Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FALÇILIQ: XALQI ALDADAN VƏ ALLAHIN LƏNƏTLƏDİYİ BİR ƏMƏL

61 Baxış

Allahın lənəti falçıların, baxıcıların, sehrbazların, cadugərlərin, kahinlərin üzərinə olsun! Onlara uyanları isə bağışlasın! Amin!

Müasir zəmanə olmasına baxmayaraq, çox təəssüflər olsun ki, bu günləri xalqımız hələ də cahilcəsinə fırıldaqçı falçıların yanına gedir. Falçılıq Allahın müqəddəs Qurani-Kərimdə dönə-dönə lənətlədiyi əməllərdən biri olaraq zikr olunur. Uca Allah-Təala(c.c) “Əl-Maidə” surəsinin 90-cı ayəsində belə buyurmuşdur:

“Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız”.

Uca Allah-Təala(c.c) yenə “Əl-Maidə” surəsinin 3-cü ayəsində “Fal” barəsində buyurmuşdur:

“Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.

Falçılar və yaxud baxıcılar adlanan bu bədbəxt təbəqə belə şeylərin mahir ustasıdırsa, o zaman, özləri üçün bir çarə qılsınlar və ya özlərini xoşbəxt etsinlər. Axı, bu mümkün olmayan bir şeydir. Çünki, aləmlərin Rəbbi hər bir Adəm övladının əvvəl-axırını, həyat gedişatını, taleyini, bədbəxt və ya xoşbəxt olacağını, yoxsul və ya varlı olacağını öz müqəddəs “Lövhi-Məhfuz” adlı kitabında daha əzəldən yazaraq saxlamışdır. Uca Allah müqəddəs Qurani-Kərimdə “Əraf” surəsinin 188-ci ayəsində belə buyurmuşdur:

“De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnət ilə) müjdələyənəm!”

Belə olduğu təqdirdə, xalqı aldadaraq öz cibini dolduran kahin, falçı, cadugər və yaxud baxıcı kimdir?! Allahın bildiyini heç kim bilə bilməz. Hələ Allahın sevimli peyğəmbərləri olan elçilər belə, gələcəkdən və ya qeybdən xəbərdar deyildilər. Əgər nə isə xəbər verirdilərsə də belə, onu yalnız Ulu Rəhmanın izni və göstərişi ilə millətlərə, xalqlara, ümmətlərə bəyan edirdilər. Fala həm baxan və həm də ki, baxdıran – hər ikisi böyük günah sahibidir və Allah tərəfindən hər ikisi üçün Cəhənnəm müjdəsi vardır. Bunu anlamaq bu qədərmi çətindir?! Falçılar avam cəmiyyəti inandırmaq üçün müqəddəs Qurani-Kərimdən istifadə edir. Güya ki, Allahın kitabını açaraq onun içərisində hər hansısa bir kimsənin taleyi haqqında xəbər öyrənib deyirlər. Bu qədər də olmaz da daha! Orada yazılan mübarək sözlər yalnız və yalnız gəlmiş-keçmiş peyğəmbərlərin və insanların həyat hekayələrini, şəriəti, aqibəti, necə yaşamağın lazım olmasını özündə ehtiva edir. Daha orada fərdi şəxs ilə əlaqədar olaraq nə isə qeyd olunmamışdır. Bu, fırıldaqçılığın ən bariz nümunəsidir.

Cadugərliyə gəldikdə isə onu deyə bilərik ki, cadunun gücü haradasa var. Cadugər cadunun gücü ilə kimisə yalnız və yalnız müvəqqəti olaraq bədbəxt və ya xoşbəxt edə bilər. O da ki, insanın saçından, saqqalından, paltarının bir parçasından həyata keçirilir, yaxud da bir insanın çayına, yeməyinə nə isə qatılır. Müqəddəs Qurani-Kərimdə və hədisi-şəriflərdə cadunun gücü ilə bağlı bir çox kəlamlar buyurulmuşdur. Məsələn, bu barədə Həzrəti Məhəmməd peyğəmbər(s.a.s) belə buyurmuşdur:

“Mələklər “Anən” deyilən bulud üzərinə enərək göydə gələcəyə dair qəbul olunmuş qərarları bir-birinə danışırlar. Bu əsnada şeytan onları pusaraq əldə etdiyi məlumatları kahinlərə fısıldayır. Kahinlər isə həmin xəbərlərə özlərindən yüz yalan əlavə edib danışırlar”.

Hətta bir dəfə Peyğəmbərimizə(s.a.s) də cadu olunmuş, o da xəstələnmişdi. Lakin Allahın elçisi olduğuna görə Allah ona şəfa vermiş və Peyğəmbər(s.a.s) sağalmışdı. Cadunun nə qədər gücü olsa da belə, buna baxmayaraq, nə kimisə əbədi xoşbəxt və nə də ki, kimisə əbədi bədbəxt edə bilməz. Ancaq bu əməl ilə məşğul olan adamlar da Cəhənnəm əhlidir.

Bundan əlavə, xalqı da çaş-baş salırlar, insanların pulunu yeyirlər. Cəmiyyətimiz bu cür qeyri-insani hərəkətlərdən əbədiyyən uzaq olsa, heç şəkk-şübhəsiz ki, yaxşı olar. Əlbəttə ki, bunun üçün maariflənmək, savadlanmaq lazımdır. Kimsə kiminsə əməli nə bədbəxt və nə də ki, xoşbəxt olan deyil! Sadəcə olaraq, ortaya müvəqqəti bir fitnə çıxır və həmin bu şeytani fitnə sayəsində ailələr dağılır, bir çox zəhlətökən hadisələr baş verir. Allahdan başqa nə qeybi və nə də ki, gələcəyi bilən ola bilməz, vəssalam!

Odur ki, insanlarımız bu cür səfeh-səfeh şeylərlə məşğul olmaq və ya ona bənd olmaq əvəzinə, üstəlik, əlindəki sonuncu pulu da falçıya və ya cadugərə vermək əvəzinə elə bir olan, hər şeyə qadir olan, hər şeydən agah olan Allaha yalvarıb arzusunu, istəyini ona bildirsin! Heç şəkk-şübhəsiz ki, Allah qəlblərdəkini bilən və duaları qəbul buyurandır!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678