məqsəd və təyinatını aydınlaşdırmaq olub.

Ermənilərin yaydığı videoda kimin birinci atəş açdığı görünmür, əlbəttə ki, həmin hissəni kəsiblər və özlərinə uyğun düzəldiblər.

Ancaq maraqlıdır: Şuşanın düz arxasında erməni separatçıları Azərbaycan Ordusunun az qala addım-addım hərəkət istiqamətini necə müşahidə edir? Onlar hansı PUA-lardan, kameralardan istifadə edirlər? Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlıların nəzarəti altında olan hissəsində erməni separatçıların hər yeri yüksək dəqiqliklə dron müşahidəsində saxlaya bilməsinin sirri nədir?

Əsl dəhşətli fakt budur: belə çıxır ki, əsgərlərimizin UAZ markalı maşına yaxınlaşması, məqsədi və məramı haqda ermənilər artıq əvvəlcədən bilgiyə sahib olublar və hazırlaşıblar. Əsgərlərimiz yaxınlaşarkən erməni separatçı-terrorçu silahlıları “mövqe” seçiblər və ona görə də bu qədər arxayın davrana biliblər.

Separatçılar bu müşahidə qurğularını, ərazini tam nəzarətdə saxlaya bilən PUA-ları hardan və necə alıb?

***

Erməni separatçıları təxribata əl atır, atəş açır, ardınca isə separatçı-terrorçuların “dövlət naziri” elan edir: “orduya (Qarabağdakı erməni silahlı terrorçular nəzərdə tutulur, əslində isə Ermənistan ordusunun hərbi birlikləri də Qarabağ ərazisində qalmaqdadır – red.) istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verilib”.

Adətən ermənilər daha fərqli təbliğat üsullarından istifadə edirlər; onlar indi Azərbaycanın aqressorluğundan cəfəngiyyat danışmalı idilər. Ancaq meydanoxuma görünür.

Səbəbləri var: 2022-ci lin sentyabrında İrandan Xankəndiyə PUA-lar və raketlər ərməğan edildiyi haqda ilk dəfə məlumat yayıldı və əlbəttə ki, bu, ilk deyildi. Bundan öncə İranın Xankəndiyə yanacaq daşıyan onlarla sistern göndərdiyi üzə çıxmışdı. Belə məlum olur ki, 10 noyabr 20020-ci il bəyanatından dərhal sonra İran hərəkətə keçmiş və həm Ermənistanı, həm də Qarabağdakı separatçıları silahlandırmağa, onlara ən müasir PUA və raketlərini verməyə başlamışdı – həm də pulsuz!

2022-ci ilin oktyabr-noyabr aylarında iki dəstə olmaqla, 27 iranlı mütəxəssisin Xankəndiyə gələrək, separatçı-terrorçulara təlim keçdiyi haqda səhih məlumat yayıldı. Hətta o iranlıların pasportlarına qədər tirajlandı. Çox güman ki, bu da ilk fakt deyildi – bundan öncə də iranlı mütəxəssislər Xankəndidə separatçıları öyrətməklə məşğul olmuşdular.

Dünənki hadisənin görüntüləri altında şərh yazan ermənilər də açıq şəkildə meydan oxuyurlar: “Biz artıq 2020-ci ildəki deyilik”, “ordumuz ən müasir texnikadan istifadə edir” və s.

Bu arxayınlığı Ermənistana və Qarabağdakı separatçı-terrorçulara verən qüvvələr var və birmənalı olaraq bu qüvvələrin başında İran dayanır! İran erməni terrorçulara müasir silah-sursat, PUA-lar da verib, təlim də keçib!

Erməni separatçı-terrorçuları isə hazırda daha ciddi təxribatlarda maraqlıdır:

1. Azərbaycan Qarabağın erməni icması ilə danışıqlara başlayıb və Qarabağdakı erməni icmasının Azərbaycana inteqrasiyası gözlənilir;

2. Sülh sazişi hazırlanır və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti belə deyil.

Prosesi Qərb də dəstəkləyir. Bundan narahat olan əsas qüvvə isə Qarabağdakı separatçı-terrorçular və onları himayə edənlər və əlbəttə ki, İrandır!

İran təkcə Ermənistanı iqtisadi-siyasi baxımdan dəstəkləmir; yalnız “Ermənistanın ərazi bütövlüyünü qırmızı xətti” sayıb, barmaq silkələmir, həm də 2020-ci ildə yaranmış yeni reallığı dəyişmək üçün növbəti savaşı qızışdırır.

Axar.az-da dərc olunan sözügedən məqalənin müəllifi hesab edir ki, Azərbaycanın addımlarının sərt olması və antiterror əməliyyatına başlaması, doğru yanaşma olmazdı. Qeyd edilir ki, bütün məkrli qüvvələr elə məhz bunu istəyir və Azərbaycanı savaşa çəkməyə cəhd göstərirlər.

“İndi əsas hədəf erməni separatçıların müşahidə kameraları və PUA-larını tədricən, səs-küysüz sıradan çıxarmaq, bütün ərazidə alternativsiz müşahidəni tam təmin etmək, separatçılara silah-sursat təminatını sonuna qədər kəsmək, sərhəddən bir quşun belə səkməsinə imkan verməməklə paralel danışıqları sürətləndirməkdir.

Deyəsən, Ordumuz elə bununla da məşğuldur: təsadüfi deyil ki, bir neçə gün öncə erməni separatçıların müşahidə kamerası hədəf alınmışdı.

Qarabağdakı separatçılar və onların arxasında duranlar da məhz bundan narahatdır, yaxşı bilirlər ki, kameraların və dronların sıradan çıxarılması ilə paralel, separatçı-terrorçulara hərbi təminatın tam kəsilməsi nəticəsində qısa müddətdə Xankəndidəki terrorçular tükənəcək.

Buna görə də mümkün olduqca təminatı saxlamaq, bu olmadıqda isə toqquşmanın bacardıqca tez baş verməsinə çalışırlar…”, – məqalədə yazılıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678